Fevralın 21-də Rusiya hərbçiləri tərəfindən Xersonda ictimai nəqliyyat dayanacağının atəşə tutulması nəticəsində 6 nəfər həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Xerson şəhərinin müdafiə komendantlığının mətbuat katibi Dmitri Pletençuk məlumat verib.
Bildirilir ki, ruslar Xersonda yaşayış məntəqələrini, mühüm infrastruktur obyektlərini, uşaq bağçasını, xəstəxananı, şəxsi qarajları və avtomobilləri vurub.
Nəticədə evlərə xeyli ziyan dəyib, mərmilərin birbaşa düşməsi nəticəsində bir neçə mənzil yanıb. Bundan əlavə, Rusiya qoşunları yerli bazarı atəşə tutub.
"Küçənin ortasında, öz evlərində və iş yerlərində Xersonun dinc sakinləri yaralanıb və ölüblər. Hazırda 6 ölü və 12 yaralı məlumdur. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.
***
16:17
Rusiya qoşunları əvvəllər Xersonu atəşə tutub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Proskudin məlumat verib.
O qeyd edib ki, çərşənbə axşamı yerli vaxtla saat 12.05-də ən azı 20 partlayış olub.
Məlumata görə, mərmilər şəhərin mərkəzindəki ictimai nəqliyyat dayanacağına düşüb, ölənlər və yaralananlar var.
Bundan əlavə, yerli KİV-in məlumatına görə, yaşayış evinə də raket düşüb.