“Barmağımı kəsib, Təhməzin ovcuna qoydum...” – MƏHBUS DRAMI
08 iyun 2010 18:15 (UTC +04:00)

“Barmağımı kəsib, Təhməzin ovcuna qoydum...” – MƏHBUS DRAMI

Keçmiş polis, Qarabağ döyüşçüsü dəhşətli cinayətkara, qorxunc qatilə necə çevrildi?
...Boyu 193 santimetr, çəkisi 118 kiloqram, özü isə kifayət qədər cəsarətli olan bir nəfəri təsəvvür edirsinizmi? Bu adamla Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində iki saatdan çox söhbət elədim. Yaşadıqlarını, daha dəqiqi, başına çox maraqlı hadisələri danışdı mənə. Əslində onun yaşadıqlarından roman da yazmaq olar. Hələliksə, kiçik hekayət yazıram...

Dosye: X.H., 1969-cu ildə Azərbaycanın ucqar bir dağ kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1987-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti 1989-cu ildə başa vurub. Daxili Qoşunların tərkibində polis işləyib. Dağlıq Qarabağ müharibəsində dörd il döyüşüb. Müharibə illərində məşhur Başkənd əməliyyatının iştirakçısı olub. Düşmən tərəfdən bir erməni başı (!) gətirib və iki nəfər əsir götürüb. Rəsmi olaraq “Müharibə veteranı” adı alıb-almamasından xəbəri yoxdur. 1994-cü ildə polis sistemindən öz ərizəsilə çıxıb. Ailəlidir, iki oğlu var. Hazırda Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.


Moskvaya – qazanıb müflisləşmək üçün


Polis sistemindən könüllü çıxmasının səbəbkarı dostunun Moskvada biznes qurması olub. Dostu X-ya deyir ki, bəs sən də gəl bir yerdə işləyək, yaxşı qazanacaqsan. O da yollanır Moskvaya. Həqiqətən də dostunun dediyi kimi olur, işi alınır, yaxşı qazanırlar. X. Qazaxıstanın Çinlə sərhədinə gedir, oradan Çin istehsalı olan geyim əşyaları alır, onları maşına yüklətdirir, sonra da Moskvaya dönürdü. Artıq həyat yoldaşı və iki oğlunu da Moskvaya gətirmişdi.

Həmin vaxt X.-nın tanıdığı yəhudilər Çin mallarını Qazaxıstan sərhədindən deyil, birbaşa Çindən gətirərmiş. O da belə edir. Çünki birbaşa Çindən malı daha ucuz almaq, bununla da daha çox pul qazanmaq mümkün idi. Çinə gedir. Orada məşhur milyarder Telman İsmayılova məxsus daşıma şirkətinin yük maşınlarına mal vurub Moskvaya göndərir, burada isə malları dostu qarşılayır, satırdı. Həmin vaxtlarda X. iki, bəzən üç ay Çində – Urumçidə qalırdı.

Biznesi həmişə uğurlu olmur, bir-iki dəfə ziyana düşür. Ancaq yenə də işini davam etdirir.

Sonralar biznesini daha da genişləndirir, özü də təkbaşına: Çinin paytaxtı Pekinə gedir. Artıq buradan malları yük maşınlarıyla yox, təyyarəylə göndərməyə başlayır.

1997-ci ildə dolların kursu qəflətən dəyişir: 1 dollar 6 min rubldan, 17 min rubla qalxır. Bu zaman varlananlar da olur, kasıblayanlar da. X. ziyana düşənlərdən olur. Ancaq yenə işini davam etdirir. Sonra isə... tamam müflisləşir.

Dörd adamı öldürmə planı

Onun vəziyyətindən xəbər tutan tanışları Eldar və Arif onu Alma-Ata şəhərinə dəvət edir ki, gəl burda bir yerdə işləyək. O, dəvəti qəbul edir və tanışlarıyla birlikdə yük daşınması şirkətində işləyir. Onlarla birlikdə Cəlal adlı başqa bir azərbaycanlı da çalışırdı. Birlikdə Urumçidən mal gətirməklə məşğul olurlar.
Günlərin birində Eldar deyir ki, Urumçidə bizim şirkət kimi bir şirkət açılıb, onlar ucuz işləyir: “Bizim 100 dollara gördüyümüz işi onlar 10 dollara edir. Belə getsə biz “bankrot” olacağıq”. Sonra da təklif edir ki, gəlin o şirkətin quranları “aradan götürək”. Şirkəti quranlar da elə dörd nəfər azərbaycanlı imiş. Eldar deyir ki, gəlin gedək Urumçiyə, hərəmiz onlardan bir nəfəri öldürək, qayıdaq yenə Alma-Atada işimizlə məşğul olaq.
X. mənimlə söhbətində deyir ki, bu işə razı olmayıb: “Ancaq həmin dörd nəfərdən biri olan Təhməz vaxtilə məni yandırıb tökmüşdü. Ona görə də Təhməzi öldürməkdən ötrü Eldarın dediklərinə razı oldum”.

