İrana bahalığın növbəti dalğası gəlir
06 iyul 2011 18:22 (UTC +04:00)

İrana bahalığın növbəti dalğası gəlir

“Kazax zerno”un məlumatına əsasən, dünyanın ən iri dəniz nəqliyyat şirkəti “Maersk line” İslam Respublikasının bir neçə limanından taxıl məhsullarını daşımağı dayandırdığını bildirib. Şirkətin yaydığı bəyanata o da vurğulanıb ki, bu sayaq məhsullar ABŞ-ın İrana qarşı yeni sanksiyalar siyahısına düşüb: “Maersk line” xarici ticarətlə əlaqədar İrana qarşı qoyulan sanksiyalar və beynəlxalq nəzarət sisteminə uyğun əməkdaşlıq etmək haqda öhdəlik götürüb. Bundan sonra şirkət İslam Respublikasının “Bəndər Abbas”, “Bəndər Xomeyni” və “Osləviyyə” limanlarındakı fəaliyyətini dayandırmağı qərara alıb”.

Ona görə də İrana Asiya ölkələrindən idxal olunan taxıl, düyü və banan bir neçə həftədən sonra tədarük edilməyəcək. Nəzərə almaq lazımdır ki, İran əhalisi daha çox düyüdən istifadə edir.

İsrail informasiya vasitələrinin məlumatına əsasən, buna səbəb “Maersk”in bölgədəki fəaliyyətinə dair özünü təftiş etməsidir.

Ötən gün İranın xarici işlər naziri Əli Salehi qazaxıstanlı həmkarı Erjan Kazıxanovla Qazaxıstan taxılının ölkəsinə qarşılıqlı mübadilə şərt sistemi ilə tədarükünü müzakirə edib. “İki ölkənin potensialı nəzər alaraq, biz yaxın günlərdə dövlətlərarası ticarət dövriyyəsini 5 milyard dollar çatdırmağa çalışacağıq” - deyə, iranlı diplomat söyləyib. O, qeyd edib ki, müzakirə zamanı neft və taxılın qarşılıqlı mübadiləsi, tranzit sahəsində əməkdaşlıqdan da danışıblar.

Ə.Salehinin sözlərinə görə, İran əvvəllər Qazaxıstandan taxıl alırdı, bundan sonra həmin sahədə bütünlükdə özünü təmin keçəcək.

İran ticarət nazirinin müavini Həmid Əlixani deyib ki, 2009-cu ildə İran 13 milyon ton, 2010-cu ildə isə 14,5 milyon ton taxıl toplayıb.

Ölkənin 32 əyalətindən əsasən 16-sı taxılçılıqla məşğul olur. Ancaq daxili bazarda hakimiyyətin qurduğu sistem nəticəsində bu məhsul ucuz qiymətə alındığından kəndlilər taxıl əkinin azaldıb.

Xatırladaq ki, hələ ötəni il ABŞ, Fransa və Kanadadan taxıl idxalı azaldığından İslam Respublikası Qazaxıstan, Hollandiya, Oman və Qatardan əvvəlki illərlə müqayisədə daha çox məhsul idxal etmişdi.

Bundan başqa İran hakimiyyəti beynəlxalq sanksiyalara duruş gətirmək üçün tədbirlər görməkdədir. Keçən il sentyabrın 18-dən etibarən 800 adda kənd təsərrüfatı məhsulunun idxalatına qadağa qoyulub. Nazirlik bu yasağı ölkə prezidentinin idxalat və ixracat haqda qanuna, habelə onun icrası çərçivəsində tətbiq edilib.

Bir neçə ay öncə İranda subsidiyaların ləğvi və bunun siyasi, iqtisadi, sosial təsirləri barədə əslən Güney Azərbaycandan olan, hazırda İsveçdə yaşayan, Türkiyə Qazi Universitetinin iqtisad doktoru Məhəmmədhüseyn Yəhya “Amerikanın səsi” radiosuna müsahibəsində bunları demişdi: “İran dövləti subsidiyaların kəsilməsiylə əlaqədar ölkə üzrə adambaşına bank hesablarına 81 000 tümən (81 dollar) köçürüb. Subsidiyalar kəsildikdən sonra benzinin qiyməti 8 dəfə, çörəyin kiloqramı 8 dəfə, qazın kub metri 7 dəfə, elektrikin kilovatı 2,8 dəfə, suyun kubu 2,6 dəfə və digər məhsulların qiymətləri də dəfələrlə artıb. Dövlət il ərzində adambaşına cəmi 48 dollar çörək subsidiyası verəcək. Unun kiloqramı 300 tümən, çörəyin kiloqramı 1000 tümən (1 dollar) olarsa, o zaman bu pul ailənin tələbatını ödəməyəcək. Subsidiya əhalinin çörək tələbatından çox aşağıdır”.

Hazırda 17 əsas məhsul üzrə subsidiyalar kəsilib və ölkə boyu qiymətlərin orta hesabla 70 faizədək bahalaşmasına səbəb olub. Bahalaşmanın iqtisadi böhran yaradacağı qaçılmazdır və bu siyasi böhrana da səbəb ola bilər.

Doktorun sözlərinə görə, Azərbaycanda hər adam ildə orta hesabla 170 kiloqram çörək yeyir.

“Sinxua” agentliyinin məlumatına əsasən, İran İnqilab Keşikçiləri Qvardiyasının aerokosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə isə bildirib ki, qərbi sanksiyaları İranın “müdafiə qüdrətinə təsir etməyib”.

Ancaq baş verənlər vəziyyətin heç də bu sayaq iddialı bəyanatlarla məhdudlaşmadığını təsdiqləyir. “Qənaətli istehlak proqramı” strategiyasından sonra ölkədə gündəlik tələbat malları orta hesabla 5-8 dəfə bahalandı. Bu baxımdan yaxın günlərdə ölkəni yeni bahalaşma dalğasının olacağı ehtimalını irəli sürməyə imkan verir. Çünki “Maersk”in yük daşımalarını dayandırması Tehranı yeni nəqliyyat vasitələri və üsulları axtarmağa vadar edəcək. Bu isə həmin məhsulların qiymətinin artmasına təsir edəcək. Taxılın qiyməti artarsa, o zaman ölkədə bütün malların bahalaşacağı istisna olunmur. Bu da öz növbəsində cəmiyyətdə etirazlara səbəb ola bilər. Təcrübələr göstərir ki, belə şəraitdə etirazlardan yayınmaq üçün hakimiyyət ölkə içində və xaricində “qurbanlıq” axtarır. Bu “qurbanlıqlar”ın isə rejimdaxili durumu daha da ağırlaşdıracağı ehtimalını artırır.

Qeyd edək ki, “Maersk line” dünyanın iri dəniz nəqliyyatı şirkətidir. Onun 470 yük daşıyan gəmisi, 1,9 milyon konteyneri var. Dünyanın 125 ölkəsində bu şirkətin nümayəndəliyi fəaliyyət göstərir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar