Feminist Aysel Ələkbərzadənin intahara cəhd etməsi faktı ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar.
APA-nın xəbərinə görə, bu barədə Nurlan Libre özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, həyat yoldaşı Əsli Əlizadə ilə birgə Yasamal rayon Prokurorluğa çağırılıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında feminist gənc, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intahara cəhd edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərib.
A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşıb.
İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.