Məşhur avtoritetin cinayət işi
02 fevral 2010 12:45 (UTC +04:00)

Məşhur avtoritetin cinayət işi

Rövşən Lənkəranski adam öldürməyə cəhddə ittiham olunur


Fevralın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.


Lent.az-ın məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.


İttihama görə, Rövşən Caniyev 2000-ci il iyunun 26-da Bakı şəhəri, dənizkənarı parkın Hökumət evi ilə üzbəüz hissəsində tanışı Məmmədov Kəramət Əli oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində onu istintaqa məlum olmayan mənbədən əldə etdiyi kustar üsulla düzəldilmiş odlu silah olan tapança ilə vuraraq ağır yaralayıb.


Belə ki, Kəramət Məmmədov R.Caniyevdən Moskva şəhərindən gətirməli olduğu möhürü gətirib-gətirmədiyini soruşub. Bu zaman onlar arasında mübahisə yaranıb. K.Məmmədov R. Caniyevi söyərək maşınına tərəf gedib. Nəticədə R.Caniyev K. Məmmədovun arxasınca gedərək ona üstündə gəzdirdiyi “Makarov” tipli tapança ilə atəş açıb. Lakin güllə K.Məmmədovun qoluna dəyib zəiflədikdən sonra bədənində ilişib qalıb. Hadisə yerinə gələn Səbail Rayon Polis İdarəsinin əməkdaşları R.Caniyevi tutublar. K.Məmmədova isə vaxtında tibbi yardım edildiyinə görə həyatını xilas etmək mümkün olub.


K.Məmmədov ibtidai istintaqa ifadəsində bildirib ki, o, Azərbaycan – Yekaterinburq nümayəndəliyində ticarət üzrə direktor vəzifəsində işləyir və kommersiya ilə məşğul olur. Rövşən Caniyevlə hadisədən təxminən bir il əvvəl dostluq münasibətləri yaranıb. K.Məmmədov R. Caniyevlə görüşməsinin səbəbini Moskva şəhərində yaşayan, “Arktika “ firmasının direktoru Saşa adlı tanışının Sumqayıt boru prokat zavodu ilə alqı-satqı üzrə kontrakt bağlanması üçün ona Rövşən vasitəsi ilə möhür göndərməsi olub. Rövşənlə Milli parkda görüşən K.Məmmədov ondan möhürü gətirib-gətirmədiyini soruşub. Rövşən Saşanın ona möhür vermədiyini bildirib. K.Məmmədov Rövşənin onu aldatdığını hesab edib, fikirləşib ki, Rövşən Saşa ilə şərik olmaq və boru prokat zavodu ilə kontrakt bağlamaq, onu bu biznesdən kənarlaşdırmaq istəyib. Bununla əlaqədar o, Rövşənə iradını bildirib. Bundan sonra onlar arasında mübahisə yaranıb.



Lakin K.Məmmədov sonradan istintaqa verdiyi ifadəsində bildirib ki, ilkin ifadəsi əsil həqiqəti əks etdirmir. Belə ki, əsl həqiqətdə R.Caniyevlə onun söhbəti başqa məsələ üstündə olub. Həmin vaxt Moskvada yaşayan Mirseymur adlı “qanuni oğru” Bakıda fəaliyyət göstərən firmanın direktoru Eldar Məmmədovdan firmanın hesabında olan pulun Moskva şəhərinə köçürülməsini tələb edib. O, isə Eldardan həmin puldan bir hissəsini vergiyə olan borcuna görə dövlətə ödəməsini tələb edib. Firmanın möhürü Moskvada Mirseymurda və Elyar adlı şəxsdə olduğundan o, Rövşəndən həmin möhürü gətirib-gətirmədiyini soruşub. Rövşən bu məsələni aydınlaşdırmaq üçün Eldar Məmmədovun və ya onun Moskva şəhərinə getmələrini deyib. Buna görə də mübahisələri olub. Nəticədə Rövşən K.Məmmədovu yaralayıb.



R.Caniyev istintaqa ifadə verməkdən boyun qaçırıb. O, heç bir səbəb göstərmədən ifadə verməkdən və istintaq hərəkəti sənədlərini imzalamaqdan imtina edib.


Qeyd edək ki, 2000-ci il iyunun 28-də R. Caniyev barəsində məhkəmə həbs qəti-imkan tədbiri seçib. Avqustun 4-də R.Caniyev barəsində məhkəmə psixiatrik ekspertiza təyin edilib. Ekspertizanın rəyində R.Caniyevin cinayəti törədərkən anlaqlı vəziyyətdə olması, lakin sonradan kəllə-beyin travması alması, baş beynin əzilməsi nəticəsində baş vermiş psixi pozuntular onu öz hərəkətlərini şüurlu idarə etmək iqtidarından məhrum etdiyi və buna görə də intensiv müşahidə altında məcburi müalicəyə ehtiyacı olması göstərilib.


Cinayət işi 6 oktyabr 2000-ci ildə dayandırılaraq, R. Caniyev barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.


Məhkəmə R.Caniyevin sağalanadək intensiv müşahidə altında məcburi müalicə edilməsi üçün ixtisaslaşdırılmış psixiatriya xəstəxanasına göndərilməsi haqqında qərar qəbul edib.


Bu işdən prokurorluq apellyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Daha sonra Sabunçu rayon məhkəməsi 05.06.2001-ci il tarixli qərardadı ilə R Caniyev ümumi tipli psixiatriya stasionarında sağalana qədər məcburi müalicəyə keçirilib.


Həmin məhkəmənin 03.09.2001-ci il tarixli qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarında sağalana qədər məcburi müalicəsi ləğv edilərək məcburi ambulator müşahidəsi və psixiatr müalicəsinə keçirilib.



2001-ci il dekabrın 25-də Sabunçu rayon məhkəməsi R.Caniyev barəsində seçilmiş ambulator müşahidəsi və psixiatr müalicəsini ləğv edərək onu ümumi əsaslarla müalicəyə göndərib.


Daha sonra Sabunçu rayon məhkəməsi R.Caniyev sağaldığına görə onun təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsindən alınıb Bakı şəhər prokurorluğuna verilməsi haqqında qərar çıxarıb.


Lakin R.Caniyev istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 2002-ci il iyulun 7-dən axtarış elan edilib.


7 ildən sonra 2009-cu il dekabrın 3-də R.Caniyev Kiyevdə həbs olunub. Onunla bərabər Kiyevdə yaşayan və mərkəzdəki restoranlardan birinin sahibi olan Rusiya vətəndaşı, eləcə də biznesmenin üç mühafizəçisi saxlanılıb. Tutulanlardan rezin güllə atmaq üçün nəzərdə tutulan 2 ədəd “Fort-12P” və “PMR-9" tapançası və "Vulkan" karabini götürülüb.


qeyd edək ki, “Rövşən Lənkəranski” Qafqazın nüfuzlu “qanuni oğru”larından biri sayılır. O, 2008-ci ilin yanvarında da MCMBİ əməkdaşları tərəfindən tutulub. Kiyevin Şevçenko rayon məhkəməsi o zaman da Caniyevin barəsində 40 günlük həbs qərarı çıxarıb. Amma həbsdə olan R.Caniyev əlaqələrindən istifadə edərək “qaçqın” statusu alıb və həbsdən çıxıb. Onun son günlərədək Ukrayna ərazisində qeyri-leqal şəkildə yaşadığı bildirilir. Ukrayna Ali Arbitraj məhkəməsi ona verilən qaçqın statusunu ləğv edib.
O, 2009-cu ilin dekabrın 13-də Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, R.Canıyev 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4079

Oxşar yazılar