Qlobal istiləşmə ilə əlaqədar dünya okeanının səviyyəsinin yüksəlməsi kütləvi tələfata səbəb olacaq.
Lent.az-ın xəbərinə görə, bu proqnozu BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibi Antoniu Quterriş səsləndirib.
O, sığınacaq və beynəlxalq hüquq sahəsində qanunvericilikdə dəyişiklik etməyə çağırıb. "Bəzi ölkələr həmişəlik yox ola bilər", - deyə Quterreş xəbərdarlıq edib. O, buzlaqların davamlı əriməsi fonunda təkcə ada dövlətləri deyil, Banqladeş, Çin, Hindistan və Niderland kimi ölkələrin də risk altında olacağını açıqlayıb.
BMT-nin iqlim ekspertlərinin hesablamalarına görə, 1900-2018-ci illər arasında dünya okeanının səviyyəsi 15-25 santimetr qalxıb. 2100-cü ilə qədər qlobal dəniz səviyyəsinin daha 43 santimetr artacağı gözlənilir. Temperaturun 3-4 Selsi dərəcə artması isə bu rəqəmin 84 santimetrə çatmasına səbəb ola bilər.