Bakı-Qazax yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.
Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.
***
15:05
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində "KamAZ" markalı yük maşını mikroavtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, xeyli sayda xəsarət alan var.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.