Aleksandr İsgəndəryan: “İrəvan məcbur qalıb, bu yolu seçdi”
“Ermənistanın Gömrük İttifaqını seçməsi Avrasiya İttifaqı yolunda addımlaması deməkdir”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “Ria Novosti” beynəlxalq informasiya agentliyində keçirilən “Postsovet məkanında inteqrasiya prosesi. Ermənistanın seçimi” adlı Moskva-İrəvan videokörpüsündə Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaşeslav Kovalenko deyib.
Onun sözlərinə görə, Avropa Birliyi ilə əlaqələrin qurulması Ermənistanın Avrasiya İttifaqına yolunu bağlayırdı: “Ermənistanın bu addımı həm Rusiyanın və onların özlərinin milli maraqlarına uyğundur. Bu ittifaqa qoşulmaqla Ermənistana rusiyalı iş adamlarının sərmayəsi artacaq, pulsuz rus dilini öyrənmək imkanları genişlənəcək”.
Keçmiş səfir Rusiyanın İrəvanın Brüsselə münasibətlər qurmağına mane olmaq istəmədiyini bildirib: “Moskva Ermənistanın həm Avrasiya İttifaqı, həm Avropa Birliyi ilə əlaqələr qurmağını istəyirdi. Lakin rəqib çox ciddi olduğundan Moskva bu addımı atdı. Əminəm ki, Rusiya Ermənistana verdiyi bütün sözləri tutacaq”.
Erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə İrəvanın Gömrük İttifaqına qoşulmaq niyyətini açıqlamasının sırf siyasi qərar olduğunu söyləyib: “Rusiya Ermənistanın təhlükəsizliyinin təminatıdır. Moskvanın Cənubi Qafqazda mövcudluğu üçün Ermənistan çox vacib ölkədir. Bu qərarın Ermənistana təsir edəcək heç bir iqtisadi faydası yoxdur. Gömrük İttifaqına üzv olan Belarus, Rusiya və Qazaxıstandan fərqli olaraq, Ermənistanın iqtisadiyyatı o qədər də inkişaf etməyib. Adların çəkdiyim ölkələr məhsul ixrac edən ölkələrdir, Ermənistan isə yox. Həm də Ermənistanın Gömrük İttifaqı ölkələri ilə sərhədi yoxdur. Buna görə də, bu təşkilata qoşulmağın iqtisadi faydasından söhbət gedə bilməz. Bu günə qədər də Ermənistanda rusiyalı iş adamları fəaliyyət göstərirlər. Onların sayı və qoyduqları sərmayə kifayət qədərdir. O ki qaldı rus dilinə, bu dili bilən ermənilərin sayı da az deyil. Bunun üçün Gömrük ittifaqına girmək lazım deyildi”.
A. İsgəndəryan Ermənistanın bu qərarı Rusiyanın təzyiqi altında verdiyini də söyləyib: “Moskvanın Ermənistana bu qərarı verməkdə vəhşicəsinə təzyiqi olub. İrəvan bu qərarı verməklə özünün təhlükəsizliyinə Moskvadan zəmanət almış oldu. Ermənistan üçün başqa alternativ yox idi. Onun üçün yeganə qırmızı xətt təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatı idi. Ona görə də İrəvan məcbur qalıb, bu yolu seçdi”.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru, politoloq Aleksandr Skakov da İrəvanın Gömrük İttifaqına qoşulmağını siyasi qərar adlandırıb. Onun sözlərinə görə, Avropa Birliyinə qoşulmaq İrəvana sərf eləməzdi: “Çünki nə Avropa Birliyi, nə də Gömrük İttifaqı Ermənistanın bu təşkilatlara qoşulması üçün hansı yol xəritəsindən istifadə edəcəyini açıqlamışdı. Çünki Ermənistanın nə Avropa Birliyi ölkələri ilə, nə də Gömrük İttifaqı ilə sərhədi var. Yeganə çıxış yolu Gürcüstandan keçən dəmir yolunun açılmasıdır. Bu da ki, hələlik mümkün deyil. Çünki Gürcüstanın Abxaziyanın müstəqilliyini tanıması imkansız görünür. Bu dəmir yolu açılmasa, İrəvanın Gömrük İttifaqına qoşulmasının heç bir iqtisadi faydasından söhbət gedə bilməz”.
A. Skakov da Ermənistanın bu ittifaqa qoşulmasında Rusiyanın təzyiqinin olduğunu söyləyib: “Əlbəttə ki, bu təzyiq olub. Amma İrəvanın bu addımını iki ölkə arasında olan münasibətlər kimi dəyərləndirmək lazımdır. Çox güman ki, təzyiqlərdən ən önəmlisi Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlıdır. Nə NATO, nə də Avropa Birliyi Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilərdi. Bunu İrəvan Avropa Birliyi və NATO-nun Bakının hərbi ritorikasına yumşaq reaksiyasında, Budapeştin Ramil Səfərovu Azərbaycana təhvil verməsində gördü. Ermənistan bütün bunları yaxşı başa düşürdü. Ona görə də, İrəvan Rusiyadan təhlükəsizliyinin təminatını aldıqdan sonra Gömrük İttifaqına qoşulmaq qərarı verildi”.
MDB İnstitutunun İrəvan filialının direktoru Aleksandr Markaryan da Ermənistanın Gömrük İttifaqına qoşulmaqla bağlı qərarının siyasi olduğunu, bunun İrəvana heç bir iqtisadi fayda gətirməyəcəyini söyləyib: “Bu qərar Rusiya-Ermənistan siyasi-hərbi münasibətlərini möhkəmləndirməkdən başqa heç nəyə xidmət etmir. Təbii ki, Ermənistanın bu qərarı qəbul etməsi onun Moskvadan təhlükəsizliyinin zəmanətini alması ilə bağlıdır”.