Erməni Qriqoryan Kilsəsi, dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də böyük milli nüfuza malikdir. Məhz bu səbəbdən də, bütün tarixi dövrlərdə erməni cəmiyyətinin həyatında aktiv rol oynamışdır. Katolik və Protestant ermənilərə də qarşı çıxan Qriqoryan Kilsəsi ruhaniləri, həmvətənlərinə münasibətdə zaman-zaman qəddar davranmış, kilsəyə və camaata kömək üçün toplanan pulları öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmişlər.
Kilsənin tarixinə qısa baxış
Erməni kilsəsi tarixi boyunca, mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə desək, “erməni dövləti” fikirini ortaya atanlar, erməni cəmiyyəti deyil, erməni kilsəsi və ruhanilər olmuşdur. Türkiyənin Van və Bitlis vilayətlərində Rusiyanın Baş konsulu olmuş general Mayevski də bu haqda deyirdi: "Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri vardır". Bu mənada, ermənilərin özlərinə bir tarix yaratma cəhdlərinin VIII əsrdən etibarən kilsə mənsubları, rahiblər tərəfindən başladıldığını söyləmək daha doğrudur.
Tarixçilər, erməni kilsəsinin erməni millətini yaratdığı və onun, erməni millətinin ruhu olduğu fikrində həmrəydilər. Erməni Patriarxı M.Ormanyana görə erməni kilsəsi "İtkin ölkənin görünən ruhu" idi.
Erməni kilsəsinin başında dayanan Katolikoslar dini liderlər olmaqla bərabər, siyasi proseslərdə də böyük rol oynamışlar.
Erməni kilsəsinin dini mərkəzi müxtəlif illərdə Eçmiədzində (Üçkilsə), V əsrdə Dvində, 901-ci ildə Anidə, 1147-ci ildə Rumqalada yerləşmişdir. Bir müddət Van gölündəki Akdamar adasında yerləşdirilən Katolikosluq, buradan da Ani yaxınlığındakı Arginaya köçürükdükdə, Akdamar Patriarxı özünü Katolikos elan edir. Erməni Kilsəsi Sinodu bu vəziyyəti qəbul etməsə də Akdamar Katolikosluğu 1895-ci ilə qədər davam etmiş, son Katolikos Xaçarur Çiroyan (1864-1895) 1895-ci ildə öldükdə onun yerinə heç kim seçilməyib və Katolikosluq Birinci Dünya Müharibəsi (1914-1918) əsnasında Osmanlı Dövləti tərəfindən ləğv edilib.
Rumqaladakı Katolikosluq isə 1292-ci ilə qədər burada qalmış, qalanın Məmlüklərin əlinə keçməsi ilə 1292-də Sisə köçürülmüşdür. Kilikiya Erməni Baronluğu 1375-ci ildə ləğv edildikdən sonra da Katolikosluq Sisdə daha bir müddət qalmışdır. Sonra Roma Katolik Kilsəsinin tabeliyinə girdiklərini görən Sinod, Eçmiədzinə geri dönmək qərarına gəlmiş, 1441-ci ildə bu qərar icra edilmişdir. Lakin Sisdəki Katolikosluq da davam etmişdir. Birinci Dünya Müharibəsindən sonra Katolikosluq Sisdən Beyrut yaxınlarındakı Antilyasa köçürülmüşdür.
Beləcə 1895-ci ilə qədər, Eçmiədzin, Akdamar və Sis Katolikosluqları olmaqla üç böyük kilsə yaranmış, bunların xaricində biri İstanbulda, digəri Qüdsdə olmaqla iki də Patriarxlıq meydana gəlmişdir.
Bu günkü kilsə təşkilatına görə iki Katolikosluq var: Ermənistanda Ecmiədzin Qriqoryan Katolikosluğu, Livanda Antilyas Qriqoryan Katolikosluğu (Kilikiya və ya Sis Katolikosluğu). Ecmiədzin Katolikosu bütün ermənilərin dini lideri olub, nəzəri olaraq Antilyas Katolikosunun da rəhbəri sayılmaqdadır. Ancaq Antilyas Katolikosu tamamilə müstəqildir. Bunların yanında iki də Patriarxlıq mövcuddur. Bunlardan biri, İstanbul Qumqapı Qriqoryan Erməni Patriarxlığı, digəri Qüds Qriqoryan erməni Patriarxlığıdır. İstanbuldakı patriarxlıq Fateh Sultan Mehmetin əmri və icazəsi ilə qurulmuş, Qüdsdəki Patriarxlıq isə Osmanlı rəhbərliyini Yavuz Sultan Səlimin Misir səfəri əsnasında tanımış və onun icazəsi ilə mövcudluğunu qoruyub saxlaya bilmişdir.