Haşiyə: X. deyir ki, Təhməzə və qardaşına böyük yaxşılıq etmişdim, onların Moskvada iş qurmasına yardımçı olmuşdum. Sonralar Təhməz əməlli-başlı varlanır. Günlərin birində isə o, pis vəziyyətə düşərkən Təhməzə ağız açır. Çünki X. “nasistlər” mafiyasından 20 min dolar borc almış, ancaq müflisləşdiyindən pulu qaytara bilməmişdi. Həmin vaxt o, Təhməzə zəng vurub pul istəyir. Təhməz ona pul vermir. Pulu isə qısa vaxtda çatdırmalıymış. Mafiyanın qoyduğu vaxt yetişir. O, mafiya nümayəndələrilə görüşə gedib pulu çatdırmalıdır. Ancaq X. pul tapa bilməmişdi. Bundan sonrakılar lap kinolardakı kimi olur. O, cibinə bıçaq qoyub gedir görüş yerinə – Telman İsmayılovun “Çerkizov” bazarındakı bir kafeyə. Orada pul tapa bilməyəcəyini deyəcək, mafiya adamları isə onu ya vuracaq, ya da övladlarını oğurlayacaqdı. Görüş olur. Mafiyanın nümayəndələri olan üç nəfər rus gəlir “Çerkizov” bazarındakı kafeyə. X. “pulu gətirmək alınmadı” demək istəyəndə Arif adlı dostu (bu, sonradan X.-nı Alma-Ataya çağıran şəxslərdən biri idi) içəri girir. O, məsələdən əvvəlcədən xəbərdar imiş. Arif X.-nın danışmasına imkan verməyərək mafiya nümayəndələrinə “bundan sonra siz bu adamı yox, məni tanıyırsız, pul bu gün çatacaq”. Həqiqətən də elə həmin gün Arif onun 20 min dollarlıq borcunu gətirib ödəyir. Həmin vaxt X-nın ürəyində Arifə böyük rəğbətlə yanaşı, Təhməzə qarşı böyük nifrət yaranır, fikirləşir ki, harda əlimə düşsə vuracam (Təhməz həm də X.nın xalası qızının əridir).

Pulu götürüb Təhməzin ağzına soxur

Beləliklə, hərəsi bir nəfəri öldürəcəyini öz öhdəsinə götürür. Sonra yollanırlar Urumçiyə. Ancaq dörd yox, üç nəfər. Çünki “dördlüyü” qətlə yetirmə ideyasını verən Eldar Alma-Atada qalır, deyir ki, mən sonra gəlib öz payıma düşəcək bir nəfəri öldürəcəm. Sonradan dediyinə əməl eləmir də...

Təhməzdən başqa onlar Bayram, Namiq və Arzu adlı şəxsləri öldürəcəkdilər. Urumçiyə çatan kimi dağılışırlar. X. Təhməzi dərhal tapır. Onu kimsəsiz bir yerə çəkir. Başlayır ki, “yadındadı, sənə, qardaşına necə yaxşılıqlar elədim. Bəs sən niyə mənə dar gündə kömək eləmədin? Axı sən bilirdin ki, mafiyanın pulunu qaytarmasam, ya məni öldürəcəklər, ya da uşaqlarımı oğurlayacaqlar!”
Bunu deyib Təhməzi döyməyə başlayır. Onu elə döyə-döyə də öldürmək istəyir. Döyərkən Təhməzin cibindən pul düşür. X. götürüb baxır: bağlamada 100 dollarlıqlar, təxminən 5 min dollar. Pulu götürüb Təhməzin ağzına soxur və deyir ki, görürsənmi pul həmişə adamın köməyinə çatmır. Sonra yenə döyür. Təhməz isə qışqırır. Onun səsinə adamlar yığışır və Təhməzi X.-nın əlindən alırlar...


Barmağın kəsilməsi əhvalatı

“Üçlük” – Cəlal, Arif və X. görüşüb Urumçidəki bir oteldə yerləşirlər. Məlum olur ki, Cəlal və Arif heç biri öldürməli olduqları “dördlük”dən heç kimi tapmayıblar...

Oteldə dincələrkən xəbər gəlir ki, X.-nı dörd nəfər axtarır. Bunu bilib düşür otelin foyesinə. Görür ki, gələnlər Bakılı Namiq (gələnlər onu avtoritet kimi təqdim edib), Arzu (“öldürülməli dördlük”dən biri), Təhməz və İsmayıl (X. yalnız sonradan öyrənir ki, İsmayıl Azərbaycanın Çindəki səfirliyinin işçisidir) adlı şəxslərdir. İsmayıldan başqa digərləri silahlı olur.

