Hindistanın Telanqana ştatında pələng pambıq tarlasında işləyən 21 yaşlı Morle Lakşmini parçalayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə səhər saatlarında rayonun Qənnərəm kəndi yaxınlığında, fermerlərin gözü qarşısında baş verib. Digər əkinçilər qışqırıb heyvanı qorxutmağa çalışıblar, lakin pələng sürətlə meşədə gözdən itib. Qızı xilas etmək mümkün olmayıb.
Qəzəblənən kəndlilər meyiti yerli meşə idarəsinin binasına aparıb və ərazidə pələngləri tələyə salmaq üçün təcili tədbir görülməsini tələb edərək oturaq aksiya keçiriblər.
Departament rəsmilərinin dediyinə görə, noyabrın sonlarında Qannaram yaxınlığında bir neçə pələng aşkar edilib, onların qonşu Maharaştra əyalətindəki Tadoba meşələrindən gəldiyi güman edilir. Sakinlər Lakşmini parçalayan pələngin əvvəllər bir buzovu öldürən və bir neçə inəyi yaralayan heyvan olduğunu deyirlər.
Rəsmilər bildiriblər ki, onlar pələngləri müşahidə kameralarından istifadə edərək izləyirlər. Hadisədən sonra onlar Hindistanın Milli Pələngləri Mühafizə Təşkilatına və Vəhşi Təbiət İnstitutuna yırtıcıların tutulmasını təşkil etmək və yeni hücumların qarşısını almaq xahişi ilə müraciət ediblər.