Ermənilərin böyük əksəriyyətinin mənsub olduğu təriqətə, erməni kilsəsinin əsaslarını quran Qriqorun adına uyğun olaraq Qriqoryan deyilmişdir. Xristian dünyasında ermənilərin milli kilsələrinə, erməni Apostolik (Qriqoryan) Kilsəsi deyilir. Erməni kilsəsinə "milli" sifəti isə Osmanlı rəhbərliyi tərəfindən verilmişdir.
Bu gün, dünyanın bir çox ölkəsində erməni kilsələri var. Qriqoryanlar, Ortodoks məzhəbi əqidələrində ümumiyyətlə ayrıldıqları üçün ermənilər, Qriqoryan Kilsəsinin olmadığı yerlərdə dini ibadətlərini Ortodoks Kilsəsinə gedərək yerinə yetirirlər. Bu səbəbdən də bir çox mənbədə erməni Qriqoryan Kilsəsinin adı erməni Ortodoks Kilsəsi kimi də qeyd olunur.
Din və siyasət
Beləcə, Qriqoryan, Protestant və Katolik ermənilər XIX əsrin ikinci yarısından erməni millətçiliyi prosesini geniş miqyasda başladılar. 1856-cı il islahat Fərmanından sonra ermənilər qubernatorluq, ümumi müfəttişlik, səfirlik, hətta nazirlik mövqelərinə belə gətirilirdilər. 1856-cı il İslahat Fərmanının gətirdiyi vicdan azadlığı prinsipi, din və məzhəb təbliğatı işlərini davam etdirən protestant və katolik missionerlərin məzhəb dəyişdirmək istiqamətindəki fəaliyyətlərini də intensivləşdirdi. Missioner məktəblərində ermənilərə erməni dili öyrədilir, tarix və mədəniyyətləri haqqında dərslər tədris olunurdu. Bundan başqa, bir çox zəngin erməni ailələri uşaqlarını Fransaya və başqa Avropa ölkələrinə göndərirdilər. Bu gənclər orada milliyyətçilik fikirləri ilə doldurulur, dönüşlərində isə radikal islahatlar tələb edirdilər. Beləcə, missionerlər sayəsində ermənilər arasında milli mədəniyyətləri ilə əlaqədar bir oyanış hiss olunurdu.
Osmanlı İmperatorluğu, imperialist dövlətlərin nəzərində çökməkdə olan dövlət idi. Bu böyük imperiyanın mirasından hər dövlət özünə daha çox pay ala bilmək üçün müxtəlif siyasi oyunlar icad edirdi. Bu səbəbdən də erməni millətçiliyinin oyanması üçün kilsəyə çox böyük kömək edirdilər. Bütün bu köməkliklərin kökündə bir amil dayanırdı: din. Bəzən siyası məqsədlər güdülsə də, əsasən xristian olduqlarından erməniləri dəstəkləyirdilər.
Mənbələr nə deyir
Şərqi Anadoluda qəsəbələrdə sənət və ticarət, kəndlərdə də əkinçiliklə məşğul olan ermənilər, digər müsəlman olmayan xalqlar kimi əsgərlik mükəlləfiyyətindən azad olduqları üçün sərvətlərini və əhali sayını davamlı artıraraq Osmanlı cəmiyyəti içində mühüm bir təbəqə təşkil etmişdilər. Ermənilərin sərvət sahibi olaraq mühüm bir icma halına gəlmələrində heç şübhəsiz ki, tabeliyində olduqları və ədalətinə sığındıqları Osmanlıların səbəb olduğu tarixi faktdır.
Tanınmış fransız jurnalisti və publisisti Edmond About (1828-1885) "Türklər, din barədə dünyanın ən dözümlü qövmlərindən biridir", - deyə yazırdı.
Görkəmli alman türkoloqu F.Giese də, 1914-ci ildə "Die Velt Des islam" jurnalına (Bandım / V həftə 23-24) yazdığı "Türkiyədəki dini vəziyyət" məqaləsində xülasə yazmışdır: "Tolerantlıq məfhumu, xristian ölkələrində XVI əsrdəki islahatlardan sonra ortaya çıxdı, son iki əsrdə xeyli genişləndi, xüsusilə 1848-dən sonra hamı tərəfindən qəbul edildi. Qərbdə vəziyyət belə ikən, müsəlmanların xristianlara və yəhudilərə qarşı necə rəftar edəcəyi, Quranda təsbit edilmişdir ... Gerçək budur ki, Qərbdə kilsə başqa inanclılara qarşı olduqca sərt və dözümsüz davranarkən, müsəlmanlar öz ölkələrindəki qeyri-müsəlmanlara dözümlülük göstərirdilər. Bu bir həqiqətdir və bu istiqamətdən İslamiyyət nə qədər öyülsə, azdır ... İslam hüququnun qeyri-müsəlmanlara qarşı bu dözümlü münasibəti türklər tərəfindən də tarix boyunca tətbiq olunmuşdur. Hətta Osmanlı İmperatorluğunda zaman-zaman qeyri-müsəlmanlar üçün şərtlər, müslümanlardan daha yaxşı olmuşdur.