X. foyedə dörd nəfərlə söhbətə başlayır. O, haqlı olduğunu sübut etməyə çalışır, dörd nəfər isə onun “səhv olduğunu” deyirlər. Sən demə həmin vaxt Təhməz bıçaq əlində hazır vəziyyətdə durubmuş. O, qəflətən bıçağı X.-nın böyür hissəsinə soxur. Böyrünə bıçaq sancılmasına baxmayaraq o, Təhməzi tutub yumruq və təpiklə vurur. Təhməz qaçarkən isə əlinə keçən ilk adamı – səfirliyin işçisi İsmayılı vurur. O da qaçır.

Sonra gedir xəstəxanaya. Həkimlər deyir ki, bıçaq ciyərə çatmadığında vəziyyətin ağır deyil. Bunu eşidən X. sevinir. O, yarasını sarıtdıran kimi xəstəxanadan çıxır ki, polisə düşməsin.

Xəstəxanadan çıxıb gedir özünə iki bıçaq alır. Sonra özünə ana söyüşü qoyur ki, bu bıçaqlardan biri Təhməzin başını kəsəcək.

Onun niyyətindən xəbər tutan Urumçidə yaşayan azərbaycanlılar X.-nı fikrindən daşındırmağa çalışır. Ancaq dediyindən dönmür ki, dönmür. Tanışları onun Gədəbəydə yaşayan atasına zəng vurur ki, oğlunu fikrindən daşındırsın. X. bunu eşidib mobil telefonunun söndürür ki, atası zəng vurub ağız açsa, sözünü yerə salmasın.
Sonda Arif onu yolundan döndərməyə çalışır. O Arif ki, vaxtilə X.-nı ölümdən, balalarını girovluğa düşməkdən xilas etmişdi. Dostu X.-ya deyir ki, bizim başımızı Eldar aldadıb, o pis vəziyyətə salıb, gəl heç kimi öldürməyək, qayıdaq gedək. Ancaq X. deyir ki, Təhməzi mütləq öldürməliyəm:

- Mən ana söyüşü söymüşəm. Onu mütləq öldürməliyəm.

- Mən o söyüşü öz üstümə götürürəm, ancaq gəl sən belə eləmə.

- Sən nə danışırsan?! Mən söyüşü sənin üstünə atıramsa, deməli, öz anamı söyürəm.

- Mən ölüm gəl bu məsələnin üstündən keç...

Nəhayət, Arif dostunu fikrindən daşındıra bilir. Bundan sonra X. Təhməzi öldürmək üçün aldığı bıçaqlardan biriylə sol əlinin çeçələ barmağını kəsib qoyur cibinə. Arifə söz verir ki, onu öldürməyəcək, ancaq ona bir söz demək istəmək üçün görmək istəyir. Onu tapıb gətirirlər. X. ona aşağılayıcı sözlər deyərək “get qurban ol Arifə” deyib, kəsdiyi barmağını ona uzadır. Həmin an tükürpədici mənzərə vardı: Təhməz ona uzadılmış kəsik barmağı görüb əsməyə başlayır. X. onun sağ əlini tutub özünə çəkir, ovucunu açıb kəsdiyi barmağını ora qoyur. Təhməz diksinib qışqırır...


“Sənin işin ancaq döymək olacaq...”

Bu iş bitəndən sonra X. fikirləşir ki, Urumçiyə nədən ötrü gəlmişdik, neylədik? Ortada heç bir nəticə də yox idi. Bundan sonra o, Alma-Ataya qayıdır. Eldarı axtarır ki, ondan heyifini çıxsın. Çünki onun Çinə getməsinə səbəbkar Eldar olmuşdu, ideyanı o vermiş, sonra isə aradan çıxmışdı. Ancaq Eldardan qisas ala bilmir.

Gedir Moskvaya (həmin vaxt ailə üzvlərini Azərbaycana göndəribmiş). Orada çoxdan bəri tanıdığı qadının evində bir müddət qalır. O, indi yenidən, ancaq sürətlə varlanmağı düşünürdü.

Həmin vaxt elə Moskvada Etibar İsmayılov adlı şəxslə rastlaşır. X. iki dəfə məhkumluq həyatı yaşamış bu adamı çoxdan tanıyırmış. Etibar ona birlikdə pul qazanmağı təklif edir. Konkret nə işlə məşğul olacaqlarını deməsə də, X. anlayır ki, bu, qanuni iş olmayacaq: “Sənin işin ancaq vurmaq, döymək olacaq, qalanı bizlikdi...”

