Burası Antalya. Dağla dənizin, yağışla günəşin, düzənliklə meşənin, türklərlə əcnəbilərin, qədim və yeni abidələrin bir-birinə qarışdığı məkan. Aralıq dənizi sahillərində ilboyu yüz minlərlə insanı ağuşuna alıb, onları əyləndirən bölgə. Gəldik, gördük, sevdik... Burada bir həftə olduq. Leysana da düşdük, yaz havası da gördük. Amma Antalya bizi gülər üzlə - günəşlə qarşılayıb, günəşlə də yola saldı. Buradan böyük təəssüratlarla ayrılırıq...
Antalya Hava Limanından Kundu qəsəbəsindəki möhtəşəm “Miracle” otelinə çatanadək xeyli boş əraziyə, hətta qamışlıqlara rast gəlinir. Bununla belə, dəniz kənarındakı dəbdəbənin fonunda bu cür təbii mənzərələr elə də nəzərə çarpmır. Otellər, ticarət mərkəzləri və yaşayış binaları belə sahələrdə salınıb və ətrafa yaraşıq verir. Qaldığımız otel Türkiyənin “Fənərbağça” klubunun I vitse-prezidenti Nihat Özbağıya məxsusdur.
Yol əhvalatı
Gəldiyimiz günün ertəsi Antalya şəhərinə yollanmağı qərara aldıq. Şəhər mərkəzinə yetişməyimiz 1 saatdan çox çəkdi. Vaxtımızın 15 dəqiqəsi dayanacaqda, 45 dəqiqəsi isə avtobusda keçdi. Burada bizdəki kimi avtobusda qadınlara və qocalara yer vermək dəb deyil. Şəhərə yollanarkən, avtobusun salonunda qadınlar da var idi, yaşlılar da. Onların bir qismi ayaq üstə idi. Amma oturanlardan heç kim ayağa duraraq, yerini təklif etmirdi. Bəlkə də bunu təsadüf saymaq olardı. Amma eyni halla qayıdanda da rastlaşdıq. Hər dayanacaqda avtobusa minənlərin sayı get-gedə artırdı. Artıq nəinki oturmağa, heç ayaq üstə durmağa yer yox idi. Belə bir məqamda telefonuma zəng gəldi. Onunla danışıb qurtardıqdan sonra qarşımdakı oturacaqda bir nəfərin mənə tərəf çevrildiyini gördüm. Yekəpər gənc “Azərbaycandansanmı?” soruşdu. Təsdiq cavabını aldıqdan sonra özünün də milliyyətcə azərbaycanlı və İqdırdan olduğunu, əvvəllər bir müddət Bakıda işlədiyini dedi. O, ətrafında ayaq üstə duran qadınlara yer verməyi ağlından belə keçirmirdi. Hələ üstəlik, onlardan bir qədər də sıxlaşmalarını və avtobusa güclə girən yeni sərnişinlərin içəriyə doğru irəliləmələrinə şərait yaratmalarını istəyirdi. Bu vaxt ayaq üstə duran gənc qızla onun arasında mübahisə yarandı. Qız yekəpər soydaşımızın heç kimə yer vermədiyi halda, ayaq üstə duranlara çağırışına irad tutdu və belə kiçik avtobusu xəttə buraxanlardan dəfələrlə şikayət etdiyini bildirdi. O, yaxın vaxtlarda Türkiyədə keçiriləcək bələdiyyə seçkisində indiki sədrə səs verməyəcəyini də əlavə etdi. Bir neçə dəqiqəlik mübahisə digər sərnişinlərin müdaxiləsi ilə sakitləşdirildi.
Azərbaycanlılar, ruslar, ukraynalılar, moldovanlar, çeçenlər...
Antalyada təkcə bu azərbaycanlıya rast gəlmədik. Şəhərdə alış-veriş etdiyimiz zaman rusca müraciət edərək, bizi öz mağazalarına dəvət edənlər də oldu. Onlar ahıska türkləri idilər. Gürcüstandan Qazaxıstana, Qazaxıstandan Azərbaycana, Azərbaycandan isə Türkiyəyə köçmüş başıbəlalı məhsətilər... Deyirdilər ki, Zaqatalada bir müddət yaşadıqdan sonra Antalyaya qazanc dalınca üz tutublar. Kirayədə qalsalar da, Türkiyə vətəndaşlığı ala biliblər. Bunun üçün milliyyətcə türk olmaları və qardaş ölkədə 5 ildən artıq yaşamaları kifayət edib. Zaqataladakı şəraitsizlikdən şikayətlənirdilər: “Biz rayon mərkəzinə yaxın kənddə qalırdıq. Amma evimizi qazla yox, odun sobası ilə qızdırırdıq. Dolanacaq üçün də şərait yox idi. Hamı gözləyirdi ki, fındıq yetişsin, satıb qazanclarını bir ilə bölüşdürsünlər. Amma fındığı ya alan olmurdu, ya da aşağı qiymət təklif edirdilər. Ona görə də Türkiyəyə üz tutmağa qərar verdik”.
Türkiyə vətəndaşlığını qəbul edib özünə daimi məskən seçmək istəyi ilə Antalyaya gələnlər arasında digər millətlərin də nümayəndələrinə rast gəldik. Onların çoxu postsovet məkanındandır. Ruslar, ukraynalılar, moldovanlar, çeçenlər və digərləri... Çoxu qadındır. Əvvəlki yaşayış yerlərində olan evlərini satıblar və Antalyaya gələrək, özlərinə yeni mənzillər alıblar. Keçmiş SSRİ respublikalarının əksəriyyəti ilə Türkiyə arasında viza rejimi yoxdur. Amma burada uzağı 2 ay vizasız qala bilərsən. Sonra oturum izni, ardından vətəndaşlıq üçün baş vurmalısan. Digər millətlərin vətəndaşlıq alma şərtləri bir qədər fərqlidir: Türkiyədə azı 5 il yaşamalı, türkiyəli ilə ailə qurmalı, türk dilini öyrənməlisən. Başqa ölkələrdən gələnlər, bax, belə şərtlərlə qalmağa razıdırlar. Çünki Antalyada gözəl təbiət, iqlim, bir sözlə, yaşayış üçün hər cür şərait var. Burada hətta rusdilli məktəblər də mövcuddur.
