ABŞ federal prokurorluğu Florida ştatının Fort-Loderdeyl aeroportunda atışma törətməkdə şübhəli bilinən şəxsə qarşı ittihamlar irəli sürüb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Esteban Santyaqo insanların ölümü ilə nəticələnən zorakılıq hərəkətləri törətməkdə və odlu silah barədə qanunları pozmaqda şübhəli bilinir.
Esteban Santyaqo həmin cinayətləri törətməkdə təqsirli bilinərsə, o ölüm cəzasına məhkum edilə bilər.
İstintaqın məlumatına görə, Santyaqo qəsdən aeroporta gedərək insanları atəşə tutub.
Qeyd edək ki, insident nəticəsində 5 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Polis Santyaqonu saxlamağa müvəffəq olub. Onun İraq müharibəsi veteranı olduğu, psixi problemləri ilə bağlı müalicə aldığı bildirilir.