Əfşar Süleymani: “Bir səhvdi, eləmişəm...” - MÜSAHİBƏ
07 oktyabr 2010 12:58 (UTC +04:00)

Əfşar Süleymani: “Bir səhvdi, eləmişəm...” - MÜSAHİBƏ

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani və jurnalist Şəmsiyyə Bəylərqızı arasında dava-qalmaqal uzun müddətdir ki, davam edir. Sabiq səfir Şəmsiyyə Bəylərqızının onun etimadını qazandığını, sonradan hakimiyyətdəki müəyyən insanlarla münasibəti sayəsində Azərbaycanda böyük biznes layihələrində iştirak etməyi arzulayan biznesmenlərin iştirakına şərait yaradacağı barədə vəd verdiyini və sabiq səfirin tanışlarının, özünün böyük həcmdə pulunu mənimsədiyini söyləyir. Şəmsiyyə Bəylərqızı isə bununla razılaşmır, Əfşar Süleymaninin onunla ər-arvad münasibətində yaşadığını, hətta ondan bir övlad dünyaya gətirdiyini bildirir. Əfşar Süleymani isə uşağın da ondan olmadığını deyir. Bu dava-qalmaqal artıq məhkəmə müstəvisində araşdırılır.
Hazırda Bakıda olan sabiq səfirlə əlaqə yaradıb, suallarımızı ünvanladıq…

- Sizinlə bağlı Nəsimi Rayon Məhkəməsinin atalıq hüququnun təyin edilməsi ilə bağlı qərarı var. Nə üçün atalıqla bağlı testdən keçərək bu söhbətə birdəfəlik son qoymursunuz?

- Mən birinci Şəmsiyyə Bəylərqızından şikayət etmişəm, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Orada 20-yə yaxın sənədin saxta olduğu barədə etiraf edib, protokol imzalayıb. Sonra da deyib ki, o protokolu qorxumdan imzalamışam. Bəs o sənədlərə nə deyir?
Nəsimi Rayon Məhkəməsində proses də məhz həmin dövrdə olub. Mən Bakıda ola-ola Nəsimi Rayon Məhkəməsinə dəvət olunmamışam, məhkəmə qiyabi hökm verib. Əgər məhkəmə məni dəvət edibsə, bu barədə məni xəbərdar edibsə, bu məhkəmənin tarixindən, saatından xəbərim varsa, mən Şəmsiyyə Bəylərqızı ilə bağlı şikayətimi geri götürməyə hazıram.

Şəmsiyyə Bəylərqızı da orada-burada reklam edib, efirə saxta şəkil verib. Montaj edərək üç nəfərin şəklini verib. Onların hamısı saxtadır və bunu BMCMİ-də də etiraf edib. İkinci məhkəmədə isə mən Azərbaycanda olmamışam. Mən sonra gəlib Fəxrəddin Mehdiyevi vəkil tutmuşam, vəkilə də etibarnamə vermişəm. Sonra vəkilə deyiblər ki, burada sənin imza hüququn yoxdur. Əslində imza hüququ varmış, etibarnamə indi də qalır, sizə göstərə də bilərəm. Vəkilin də sözünə baxmayıblar. Mənim də problemlərim olub, Azərbaycana gələ bilməmişəm. İndi vaxtım oldu, gəldim. Apelyasiya Məhkəməsinə şikayət verəcəyəm. Hazırda BMCMİ-də də saxta sənədlərlə bağlı araşdırma aparılır. Bunlardan biri də evlilik sənədidir. Bir yerdə sənəd verilibsə, bir yerdə mənim imzam olubsa, ekspertizadan keçsin. Şəkil, kəbin kağızı və digər sənədlərin ekspertizadan keçməsini istəyirəm.

