Almaniya Kansleri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında telefon danışığının əsasən Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparıldığı vurğulanıb.
İki ölkə lideri qarşılıqlı münasibətlərlə yanaşı, həmçinin, Ukraynadan qaz tranziti və “Şimal Axını 2” boru kəmərinin nəqli məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, bu gün Berlinlə Vaşinqtonun “Şimal Axını 2” boru kəməri ilə bağlı müqavilə imzaladığı məlum olub.
ABŞ Dövlət Katibinin müavini Viktoriya Nuland deyib ki, Rusiya sözügedən enerji ixracatını Avropa dövlətlərinə qarşı bir silah olaraq istifadə edərsə, Almaniya Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Rəsmi Moskva, öz növbəsində, “Şimal Axını 2”nin həm Rusiya, həm də Avropa Birliyi üçün faydalı bir ticarət layihəsi olduğunu bəyan edib.