Bakıdan Bakıya qaçqın düşənlər – REPORTAJ - FOTOLENT
04 avqust 2012 15:28 (UTC +04:00)

Bakıdan Bakıya qaçqın düşənlər – REPORTAJ - FOTOLENT

Bir vaxtlar tramvayların baş-başa verib dayandığı bu ərazidə indi çadırlar boy-boya verib. İkinci dəfə ev-eşiklərindən didərgin düşmüş qaçqınlar üçün qurulub bu çadırlar. “Dədə Qorqud”dakı kimi çıxmasın, burda da iki rəngdə çadırlar var: ağ və boz! Amma ağ çadırdakıları da, qaradakıları da bura oğul-qız prinsipi gətirməyib. Onları bura elə oğullu-qızlı, yaxınlıqda yaşadıqları yataqxanada baş verən yanğın gətirib.

19 il əvvəl, qora bişirən bu günlərdə bir dəfə qaçqın düşmüşdülər. Çadır da görmüşdülər. İndi heç 19 yaşı olmayan uşaqları da çadır gördülər. Amma şükürlər olsun ki, bu dəfə ki çadırlara yetişənəcən ötən dəfəkindən fərqli itirdikləri ancaq keçmiş tələbə yataqxanasının darısqal otaqları oldu.

***

…Boynunu büküb, yanmış mənzilinə baxır. Özü isə çömbəlib oturub.

- Keçmiş olsun.

Siqaret istəyir.

- Niyə yandı ki, bina?

- Nə bilim, yandı da. “Tokdan” yanıb deyirlər. Yanacaq da? Bura baxın?

Əli ilə yanan binanın duz böyründəki başqa bir yataqxana binasını göstərir.

- Hörümçək toruna oxşayır bu elektrik naqilləri. Neçə dəfələrlə demişik “Qaçqınkom”a ki, gəlin bu xətləri düz-əməlli düzəldin. Heç kimin vecinə olmayıb. İndi durub gəliblər ki, siyahı tuturuq, kim nə qədər zərər çəkib, nə bilim nə. Nəyimə lazımdı bu siyahı? Evimdən bir iynə də çıxara bilməmişəm.

***

Binanın isə yarısı yanıb. FHN-in yanğınsöndürən maşınları vaxtında gəlib çıxmasaydılar bütün bina alova qərq olacaqmış. Binanın yanmayan hissəsində hələ də yaşayış var. Binanın yanan hissəsinin sakinləri isə yaxınlıqdakı tramvay parkında onlar üçün salınmış çadır şəhərciyinə sığınıb. Bu beşmərtəbəli binada 40 mənzil yanaraq külə dönüb. Parkda isə məcburi köçkünlərin müvəqqəti yaşaması üçün 30-dək ağ və boz rəngli çadırlar qurulub. Sakinlərlə söhbət zamanı məlum oldu ki, binanın yanan hissəsi qısa bir vaxtda təmir olunacaq və məcburi köçkünlər yenidən öz mənzillərinə qaytarılacaq. Amma hələ ki burdadırlar, çadırlarda...

***

Biz bu kiçik çadır şəhərciyinə girər-girməz qaçqınlar Binəqədi rayon İcra Hakimiyyətinin qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədovu dövrəyə aldılar. Şöbə müdiri nəfəsini dərməmiş suallar yağmağa başladı:

- Biz yeddi nəfərik, dördümüzü qeydə alıblar. Niyə?

- Mənim üç uşağım var, ikisinin adı bu siyahıda niyə yoxdur?

- Çadırda dayanmaq mümkün deyil. Arvad-uşaq hara getsin?

Əzizağa müəllimin isə bir cavabı oldu: “Düzələcək”. Bu cavab isə deyəsən qaçqınları qane etmirdi. Arada əsəbi vəziyyət də yaranmışdı. Vəziyyətdən çıxış kimi təklif olundu ki, Vüsal müəllimi gözləsinlər - Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Vüsal İsmayılovu…

***

İnsafən şəhərcikdə səliqə-sahman var. Amma çadırların asfaltın üstündə qurulması içəridə istinin hərarətini dözülməz edir.

Cahid Kərimovun boz çadırındayıq. Ağdam qaçqınıdır Cahid. Ümumiyyətlə, adı gedən yataqxanada məskunlaşanların əksəriyyəti Ağdam və Fizulidən olanlardır. Cahid deyir ki, sübh tezdən az-çox yata bilirlər. Çünki içəridə durmaq mümkün deyil.