Az müddətə çoxlu pul qazanmaq eşqində olan X. onunla razılaşır. Gəlirlər birlikdə yaşadığı qadının evinə. X. məsələni rus qadına danışır ki, bəs belə-belə, mən bu adamla Çinə pul qazanmağa gedirəm. Qadın Etibarın görünüşünə işarə edərək deyir ki, bu adam nədi ki, sən onunla pul qazanasan, onunla getmə, gəl evimi sataq, pulun yarısını sənə verim, yarısına da başqa ev alaq. O, razı olmur. Rus qadın yalvarmağa başlayır. X. yenə razılaşmır.

Haşiyə: Söhbətin bu yerində X. deyir ki, həmin vaxt fələk ağlımı almışdı. Həmin anla bağlı hətta şeir də yazıb (o, ara-sıra şeir yazır):

İşi də görəndə ağılla gərək,
Aldı ağlımı bir anda fələk.
Baxmadım deyilən bütün sözlərə,
Axırda beləcə düşdüm əngələ.

Quldurluq edib saunaya gedirlər

Onlar birlikdə Alma-Ataya, oradan da Urumçiyə gedirlər. Urumçidə qarşılarına çıxan ilk rusu “gözaltı” edirlər. Fikirləşirlər ki, yəqin bunun çoxlu pulu olar. 30-32 yaşlı rus kişini tutub kimsəsiz bir yerə aparırlar. Etibar X.-ya deyir ki, bunu vur. Ancaq vurmağa ehtiyac olmur, çünki kişi pullarının hamısını onlara verir: 2 min dollar.

Soyulan rus sonradan polisə şikayət edir. Soyğunçular birinci “işi” kifayət qədər ehtiyatsız, daha doğrusu plansız gördüklərindən X. təklif edir ki, gedək Pekinə, burda qalsaq polis bizi ələ keçirər.

Pekinə gedirlər. Orada Elman adlı azərbaycanlı da onlara qoşulur. Birlikdə qarşılarına çıxanı vurub, döyüb, pullarını alırlar. Özü də həmin adamların çoxu ruslar olur.

Günlərin birində Etibarla Elman gəlib X.-ya deyir ki, Pekində yaşayan iki rusda 120 min dollar pul var. Təklif ağlabatan olur.
Gəlib rusları izləyib kimsəsiz bir yerdə tuturlar. Ancaq gözlədiklərinin əksinə olaraq ruslar deyir ki, bizdə pul yoxdu. Başlayırlar onları döyməyə. Ciblərini yoxlayanda seyf açarı tapırlar. Döyülmüş ruslardan biri deyir ki, pullar həmin seyfdədi, seyf isə beşulduzlu oteldə.

Hər üçü gedir rusların dediyi beşulduzlu otelə, qalxırlar seyf olan nömrəyə. Otaqda yekəpər bir rus var imiş. X. ona deyir ki, bizə pul lazımdı, sənə əlimiz dəyməyəcək, ver, çıxaq gedək. Bunu deyəndə rus onun sifətinə bir yumruq vurur. Bundan əsəbiləşən daha yekəpər X. onu yerə yıxıb döyməyə başlayır. Döyərkən birdən hiss edir ki, yer yaşdı. Otaq yarıqaranlıq olduğundan bunun nə olduğunu bilmir. Fikirləşir ki, yəqin rus özünü saxlaya bilməyərək,... altını batırıb.

İşığı yandıranda isə görür ki, döydüyü rusun qanı axır. Ancaq yenə də heç nə başa düşmür. Etibar deyir ki, bəs mən onun yan hissəsinə bıçaq soxmuşam. Bunu eşidəndə X. bərk əsəbiləşir və Etibarı vurur. Deyir ki, adımın həm pulunu alaq, həm də bıçaqlayaq, belə də kişilik olar?!

Nəysə, seyfi açırlar. Seyfdən 120 min yox, cəmi 10 min dollar pul çıxır.
Sonra rusun əl-ayağını, ağzını bağlayırlar ki, qışqırıb köməyə adam çağırmasın.

Çıxıb gedirlər birbaşa saunaya. Hərəsi bir qız gətirtdirir. Əməlli-başlı kef eləyirlər. Sonra gedirlər qaldıqları otelə. Həmin vaxt 8 mart imiş. X. telefonla Azərbaycana zəng vurub yaxınlarını təbrik edən vaxt birdən hiss edir ki, qapıya açar salındı və yavaş-yavaş açılmağa başladı. Birdən-birə 10-a yaxın çin polisi içəri girir. Onların hər üçünü tutub istintaq təcridxanasına aparırlar. Beləliklə, X.-nın Çindəki dəhşətli məhbəs həyatı başlayır...

(ardı var)

Pərvin ABBASOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03