Ukrayna qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə deportasiya edilmiş 4 mindən çox yetim uşağı geri qaytarmağı tələb edir.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Zaporojyeyə səfəri zamanı deyib.
“Rusiya bilərəkdən medianın diqqətini, cəmiyyətin diqqətini bulandırır, bütün uşaqları evakuasiyaya çağırır, deyirlər ki, uşaqlarımızı aparıb bizə böyük xidmət ediblər, bu, humanitar missiyadır, və s.. Bu səhvdir. Bu cinayətdir, bu deportasiyadır, bu, ukraynalı uşaqlara qarşı soyqırımı aktıdır. Geri qaytarılmasını tələb etdiyimiz yetim uşaqların yazılı siyahısı ilə Rusiyaya müraciət etmişik. Faktiki olaraq siyahıda 4396 övladımızın adı var”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, Kiyev oğurlanmış ukraynalı uşaqların geri qaytarılması məsələsində bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.