Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın “TeleSur” telekanalı məlumat verib.
Məlumata görə, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.
“Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə səlahiyyəti yoxdur”, məlumatda vurğulanıb.
***
Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qərarın lehinə 106 deputat səs verib.
Hökumət yönlü deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.
“El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.
Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlamenti arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina edib.