İndoneziyada nəhəng piton 44 yaşlı Elizabet Yamalauya hücum edərək onu udub. Qadının həyat yoldaşı onu ilanın ağzında tapsa da, artıq gec olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə qadının günorta saatlarında ailəsinə məxsus bağa getməsindən sonra baş verib. Təxminən üç saat keçməsinə baxmayaraq, o, evə qayıtmayanda 52 yaşlı həyat yoldaşı Benyamin Lanto narahat olaraq onu axtarmağa çıxıb.
Bağa çatan kişi dəhşətli mənzərə ilə qarşılaşıb. O, həyat yoldaşının nəhəng pitonun ağzında olduğunu görüb.
Taliabu adasının polis rəisi Adnan Vahyu Kaşoginin sözlərinə görə, kişi qadını xilas etmək üçün əlində olan alətlə ilanın başını kəsib.
Qadın qısa müddətdə pitonun ağzından çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.