Avropa avtomobil istehsalçıları satışların azalması fonunda çətinliklə üzləşdiyi halda, ABŞ avtomobil bazarında yerli istehsalçılara tələbat artıb.
Lent.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzet yazır ki, General Motors və Ford ikinci rübdə uğurlu nəticələr əldə etdikdən sonra illik mənfəət proqnozlarını artıran yeganə kütləvi istehsalçılar olub. Buna səbəb ABŞ-da tətbiq olunan rüsumlar və Çin avtomobillərinə qoyulan məhdudiyyətlər nəticəsində yerli istehsalçıların bazarda üstünlük qazanması göstərilir.
Eyni zamanda Volkswagen, BMW və Mercedes-Benz bu il üzrə mənfəət proqnozlarını aşağı salıblar. Bildirilir ki, Çin istehsalçıları daha münasib qiymətlər hesabına Avropa bazarının təxminən 10 faizini ələ keçiriblər.
Qəzet qeyd edir ki, ABŞ-ın proteksionist siyasəti qısamüddətli üstünlük yaratsa da, uzunmüddətli perspektivdə Amerika avtomobil sənayesinin qlobal texnoloji standartlardan geri qalmasına səbəb ola bilər.