Türkiyədə dağıdıcı zəlzələdə minlərlə bina dağılsa da Hatayın bir rayonunda buna rast gəlinməyib.
Lent.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Hatayın Ərzin rayonunda bir dənə də olsun bina dağılmayıb.
Axtarış-xilasetmə işləri davam edərkən, zəlzələnin böyük dağıntılara səbəb olduğu Hatayın 110, Osmaniyenin 20 kilometrliyində olan 42 min əhalisi olan Hatayın Ərzin rayonunda binalar yüngül zədə alıb.
Zəlzələ nəticəsində can itkisi olmadığını deyən CHP Ərzin Bələdiyyə Başçısı Ökkeş Elmasoğlu “Ərzində baş verən zəlzələ nəticəsində çox şükür ki, ölən olmayıb”, - açıqlamasını verib.
“Rayonumuza görə sevinirik. Amma təbii ki, bütün bu ölümlərə görə sevincimiz yarımçıq qaldı. Həmin gün o qədər sarsıntı yaşadıq ki, bunu təsvir etmək mümkün deyil. Mən də bir mərtəbəli fərdi evdə yaşayıram. O qədər titrəyiş oldu ki, uşaqlarımızla dərhal qapıya tərəf qaçdıq, hərəkət etmək çətin idi”, - deyə Ökkeş Elmasoğlu bildirib.