Qaldı ki, pul mənimsənilməsi ilə bağlı məsələyə. O insanlar pullarını mənə etibar ediblər, mən də onları Şəmsiyyə Bəylərqızına təqdim etmişəm. Mən onun Ziya Bünyadov küçəsindəki evlə bağlı fırıldaqçılığından da dəfələrlə danışmışam. O ev mənim idi. Şəmsiyyə Bəylərqızı o evi dostunun adına keçirib, onunla icarə müqaviləsi bağlayıb. Bunu da bir sənəd kimi verib. Sonra da o evi qaytartdırmışam. BMCMİ-də imzaladığı protokolda evin qaytarılacağı öhdəlik götürüb və bir ay sonra, 2008-ci ilin noyabr ayında evi geri qaytarıb. İmzaladığı protokolda beş ay müddətində də mənimsədiyi pulları geri qaytarmaq barədə də öhdəliyi vardı, amma pulların bir qismini hələ də geri qaytarmayıb. Bu qadına kimlər kömək edib, bilmirəm. Mən onun təqdim etdiyi, mətbuatda göstərdiyi sənədlərin hamısının ekspertizadan keçməsini istəmişəm. Qoy, Azərbaycanın hüquq-mühafizə orqanları məsələyə baxıb, ekspertiza nəticəsində qərar qəbul etsinlər. Məndə başqa sənədlər də var. Gözləyirəm ki, indiyə kimi olan o sənədlər də aydınlaşdırılsın, əlimdəki sənədləri də verəcəyəm. Onun yazdıqları, etdikləri ilə bağlı bütün sənədlər əlimdə var. Bu iş mətbuatla həll olunmur, amma o aranı qarışdırmaq istəyir. Mən sonuncu dəfə abrıma görə güzəştə getdim. İstədim ki, bu məsələ səs-sədasız həll olunsun, camaatın pulunu versin, mən də çıxıb gedim.

- Siz nə etməyə qərar vermisiniz?

- Bizdə bir söz var. Deyir ki, başının üstündən su keçdi, fərq etməz bir, ya əlli qarış. Mən ona güzəştə getmişdim, pul verən insanlara əlimdə olan nəyim vardı, satıb ödəmişdim. İndi mən onların hamısını istəyirəm, tələb edirəm. Şəmsiyyə Bəylərqızı özü hakimiyyət adamlarının arxasınca danışıb. O, məni kitab yazmaqla inandırmışdı, kitabların Beynəlxalq Mətbuat Mərkəzində təqdimatını keçirmişdi. Demişdi ki, onun rəhbəri olduğu QHT Yaponiyadan dəstəklənir. Sonra gördüm ki, hamısı yalandır.

Çox maraqlıdır ki, mən burada ola-ola məhkəmədən xəbərim olmayıb. Məni məhkəmə prosesinə dəvət etməyiblər. İndi də mən gəlib hamısını istəyirəm. O da başlayıb orada-burada arxamca danışmağa…

Mənim qanun qarşısında boynum tükdən nazikdir. Bütün sənədlərin ekspertizadan keçirilməsini, araşdırılmasını istəmişəm. Mənim Azərbaycanda olmamağımdan istifadə edib, yalanlar danışır. Deyir ki, İranda ondan boşanmaq istəyirəm. Məgər o mənim həyat yoldaşım olub ki, indi də boşanmaq istəyə? O İran məhkəməsinə haradan müraciət edib, yalan niyə danışır? Əfşar Süleymaninin arvadını boşadığını söyləyir. Niyə yalan danışır?

- Şəmsiyyə Bəylərqızı deyir ki, onda sizin spermanız var. Bu, düzdür?

- Burada cinayət tərkibi var. Mənim problemim olub, bir yerə getmişəm. Nəyi oğurlayıb, oğurlatdırıb, hamısını sənədləşdirəcəyəm. Mənimlə bağlı olan məsələ ona aid deyil. Gərək mənim bir yerdə imzam ola ki, bu qadın mənim arvadımdır.

- Deməli, siz istisna etmirsiniz ki, o, sizin spermanızı ələ keçirmiş ola bilər?

- Ola bilər. Bu adam bu qədər pul oğurlayıb, bu qədər sənəd saxtalaşdırıb, spermamı da oğurlaya bilər, istisna deyil. Amma mən istəyirəm ki, qanunla onların hamısını üzə çıxarım. Elə bil ki, mənim başqa bir hesabımda pulum var, başqası götürüb. Bunların hamısı aydınlaşdırılmalıdır. Bu, elə sadə məsələ deyil. O qadın hər yerdə hansı işləri görüb, hamısı ilə bağlı saxta sənədləri vermişəm və o sənədlərin ekspertizadan keçirilməsini tələb edirəm. Ona bilər ki, mənim maşınımı da, pulumu da, o cümlədən canımla bağlı bir şeyi oğurlasın. Bu dünyada uşağı oğurlayır, sonra onun böyrəyini də çıxarırlar. Hər şey ola bilər. Amma bir yerdə mənim bir imzam varsa ki, bu qadınla ər-arvadam, uşağım olub, onun təsdiqini istəyirəm. Şəkli, kəbin kağızını, hər şeyi saxtalaşdırıb. Bu, böyük mütəşəkkil dəstədir, nədir, gərək hamısı bilinsin.

