Babadağda itənlərdən YENİ XƏBƏR
08 avqust 2022 10:37 (UTC +04:00)

Babadağda itənlərdən YENİ XƏBƏR

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər tərəfindən baxış keçirilib və orada həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkar olunmayıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

6 avqust, saat 16:01

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

FHN-dən Lent.az-a verilən xəbərə görə, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.

Əlavə məlumat veriləcəkdir.

***

13:35

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA-nın yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər.

Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri görülür.

***

11:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

# 7575
avatar

Oxşar yazılar