ABŞ-da “M&M” istehsal edən fabrikdə iki işçi əridilmiş südlü şokoladın içinə düşüb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə ötən ilin yayında Pensilvaniya ştatındakı Mars Urigley obyektində baş verib. İki kişi istiləşmə üçün hazırlanan şokolad qabına düşüb.
Sex işçiləri şokolad bərkiməyə başladığı üçün həmkarlarını çıxara bilməyiblər. Nəticədə xilasedicilər çənin dibində deşik açmalı olublar. Hadisə nəticəsində kişilərdən heç biri xəsarət almayıb. Onların hər ikisi qoruyucu geyimdə olub, şokoladın temperaturu isə təxminən 45 dərəcə olub.
Əməyin Mühafizəsi və Sağlamlıq Mühafizəsi İdarəsindən bildirilib ki, çənə düşən işçilərin bu sexdə işləməyə icazəsi yoxdur və avadanlıqlarla işləyərkən təhlükəsizlik texnikası ilə bağlı kifayət qədər təlim keçməyiblər. Nəticədə məhkəmə müəssisəni 14,5 min dollar məbləğində cərimələyib.