Bu gün, Osmanlı Dövlətindəki xristianlar, Avropadakılar qədər dinclik içində yaşamaqdadır. 1897 və 1907-ci illərdə ermənilərə edilən hərəkətlər bir dözümsüzlüyün nəticəsi olmayıb, böyük dövlətlərin təhriki ilə ermənilərin Osmanlı idarəsinə qarşı qiyamı ilə ortaya çıxmışdır".
Beynəlxalq Hüquq Professoru M.Philip Marshall Brown, 1914-ci ildə nəşr olunan "Foreigners in Azerbaijan-their juridical Status" adlı kitabında yazır: "Ən qaçınılmaz gerçək, çox böyük zəfərlər qazanmış olan türklərin, özbaşlarına və comərdcə fəth etdikləri ərazilərdə xalqlara öz qanun və adətlərinə bağlı qalmalarına icazə vermiş olmalarıdır".
XVIII əsrin sonlarında polşalı səyyah Mikoşa, Osmanlı İmperatorluğunda yaşayan ermənilərin vəziyyətlərini belə təsvir edirdi: "Ermənilərə türklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilir. Onlar rumlardan daha geniş bir din azadlığına malikdirlər". Mikoşa, ermənilərin "köhnə adətlərini" tamamilə unutmuş olduqlarını izah etdikdən sonra davam edir: "Keçmişdə özlərinin nə olduqları üzərində qətiyyən düşünmürlərmi? ... Fikir baxımından bir qiyam planını qavraya biləcək qabiliyyətləri yoxdur. ... Hətta, Osmanlı dövlətinin çökəcəyi günün yaxınlaşmaqda olduğu özlərinə deyildiyi zaman, bundan məmnun olmadıqları belə görünməkdədir".
Mikoşanın bu qənaətini bölüşən Mıkırtıç Dadyan da, 1867-ci ildə qələmə aldığı bir araşdırma yazısında Osmanlı rejiminə təşəkkür edirdi. XIX əsrin ikinci yarısında erməni icmasını təhlil edən yazısında Mıkırtıç Dadyan, Osmanlı ermənilərinin tam bir azadlıq şəraitində necə inkişaf etdirdiklərini göstərir.
Yuxarıdakı şərhlərdən də aydın olduğu kimi ermənilər, Osmanlı dövlətində, bu dövləti yaradan türklərdən belə daha çox hüquqlara malik idilər.
Ermənilər arasında fikir ayrılıqları və ermənilərin əsl niyyəti
Erməni kilsəsinin əsas təbliğatı ermənilərin Rusiya tabeçiliyinə keçməsi ilə bağlı idi. Lakin bu məsələdə də erməni din xadimləri və ziyalılar arasında fikir ayrılıqları vardı. Hələbdən erməni millət vəkili Mano Əfəndi: "Biz erməni və xristian olduğumuz münasibəti ilə elan edirəm ki, Rusiyanın himayəsinə möhtac deyilik. Rusiyanın irəli sürdüyü himayəni qətiyyən qəbul etmirik və ona möhtac da deyilik. Biz heç bir zaman müsəlman yoldaşlarımızdan ayrılmadıq və ayrılmayacağıq",-deyirdi.
Patriarx Nerses isə İngiltərə xarici işlər naziri Lord Solsberiyə göndərdiyi 13 Aprel 1878-ci il tarixli bir məktubunda: "Ermənilərlə türklərin bir yerdə yaşamaları artıq qeyri-mümkündür. Bərabərliyi, ədaləti və vicdan azadlığını ancaq bir xristian rəhbərliyi təmin edə bilər. Müsəlman rəhbərliyinin yerini xristian rəhbərlik almalıdır. Ermənistan (Şərqi Anadolu) və Kilikiya, xristian hakimiyyətin qurulması lazım olan yerlər arasındadır... Türkiyə erməniləri də bunu istəyirlər... Yəni, Türkiyə Ermənistanında, Livanda olduğu kimi, zəmanət altına alınmış bir xristian rəhbərlik istəyirlər",- deyirdi.