- Üç dənə çarpayı qoyublar 4 nəfərə. “Qaçqınkom”dan gələn adamlara deyirik ki, biz dörd nəfərik, bu üç yerdə necə yataq? Deyirlər ki, siyahıda üçünüzün adı var. Nə həyat yoldaşım Nəzakət Kərimovanın, nə də oğlum Rahidin adı siyahıda yoxdur. Hələ mən bu iki aylıq körpəni demirəm. Dünəndən gözünə yuxu getmir bu uşağın. Hamısı da istidən. Yatdığı indicədir.

Çadırdakı çarpayıların üstündə mışıl-mışıl yatan və hər şeydən xəbərsiz Duyğunu bayırdakı səs-küy oyatdı. Sən demə, Fizuli rayonundan olan qaçqınlardan birinin sənədləri mənzili ilə birgə yanıb. Onun adı ümumiyyətlə siyahıda yoxdur. Əzizağa müəllimlə mübahisə də həmin ailə başçısı olan gəncə kömək etmədi. Ona bircə cavab oldu ki, icra nümayəndəniz yoxdur buralarda. Fizulidən məsul olan nümayəndə isə doğrudan da yox idi. Və qaçqın həmyerliləri dünəndən onu axtarırdılar...

***

Burda çadırlar nömrələnib. Nömrələr fərqli olsalar da, dərd və problem eynidir. Təsəvvür edin, indi oxuyacağınız bu şikayəti demək olar ki, hər çadırda eşitdik: “Çadırlar asfaltın üzərində qurulduğundan yata bilmirik, gecə səhərəcən çadır od tutub yanır. Əvvəlcə dedilər ki, sizlərə kondisionerli çadır verəcəyik. İndi hər çadıra bir ventilyator veriblər, o da işləmir gün boyu. Çünki işıq yoxdur. Gəlin, gəlin bura, görün onca dəqiqə burda dayana bilərsiniz? Adamın bağrı çatlayar”.

Binəqədi rayon icra hakimiyyətinin qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədov isə işıq məsələsinə aydınlıq gətirir:

- İşıqlar kəsilmişdi. Texniki problem yaranmışdı. Dünən altı-yeddi saat olmayıb. İcra başçısı göstəriş verib, daha işıq sarıdan problem olmayacaq.

Çadırlarda problem təkcə ventilyator olsaydı nə vardı? Oturmağa adi stol-stul belə yoxdur. Nə də hansısa qab-qacaq. Amma yemək problemi həll olunub. Söhbətləşdiyimiz adamlar deyir ki, gündə üç dəfə yeməklə təmin olunurlar. Yemək FHN-in səyyar mətbəxində hazırlanır. Keyfiyyətindən də şikayətçi deyillər.

Adının çəkilməsini istəməyən FHN mayoru yeməkdən dadmağı təklif etdi:

- Əgər istəyirsinizsə, təkcə siz yox, bütün jurnalistlər baxa bilərlər. Öz gözünüzlə görün. Lap yeməkdən də yeyin. Mən bundan artıq heç nə deyə bilmərəm...

***

Çadır şəhərciyində feldşer məntəqəsi də fəaliyyət göstərir. Çadırda olarkən həkimlər bir nəfərə tibbi yardım göstərirdilər. Söhbətləşdiyimiz tibbi işçiləri deyir ki, insanlar əsasən qan təzyiqindən şikayət edirlər.

- Bunun bir səbəbi isti hava şəraitdirsə, digər tərəfdən də onların keçirdiyi stressdir. Başqa şikayəti olan yoxdur. Mədə-bağırsaq infeksiyası ilə balı da müraciət edənlər olub. Amma tək-tük. Dərman preparatları sarıdan da hər şey normal vəziyyətdədir.

***

Yenidən qaçqınların yanına qayıdırıq. Onlarla söhbətdə məlum oldu ki, bir qədər əvvəl qaldıqları yataqxanaya qayıtmaq istəmirlər.

- Ora o qədər su vurublar ki, divarlar çat-çat olub. Divar adamın üstünə gəlir. O his-pas da oradan gedən deyil. Bir də kim zəmanət verə bilər ki, bina bir də yanmayacaq?