- Əfşar bəy, necə hesab edirsiniz, təcrübəli diplomatın belə bir olay yaşaması nə deməkdir?

- Şəmsiyyə Bəylərqızı birinci kitabı yazanda mən səfir idim. Səfirliyə gəlib məndən müsahibə alıb. Səfirliyin də mətbuat şöbəsinə demişəm, materialları verib. O qadın həmin materiallardan kitab yazıb. Mən 2006-cı il martın 11-dən səfirlikdən ayrılmışam. Sonra o mənə təklif edib ki, müsahibələr edək, onu xatirə şəklində çıxarım. Deyirdi ki, QHT var, yaponlar dəstəkləyir. Sonra bu kitabların təqdimatını keçirib, olmayan QHT adından mənə fəxri diplom verib, boynuma medal taxıb. Hamısı saxta imiş.
Mən səfir olan, diplomatik fəaliyyətlə məşğul olan vaxtın sonlarında Şəmsiyyə Bəylərqızına 2-3 dəfə müsahibə vermişəm, o da gedib yazıb. Kitab təqdimatından sonra da hakimiyyətdə bir sıra insanlarla əlaqəsinin olduğunu söyləyib. Mən o zaman səfir deyildim. Səfirlik müddətim bitmişdi, oğluma görə burada qalmışdım, gözləyirdim ki, universitetin birinci kursunu bitirsin, onu Tehrana aparam. O zaman Şəmsiyyə Bəylərqızı iş birliyi təklif etdi. Dedi ki, adamlar gəlsin, iş görsünlər. Mənim tövsiyəmlə ona pul verən insanların hamısını aldatdı.
Onun yazdığı 7 kitaba inanmışam. Mənim böyük səhvim odur ki, deyib yazıçıyam, kitab yazıb, pul da istəməyib, mən də ona inanmışam. Əgər o məndən kitaba görə pul istəsəydi, verməyəcəkdim. Amma deyib ki, bu kitabları yaponların dəstəyi ilə çıxarır. Mən diplomat kimi məzuniyyətdə olduğum, sonra da təqaüdə çıxdığım zaman ona xatirələrimi danışmışam. Amma mən hər halda keçmişdə səfir olmuşam və baş verənləri də özümə sığışdırmıram. Mən etiraf etməliyəm ki, aldadılmışam. Dünyadır, həyatımda səhv etməmişdim, bir səhv etdim. Sadəcə, inandım, səhvim də bu oldu. Çox peşmanam ki, belə bir insana inanmışam. Hüquq-mühafizə orqanlarından, qanundan da istəmişəm, Allah da onun cəzasını verəcək. Mən belə insanı heç bir yerdə görməmişdim.

- BMCMİ-də cinayət işi ilə bağlı məsələ nə yerdədir, bu yaxınlarda müstəntiqlə görüşübsünüzmü?

- Müstəntiqlə görüşmüşəm, sözümü deyib, sənədləri də vermişəm. Ekspertiza olunmasını tələb etmişəm. Onu da çağırıblar, proses davam edir. Suallar olsa, mən cavab verməyə hazıram. O biri işlə bağlı da Apelyasiya Məhkəməsinə müraciət etmişəm, nəticəni gözləyirəm.

- Şəmsiyyə Bəylərqızı yaxın oturduğunuz, az qala qol-boyun olduğunuz şəkillərinizi mətbuata təqdim edib, buna nə deyirsiniz?

- Mən hara getmişəm, 2-3 nəfər adam onun yanında olub. O vaxt məzuniyyətdə olmuşam, zamanım çox olub. Yanımızda adam, yaxud mənim sürücüm olub, getmişik. Şəkli kim çəkib? Havadan çəkilməyib, biri çəkib. Uşaqla göstərdiyi şəkli montaj edib, heç 2,5 ilə yaxındır ki, mən onu görmürəm.