94 yaşlı qonaq
“Miracle” otelində də kifayət qədər əcnəbiyə rast gəlmək olardı. Onların əksəriyyəti Qərbi Avropadan, xüsusilə, Almaniyadan idi. Dediklərinə görə, qışda istirahət üçün Antalyanı seçmələrinə səbəb yerli hava şəraiti və qiymətlərin ucuzluğudur. Hətta aralarında otelə bir ayadək istirahətə gələnlər var. Otel rəhbərliyi də onları daimi müştəri kimi qəbul edərək, daha ucuz qiymətə qalmalarına şərait yaradıb. 50-dən yuxarı yaşı olan qonaqlar gündüz vaxtı 20 dərəcəyədək istidə Aralıq dənizində çimir, hovuz kənarında dincəlir, axşamlar isə otelin foyesində oturaraq, müxtəlif içkilərdən dadırlar. Yaşlı olmalarına baxmayaraq, həyat eşqi ilə alışıb-yananlar arasında bir qadın diqqətimizi xüsusi cəlb etdi. Öyrəndik ki, Luiza adlı bu qadının 94 (!!!) yaşı var. Hollandiyadan ailə üzvləri ilə yox, təkbaşına gəlib. Əsa ilə yeriməsinə baxmayaraq, səhhətindən ciddi şikayəti yoxdur. Oteldə keçirilən bütün əyləncəli tədbirlərdə fəal iştirak edir. Belə mərasimlərdə onun rəqs etməsi, hətta karaoke oxuması da diqqətimizdən yayınmadı. Ən təsirli olay isə karaoke zamanı onun ömrünün qürub çağında olan insanın yaşadıqlarından bəhs edən məşhur mahnını ifa etməsindən sonra yaşandı. Mahnının sonunda göz yaşlarına hakim ola bilməyən qoca hamının alqışlarını qazandı.
Bakıya bənzər, Bakıdan fərqli...
Antalya şəhərinin çox gözəl mənzərəsi var. Türkiyənin cənubunda yerləşən bu şəhərin Bakı ilə oxşarlıqlarını da tapmaq olar. Antalya da İçərişəhər kimi köhnə məhəllələrə malikdir. Həmin məhəllələrdə satılar xalçalar, mis və saxsı qablar şəhərin qədim tarixindən xəbər verir. Bizans və Osmanlı imperiyaları, eləcə də ərəb xilafətindən qalma abidələrə burada tez-tez rast gəlmək olur. Dar məhəllələrlə yol birbaşa Aralıq dənizinin sahillərinə aparır. Burada isə insanın qarşısında füsunkar mənzərə açılır: Dəniz və arxasında çiyin-çiyinə vermiş, zirvəsi qarlı Toros dağları. Əksər liman şəhərlərində olduğu kimi, Antalyada da turistlərə gəmi ilə dəniz gəzintisi və sahildə balıq yeməkləri təklif olunur. Dəniz gəzintisi ilə bağlı bütün məlumatları elə sahildəcə almaq mümkündür. Turistlərə təklif olunan bukletlərdə dəniz turnesinin qiyməti, marşrutu, müddəti və s. göstərilir. Gəzintinin qiyməti 5-10 lirə arasında dəyişir. Qış fəslinə rəğmən dəniz sahilində xeyli insana rast gəlmək olardı. Yerli sakinlərlə yanaşı, Türkiyənin digər bölgələrindən və Avropadan gələn turistlər günəşli Antalya qışının keyfini çıxarırdılar. Amma Antalyanın havası heç də hər zaman insanın üzünə gülmür. Səfərimizin 4-cü günündən etibarən leysan yağışları başladı. Aramsız yağışlara rəğmən şəhərin izdihamlı həyatı öz axarı ilə davam edirdi. Bu leysan Bakıya düşsəydi, hansı fəsadlar yaradacağını anlatmağa ehtiyac olmazdı...
******
Antalyaya Peşəkar Futbol Liqasının (PFL) xətti ilə gəlmişdik. Bir həftəlik səfərimizin necə gəlib-keçdiyini heç özümüz də bilmədik. Hər gün hakimlərimizin hazırlıq prosesini də izləyir, dərslərində iştirak edirdik. Oteldə Almaniya, Rusiya, hətta Braziliya komandalarına rast gəlmək olardı. Amma nəinki “Miracle”, digər otellərdə də toplanışda hakimlərin iştirak etdiklərini eşitmədik. Ədalət təmsilçilərimizə Antalyada hazırlıq keçən komandalardan oyunlarını idarə etmələrinə dair xeyli dəvət gəlirdi. Hər gün hakimlərimiz azı 5 oyuna təyinat alırdı. Matçların keyfiyyəti də yetərincə yüksək idi. Belə görünür ki, fevralın 2-də start götürəcək mövsümün ikinci yarısında hakimliklə bağlı ciddi problemlər yaşanmayacaq. Hərçənd, Azərbaycan futbolunda buna zəmanət vermək mümkün olmasa da...
Elşən Məmmədov
Bakı – Antalya - Bakı
P.S. Zəngin təəssüratlarla dolu səfərin təşkilində xüsusi rolu olan PFL rəhbərliyinə minnətdarlıq edirik.