Bakıda arvadını bıçaqlayaraq öldürən şəxs barəsində cinayət işi açılıb.
Lent.az xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
"Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir", - deyə məlumatda qeyd olunub.
***
Saat 06:28
Yanvarın 6-da saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü İlham Həşimov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.