Biləsuvarda 3900 manatlıq akkumulyator oğurlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Xırmandalı kənd sakini Y.Teymurova məxsus “Kamaz” markalı avtomaşından ümumi dəyəri 560 manat olan 2 ədəd akkumulyator oğurlanıb. Bu barədə zərərçəkmiş özü polisə müraciət edib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub. Bundan başqa onların Cəlilabad və Salyan rayonlarında daha 3 yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumulyator oğurladıqları da müəyyən edilib.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumulyatorları götürərək paytaxt ərazisində satıblar.
Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.