Ukraynanın yaz aylarında əks-hücum keçirəcəyi gözləntiləri fonunda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Krım körpüsünün sökülməsi də daxil olmaqla, Krıma nəzarəti bərpa etmək planını açıqlayıb.
Lent.az-ın məlumatına görə, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Feysbukda yazıb.
Danilov Moskvanın Krımda təyin etdiyi administrasiyada işləyən Ukrayna vətəndaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini bildirib. O, izah edib ki, onlardan bəziləri cinayət məsuliyyətinə cəlb olunacaq, bəziləri dövlət təqaüdlərini itirəcək və dövlət qulluğunda işləmək qadağan ediləcək.
2014-cü ildən sonra Krıma köçən bütün Rusiya vətəndaşları ölkədən çıxarılmalı və Rusiya hakimiyyəti altında aparılan bütün daşınmaz əmlak əməliyyatları ləğv edilməlidir. Bu plan çərçivəsində o, Rusiya hakimiyyətinin Krımda inşa etdirdiyi 19 kilometrlik körpünün sökülməsinə çağırıb.
Danilov Sevastopolun adının dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. O bildirib ki, Ukrayna parlamenti başqa ad tapana qədər şəhər “6 nömrəli obyekt” adlandırıla bilər.