İsrail Müdafiə Ordusunun hərbçiləri Misirdən ölkəyə külli miqdarda narkotik maddənin keçirilməsinin qarşısını alıblar.
Lent.az xəbər verir ki, bu barədə Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, insident fevralın 5-də baş verib. "Hərbçilər "Yoav" regional briqadasının məsul olduğu ərazidə Misirdən İsrail ərazisinə narkotik keçirməyə cəhd edən 3 şübhəlini aşkar ediblər. Hadisə yerinə gələn hərbi qulluqçular polis əməkdaşları ilə birgə narkotik maddənin keçirilməsi cəhdinin qarşısını alıb, şübhəli şəxsi saxlayıb və ondan dəyəri təxminən 50 milyon şekel (təxminən 14,2 milyon dollar - red.) olan 120 kq narkotik vasitəni müsadirə ediblər", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, müsadirə edilən narkotiklər və saxlanılan şübhəli şəxs əlavə araşdırma üçün İsrail polisinə təhvil verilib.