Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Genadi Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, “Rusiya zabitləri” Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.
“1948-ci ildə Njde Qaregin hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovski sentral”da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələrinin nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir” - deyə, məktubda bildirilir.
Məktubda Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələri xatırladılıb və bildirilib ki, Rusiyanın strateji tərəfdaşı kimi mövcud qətnaməyə qoşulan Ermənistan, faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun böyük miqyaslı təbliğatını aparır.
“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirələrinə göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi öz nəzarətinizə götürəcəksiniz və hər zaman olduğu kimi Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək, Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız" - deyə, məktubda qeyd olunub.
Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı FonduYerevanın mərkəzində Ndje Qareginə abidə qoyulmasında etiraz olaraq Rusiya rəsmilərinə müraciət edərək baş verənləri pisləyib. Rəsmilərə göndərilən məktubda abidənin açılış mərasimində Ermənistan rəhbərliyinin iştirakı, Ermənistan hökümətinin faşizm ideologiyasını açıq-aşkar təbliğ etməsi qınanılıb. Həmçinin, BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılıb və bildirilib ki, 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib.