Son günlər Dövlət Sərhəd Xidməti 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Lent.az-ın xəbərinə görə, Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə məlumatında qeyd olunub ki, oktyabrın 15-də saat 12:00-da DSX-nın Sərhəd Qoşunlarının (SQ) “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfərin şübhəli hərəkətləri müşahidə olunmuş və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Onun Ucar rayon sakini 40 yaşlı Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib, üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülüb.
Oktyabrın 16-da saat 18:00-da DSX-nın Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən göy rəngli "VAZ 2106" markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb. Neftçala rayon sakinləri, 34 yaşlı Həsənov Yusif Əlifağa oğlu və 38 yaşlı Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.