Rusiya Müdafiə Nazirliyi “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması və ya bərpası üzrə fəaliyyətlərdə iştirak etmək üçün Rusiya Federasiyası tərəfindən hərbi və mülki personalın təmin edilməsi qaydası haqqında” federal qanuna dəyişiklik etmək istəyib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, nazirlik xüsusilə, sülhməramlı missiyalarda təkcə müqaviləli əsgərlərə deyil, bütün hərbi qulluqçulara, o cümlədən çağırışçılara da iştirak etmək imkanı verilməsini təklif edib. Qanun imzalansa, dərc edildiyi gündən qüvvəyə minə bilər. Təklifin eyni zamanda 2022-ci il avqustun 15-dən yaranmış hüquq münasibətlərinə də şamil edilmək ehtimalı var.
Qanun layihəsinin artıq Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, FSB, FSO, SVR, Rusiya Mühafizəsi və digər idarələrlə razılaşdırıldığı bildirilir.
Hazırda qüvvədə olan “Sülhməramlılar haqqında” qanuna əsasən, könüllülük əsasında sülhməramlı missiyada yalnız müqavilə əsasında xidmət edən və ilkin xüsusi hazırlıq keçmiş hərbi qulluqçular iştirak edə bilər.