O mənim yanıma ilk dəfə QHT adı ilə gəlib, sonra da bilmişəm ki, bu QHT yox imiş. Həmin qadın planlaşdırılmış şəkildə yanıma gəlib. Sonra da gəlib ki, bir şəkil çəkdirək. O şəkillər çəkiləndə orada 3-5 nəfər olub. Amma o, bundan sui-istifadə edib. Şəkilləri ya sürücü, ya da yanımızda olan digər şəxslər çəkib.

Şəmsiyyə Bəylərqızı belə işlərinə görə 2-3 il həbsxanada qalıb. Mən bunu bilməmişəm. 7 kitab yazmağına inandım. İnşallah, Allah özü həll edər.

- İndi nə işlə məşğulsunuz, bu dövrü necə keçirirsiniz, Bakıda necə yaşayırsınız?

- Problemlər vardı, İrandan gələ bilmirdim. İndi bu işə görə Bakıya gəlmişəm. Bir məqamı da qeyd edim. Mən Şəmsiyyəyə zəng etmişəm, deyib ki, pulu hakimiyyətin adamları alıb. Demişəm ki, yaxşı, qoy mən gəlim, kömək edim. Deyim ki, qardaş, bu məsələ bizim tanışlara aiddir, bu problemi həll edin. Deyib ki, yox, sən gəlsən, məni tutarlar, sən məni tutdurmaq istəyirsən? Dedim ki, səni niyə tutdurum? Demirsən ki, Azərbaycan hakimiyyətində təmsil olunan bu insanlar pul “atıb”?! Mən də gəlim, o insanlardan xahiş edim. Nəzərlərinə çatdırım ki, bu, mənə aid olan məsələdir, xahiş edirəm, həll edin. Amma yalan deyir axı, heç bir hakimiyyətlə bağlılığı yoxdur.

Mənim ömrümün 10-15 ili Azərbaycanla bağlıdır. Bu cür qadınlar fırıldaqla məşğul olan vaxtlarda mən soyuqda, yatmırdım-dincəlmirdim ki, Naxçıvanın problemlərini həll edək, İran dövləti müqavilələri bağlayırdıq. Mən İran dövlətinin məmuru olmuşam, amma ürək yanğısı ilə çalışmışam ki, Azərbaycanla münasibətləri daha da yaxınlaşdırım. Şəmsiyyəyə demişəm ki, məni tanıyırlar, gəlim. Sonra da mənə dedi ki, Gürcüstandayam, sən məni tutdurarsan. Demişəm ki, niyə tutdurum, bu problemin həlli yolu var, camaat pulunu istəyir, ayıbdır. Son da mən gəlib şikayət etmişəm, demişəm ki, onu tutub məsələni həll edin. Onu tutub gətiriblər. Protokol da imzalayıb, pulların bir qismini qaytarıb. Mən özümün verdiyim pullardan keçmişəm. Sonra da yeni oyunlara başlayıb.

Əgər uşaq məsələsi vardısa, mən Bakıda ola-ola məhkəməyə niyə çağırılmamışam? Mən çağırılmadan məhkəmə keçirilir, qərar çıxarılır. Həmin məhkəmə də o vaxt keçirilib, Şəmsiyyəni BMCMİ-ə gətiriblər və o da saxta sənədlərlə saxtakarlığa yol verdiyini etiraf edib. Sonra mən işi dayandırdım, dedilər ki, qoy işi həll edək. Çoxlu sənədlər vardı, onları vermədim. Bu dəfə gəlib həmin sənədləri vermişəm. Ancaq o zaman məhkəmə keçirir, məni məhkəməyə çağırmırlar hökm verirlər. Bu qadın isə protokol imzalayır. Əgər o qadının sənədləri düz idisə, BMCMİ-də üzə çıxaraydı. Deməli, vaxt lazım imiş ki, həmin saxta sənədləri düzəltsin. Şəmsiyyə protokol imzalayır ki, beş aya pulları və evi qaytaracaq. Ancaq məqsədi bu imiş ki, uşaq haqqında sənəd düzəltsin, sonra da üzə çıxarsın və məni də bununla çəkindirsin. BMCMİ-dən vaxt alıb, o müddətdə bu işləri görüb...

Ramiz Mikayıloğlu

P.S. Şəmsiyyə Bəylərqızının da qarşı tərəf olaraq mövqeyini yayınlamağa hazırıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10