Bu məqamda onlar əslində haqlıdırlar. Söhbət ondan gedir ki, bu binada bir neçə dəfə belə hadisələr olub. Özü də çox vaxt da qısa qapanmadan. Bundan sonra baş verməyəcəyinə də zəmanət verən yoxdur. Söhbət həm də ondan gedir ki, binanın elektrik naqilləri bir-birinə sarmaşıq kimi sarılıb. Çoxu da köhnədir. Yay aylarında isə ümumiyyətlə əlavə yüklənmədən qızır. Söhbətləşdiyimiz insanlar deyir ki, vaxtı ilə burda qaz olub, sadəcə “Qaçqınkom” hansısa səbəbdən qazı kəsdirib - hər şey elektriklədir. Yüklənməyə səbəb də budur.

Yanğınla bağlı qaçqınlara deyilənlər isə onları az qalıb ikinci dəfə yandırsın. Hansısa ağzıgöyçək xırda məmur onlara deyib ki, binanı siz özünüz qəsdən yandırmısız. Hə, təəccüblənməyin. Onlara elə beləcə də deyiblər. Dalınca da deyiblər ki, təzə binalara köçmək istədiyinizdən belə etmisiniz.

Özünü Sərdar kimi təqdim edən qaçqını da yandıran budur.

- Mən evimdən bircə əski parçası da götürə bilmədim. Televizorum, soyuducum, xalça-palaz yanıb kül oldu. Quru canımızı götürüb çıxdıq. Bunlar da utanmazcasına deyirlər ki, binanı qəsdən yandırmısız. Adam da oturduğu yeri, yaşadığı yeri yandırar?

***

Yanğın yataqxana qaçqınlarına doğrudan da böyük ziyan vurub. Bu ziyanın ödənilməsi üçün isə Nazirlər Kabineti vəsait ayırıb. Avqustun 2-də Nazirlər Kabineti yanğından zərər çəkmiş 32 məcburi köçkün ailəsinə birdəfəlik maddi yardım göstərilməsi ilə bağlı sərəncam verib. Sərəncamda deyilir ki, ailə tərkibi bir nəfərdən ibarət olan ailəyə 1000 manat, 2 nəfərdən ibarət olan ailəyə 1800 manat, ailə tərkibi 3 və daha çox olan ailənin hər bir üzvünə isə 800 manat birdəfəlik maddi yardım göstəriləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədirovun sözlərinə görə, yardım bu gündən paylanmalıydı. Amma biz çadır şəhərciyində olanda hansısa yardımdan söhbət gedə bilməzdi. Qaçqınlar isə “Qaçqınkom” “deyib dad döyürdülər. Çünki nə düz-əməlli siyahı hazırlanmışdı, nə də “Qaçqınkom”un nümayəndəsi ortada görünürdü. Elə qaçqınları əsəbiləşdirən də bu idi.

***

Amma günortaya yaxın Binəqədi rayonu rəsmiləri şəhərciyə gəlib çıxdılar. Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bir-bir çadırları gəzib onların vəziyyəti ilə maraqdandı. Yenə ənənəvi şikayətlər. İsmayılov vəziyyətin düzələcəyini vəd edərək bildirdi ki, havalar soyuyanadək onlar yenidən həmin binaya, öz mənzillərinə qayıdacaqlar.

Vüsal İsmayılov Lent.az-ın müxbiri ilə söhbətində onu da dedi ki, hazırda 114 nəfər bu çadırlarda yaşayır. “Burda 33 mənzildə məskunlaşmış ailələr yerləşdiriliblər. Onların bütün tələbatları ödənilir. Yanan bina isə qısa müddətdə təmir ediləcək, mənzillər əvvəlkindən də yaxşı vəziyyətə gətiriləcək. Qəzanın baş vermə səbəblərinə də bir azdan aydınlıq gəlməlidir. Güman edirəm ki, yaxın zamanlarda çadırda məskunlaşanlar öz mənzillərinə köçə biləcəklər” - deyə, o, bildirdi.

***

Çadır şəhərciyini tərk edəndə tramvay parkının girəcəyində əyləşmiş ahıl bir kişiyə keçmiş olsun deyib aralanmaq istədik.

- Deyəsən bu qaçqınlıq bizim alnımıza yazılıb axı, görən burdan hara köçəcəyik?

Ən yaxşısı Ağdama…Yox, bu mənim cavabım deyildi. Sadəcə yazını bitirmək istəyirdim…

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1597

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10