Patriarx Nerses, 1878-ci il martın 17-də, İstanbuldakı İngilis səfiri Layardı ziyarət edərək: "Bir il əvvəl Osmanlı idarəsindən şikayətimiz yox idi, ancaq rus zəfəri indi vəziyyəti dəyişdirdi, Şərqdə müstəqil bir Ermənistan istəyirik. Əgər siz kömək edə bilməsəniz, bunu reallaşdırmaq üçün Rusiya ya müraciət edərik", -deyir. Səfir isə Ermənistan deyəndə haranı nəzərdə tutduğunu soruşduqda, Nerses: "Van, Sivas, Diyarbəkir və Kilikiya",- deyə cavab vermişdi. Səfirin: “Bəli, amma bu yerlərin heç birində əksəriyyətdə deyilsiniz" sözünə cavab olaraq:" Bunu bilirik, amma indi Rusiya Şərqdə torpaqlar qazanır, Rusiya ilə Osmanlı İmperiyası arasında güc tarazlığı dəyişdi. Biz də gələcəyimizi düşünməliyik", deyə Nerses ermənilərin əsl məqsədini açıqlayır.
Üsyan; kin və intiqam; alçaqlıq və rüsvayçılıq…
Erməni kilsəsinin ermənilərin ruhu olduğunu, millətçilik ideyalarının məhz kilsədə yarandığı haqqında daha əvvəl yazmışdıq. Erməni yepiskopu Gevond Turyanın həftəlik “Dadjar” jurnalında nəşr olunmuş məqalələri daha sonra bir kitabda toplanmış və 1917-ci ildə İstanbulda dərc edilmişdir. Bu kitabda yer alan məlumatlar, erməni kilsəsinin bir etirafnaməsi xüsusiyyəti daşıyır. Bu toplu Erməni Milli Komitələrinin, Patriarxlığın və erməni cəmiyyətlərinin əsl üzünü ortaya qoyur. Gevond Turyan, Erməni Kilsəsi və ruhanilərinin Osmanlı dövlətinin yıxılmasındakı rollarını belə açıqlayır:
"Dini mərkəzlər uzun zamandan bəri erməni qiyamı və inqilab ocaqları olmuş, ən şeytani proqramlar buralardan hazırlanmışdır. Dini mərkəzlər, silah anbarları və sui-qəsd ocaqları olmuşdur... Dini liderlər, söz və yazı ilə onlara güvənən xalqı üsyana təşviq edirdilər. Artıq moizələrdə müqəddəs sözlər və İncilin doktrinası zikr edilmirdi. Sədaqət və düzgünlük yerinə üsyan; insanlıq yerinə kin və intiqam; əxlaq yerinə alçaqlıq və rüsvayçılıq vəəz edilirdi... Dini liderlər, komitələr tərəfindən təşkil edilmiş bayramlara, yığıncaqlara, mərasimlərə başçılıq edirdilər".
"Nə ermənilərin ən yüksək dini lideri Eçmiədzin Katolikosu, nə ermənilərin taleyini düşündüklərini iddia edən ən yüksək kilsə rəsmiləri, nə bu qiyamçı partiyaların səlahiyyətli nümayəndələri, nə digər ermənilər, Türkiyə xaricində, bizim, digər heç bir nüfuzun hakimiyyəti altında varlığımızı qorumağa qadir olmadığımızı nə açıqlaya bildilər, nə də qavraya bildilər". "Ermənilər, 600 ildən bəri, başqa heç bir millət təbəəsinin nə görmədiyi geniş bir ictimai və dini azadlıqdan istifadə edərək Türkiyənin torpağında türklər ilə yan-yana yaşadılar ... Komitələr, həqiqətləri inkar edərək bu ölkə üzərinə kin, nifrət və ayrılıq toxumları əkmişlər".
Erməni tarixçiləri və yazıçıları Gevond Turyanın bu kitabını qəsdən görməzlikdən gəlirlər. Bu həqiqi erməni din adamı müharibədən sonra soydaşlarının yaratdığı mühitdən narahat olaraq 1922-ci ildə Amerikaya köçmüşdü. Ancaq buradakı daşnak mətbuatında dəfələrlə tənqid olunmuşdur. Nəhayət, 1933-cü il dekabrın 24-də Nyu-Yorkdakı erməni kilsəsinə bir ayini idarə etmək üçün gəldiyi zaman daşnak terrorçuları tərəfindən əsassız iddiaya xəyanət etdiyi səbəbi ilə bıçaqlanaraq öldürülmüşdür.
(Davam edəcək)