20 yaşlı “Türk Yıldızları” –
19 iyul 2012 13:15 (UTC +04:00)

20 yaşlı “Türk Yıldızları” –

Dünyanın ən maraqlı pilotaj qruplarından olan “Türk Yıldızları”nın yaradılmasının 20 illiyini qeyd edilir. Lent.az-ın məlumatına görə, 1992-ci ildə Hava Qüvvələri komandanı, ordu generalı Halis Burhanın direktivi ilə Konyada NF-5 təyyarələrindən yaradılan “Türk Yıldızları” qrupu ilk rəsmi uçuşunu 1993-cü il iyun ayının 18-də Ankarada gerçəkləşdirib. Pilotaj qrupu geniş ictimaiyyətə 1994-cü il oktyabrın 29-da Ankarada Cümhuriyyət Bayramı mərasimlərində nümayiş uçuşu keçirməklə tanıdılıb. Hazırda Türk Yıldızları dünyanın supersonik (səsdən sürətli) təyyarələrdən ibarət ən tanınmış qruplarından biridir.

“Türk Yıldızları” – özəllikləri

1995-ci ilin aprel ayında Əskişəhərdə «Distant Thunder-95» manevri zamanı xarici hərbçilərə tanıdılan “Türk Yıldızları” ilk dəfə yeddi təyyarədən ibarət qrup şəklində uçuşlar həyata keçirib. 2003-2004-cü illərdə 8 təyyarəli nümayiş paketi üzrə təlimlərə başlanıb. 2004-cü ildən etibarən qrup 8 təyyarə ilə müxtəlif akrobatik uçuşları yerinə yetirir. Qeyd edək ki, “Türk Yıldızları” 8 supersonik təyyarə ilə uçuşlar gerçəkləşdirən yeganə pilotaj qrupudur.

“Türk Yıldızları” bundan başqa, dünyada eyni zamanda ən çox izlənən aviaşouya imza atıb. Belə ki, 2001-ci il avqustun 24-də Bakıya gələn pilotaj qrupu paytaxtın, xüsusilə də Azadlıq meydanının üzərində ən mürəkkəb pilotaj hərəkətlərini yerinə yetirib. Bakıda reallaşdırdığı nümayiş sayəsində eyni anda 1 milyondan çox tamaşaçı tərəfindən izlənilən bu uçuşlarla “Türk Yıldızları” hələ də dünya rekordunu özündə saxlayır.

Ara məsafəsi 1 metr

“Türk Yıldızları” qrupunun uçuşu öz həyəcanı ilə diqqəti cəlb edir. Müxtəlif akrobatik nümunələrin icrası zamanı təyyarələr əksər halda bir-biri ilə 1 metr ara məsafəsi ilə uçur. Nümayiş zamanı 370 km/saat, bəzən də 960 km/saat sürətlə uçan təyyarələrin bir kiçik səhvinin nə ilə nəticələnəcəyini düşünmək o qədər də çətin deyil. “Türk Yıldızları” saytında ən çox cavablandırılan suallardan biri də məhz bu sürətli və başgicəlləndirici uçuşların pilot, yoxsa avtopilot tərəfindən yerinə yetirilməsi ilə bağlıdır. Qrupun pilotlarının sözlərinə görə, bu uçuşlar tamamilə əl ilə, pilotların psixomotor adlanan qabiliyyətləri (əl, ayaq koordinasiyası, göz idarəsi) hesabına idarə olunur. Bu da öz növbəsində pilotdan yüksək hazırlıq tələb edir. Ona görə də, “Türk Yıldızları”nın pilotları ən azı 600 saat birinci pilot uçuşu olan reaktiv təyyarə pilotları arasından öz istəklərinə uyğun olaraq seçilirlər.

Hazırda pilotaj qrupunun üç ayrı nümayiş paketi mövcuddur: yüksək nümayiş paketi - buludların altı ilə yer səviyyəsindən 3 min metr yüksəkdə, aşağı nümayiş paketi – yer səviyyəsindən 1300 metr yüksəkdə, flat nümayiş paketi isə yer səviyyəsindən 300 m yüksəkdə.

Başqa bir maraqlı məqam isə yüksək sürətlə uçan pilotaj qrupunun pilotlarına cazibə qüvvəsinin (G) təsiridir. “Türk Yıldızları”nın saytında yer alan məlumata görə, 80 kq ağırlığındakı pilota 5 G qüvvəsi altında düşən yük 400 kq təşkil edir. Cazibə qüvvəsi qanın bədənin aşağı hissələrinə doğru axmasına səbəb olur. Nəticədə beyində qan çatışmazlığı yaranır. Bu zaman baş sıxıntısı, görmə qabiliyyətinin tamamilə itməsi, hətta huşu itirmə yarana bilir. “Türk Yıldızları”nın təchiz olunduğu anti-G geyim təzyiqli hava ilə şişərək bədənin alt qismini, yəni qıç və qarın bölgəsini sıxır və beləcə qanın alt hissəyə toplanmasını önləyir.

Fəaliyyət göstərdiyi 20 il ərzində “Türk Yıldızları” cəmi bir qəza yaşayıb. 2012-ci il martın 12-də təlim uçuşu zamanı bilinməyən səbəbdən təyyarənin qəzaya uğraması nəticəsində bir pilot – mayor Ümid Özer həlak olub.

Qeyd edək ki, Türkiyə Hava Qüvvələrində 1987-ci ildən istifadə olunan NF-5 uçuş sistemləri və performansı sayəsində pilotaj uçuşu üçün ən münasib təyyarə olaraq seçilib. Əskişəhərdə 1993-cü ilin avqust ayında başlanmış layihə çərçivəsində təyyarənin aerodinamik dartımını artıran chafa/flare dispenseri, top lülələri sökülərək ləğv edilib. Təyyarənin panelləri pilotların istifadəsi və görməsini asanlaşdırmaq üçün yenidən hazırlanıb. Daha yaxşı görmə üçün təyyarənin şüşələri F-4 təyyarələrində istifadə olunan şüşələrlə əvəzlənib. Təyyarənin nümayiş zamanı duman buraxması üçün yanacaq çəni kimi istifadə edilən qanad uclarının digər çənlərlə əlaqəsi kəsilərək rəng çəninə çevrilib. “Türk Yıldızları” 2010-cu ildən etibarən modernləşdirilmiş NF-5 2000 təyyarələri ilə pilotaj uçuşlarını həyata keçirməkdədir. Hazırda qrupun istifadəsində 10 ədəd NF-5A 2000 və 6 ədəd NF-5B 2000 təyyarəsi yer alır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar