Tehran hakimiyyətini İsrail şirkəti ilə nə bağlayır?
27 may 2011 20:17 (UTC +04:00)

Tehran hakimiyyətini İsrail şirkəti ilə nə bağlayır?

İranın atom-nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə bu ölkələrin rolu az deyil.

Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın atom proqramının hərbi xarakterli olduğuna dair yeni məlumat aldığını bildirib. Qurumun məsələ ilə bağlı yaydığı yeni hesabatda bildirilib ki, İran hakimiyyəti tədricən zəif zənginləşdirilmiş uran ehtiyatını artırır. Mütəxəssislərin dəyərləndirməsinə əsasən, bu ilin fevralında onların 3,6 ton uran ehtiyatı var idisə, bu rəqəm indi 4,105 tona çatıb. Hesabatda qeyd olunub ki, zəif zənginləşdirilmiş uranda 30 faiz artıb. Bir müddət öncə ehtiyatda olan uranın 56,7 kq-ı 20 faizədək zənginləşdirilib.

Lent.az-ın “France Presse”ə istinadən məlumatına görə, hesabatda vurğulanıb ki, 2004-cü ildən sonra İran hakimiyyəti bu yöndə şübhəli fəaliyyətini davam etdirib.

AEBA-nın baş direktoru Yukio Amano mayın 6-da İran Atom Enerjisi Təşkilatının sədri Firidun Abbasiyə məktub yazaraq ondan bu barədə izahat verməsini, agentlik müfəttişlərinin bütün nüvə obyekt və təsisatlarla yaxından tanış olmasına, onların nüvə avadanlıqları, bu sahədə çalışan şəxslər, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı bütün sənədləri nəzərdən keçirilməsi üçün şərait yaradılmasını istəmişdi.

İranın AEBA-dakı nümayəndəsi Əli Əsğər Sultaniniya ötən gün jurnalistlərə açıqlamasında agentliyin İrana qarşı hazırlanan son hesabatındakı ittihamları rədd edib: “Bu hesabatda əsassız və şübhə dolu əvvəlki yorucu iddialar təkrar olunub”.

Yeni məlumat isə heç şübhəsiz, Avropa dövlətləri və ABŞ-ın İran hakimiyyətinə təzyiqlər edilməsi baxımdan mövqeyini gücləndirir.

Ağ ev bu yöndə Tehran hakimiyyətinə basqıları artırmaqdadır.

ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq mayın 24-də jurnalistlərə açıqlamasında İranın nüvə proqramına yardım edən 7 xarici şirkətə - “PCCI” (İranın Cerisi adasında), “Royal Oyster Group” (Birləşmiş Ərəb Əmirliyi), “Speedy Ships” (BƏƏ-İran müştərək şirkəti), “Tanker Pacific” (Sinqapur), “Ofer Brothers Group” (İsrail) və “Associated Shipbroking” (Monako) - sanksiya qoyduqlarını bildirib.

Ceyms Steynberq deyib: “ABŞ dövlət katibi xanım Hillari Klinton İrana qarşı sanksiyaları pozan, onun nüvə proqramı ilə əməkdaşlıq edən 7 xarici şirkətə sanksiya qoyub. Bu addım İranı üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrasına vadar etmək məqsədi ilə atılıb”.

Bundan başqa, ABŞ Venesuelanın ən nəhəng yanacaq şirkəti olan “Petroleos de Venesuela S.A”-ya qarşı da sanksiya tətbiq edib. Bu şirkət Amerika bazarında sifariş qəbul etməkdən məhrum olub.

Ceyms Steynberq daha sonra deyib: “Biz bununla dünyanın bütün şirkətlərinə xəbərdarlıq edirik: İranın energetika sahəsinə dəstək verərək, məsuliyyətsiz siyasət yürütsə, yaxud ABŞ-ın yasaqlarından yayınmaq üçün İrana yarım etsə, həmin şirkətlər ciddi çətinliklərlə üzləşəcək”.

İran parlamenti isə ona qarşı sanksiyalar cavab olaraq, ABŞ-ın 26 keçmiş və fəaliyyətdə olan məmuruna qarşı sanksiya tətbiq edib. Onların arasında ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld, Amerikanın İraqdakı ordusunun komandanı Raymond Oderno, İraqa və Əfqanıstana hərbi müdaxilədə iştirak etmiş general Tommi Frank da var. Onlar “mülki şəxsləri qətlə yetirməkdə və məhbuslara işgəncə verməkdə” şübhəli bilinirlər.

İran İslam Respublikası parlamentinin bu qərarının daha çox deklorativ olduğu kimsə sirr deyil. Çünki yasaq tətbiq edilmiş məmurların İranla çətin ki əməkdaşlığı və ya ticarət əlaqəsi olsun. O bir tərəfdən isə insan haqlarını pozduğuna, seçicilərin zülm edən, fərqli düşündüyünə və qanuni haqqını tələb etdiyinə görə, həbs edən, öz vətəndaşlarını işgəncəyə məruz qoyan Tehran hakimiyyətinin parlamentindən belə bir sanksiyanın qəbulu o dərəcədə ciddi görünmür.

Ötən ayın ortalarında isə İsrail hökuməti də İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiya rejiminə əməl edilməsini müşahidə etmək üçün özəl komissiya yaradıb. Yeni yaradılmış bu qurumun vəzifəsi üçüncü ölkənin yardımı ilə İranla ticarət əlaqəsi saxlayan dövlətlər və qurama şirkətlərin fəaliyyətini aşkarlamaqdır.

Məlumata əsasən, İsrail gələcəkdə də BMT Təhlükəsizlik Şurası, ABŞ, Avropa Birliyi, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən İrana qarşı tətbiq olunan bütün növ sanksiyaların icrasını izləyəcək. Əsas hədəf isə İslam Respublikası ilə neft, qaz hasilatı, nəqliyyat və beynəlxalq maliyyə əməkdaşlığı, ticarətidir.

ABŞ və İsrail İran hakimiyyətinə qarşı sanksiyaların sərtləşdirilməsi təklif ilə çıxış etsələr də, baş verənlər göstərir ki, yəhudi şirkətləri ilə İslam Respublikası arasında ciddi alver faktları var. Belə şirkətlərdən birinin adı sanksiya tətbiq edilən 7 şirkətin siyahısındadır.

Yasaqlara nəzarət güclü olmayanda çeşidli qanunsuz yollara əl atan “dələduzlar” qazanır. Səddam Hüseynin prezidentliyi dövründə İraqa ən sərt sanksiyalar tətbiq edilmişdi. Bu qadağalar daha çox qaçaqmal yolu həmin dövlətin sərvətlərini, özəlliklə xam neftini “qara bazara» çıxaranlara xeyir verdi. Ondan terrorçu qrupların da xeyir götürdüyü ehtimalı az deyil.

Hələ bir müddət öncə ABŞ prezidentinin keçmiş müavini Dik Çeyniyə mənsub olduğu deyilən “Haliberton” şirəkti İranın neft sahəsinə 1,5 milyard dollarlıq sərmayə qoymuşdu. İşin üstü açılanda şirkətdən bildirdilər ki, bu əməliyyatı gerçəkləşdirən onların törəmə şirkətidir. Düzdür, məsələ aşkarlanandan sonra “Haliberton” İrandan çıxdığını və müqaviləni pozduğunu bəyan etdi.

“MIGnews”-un məlumatına əsasən, İsrailin adı çəkilən şirkəti Ofer qardaşlarına mənsubdur. ABŞ dövlət departamentinin bildirdiyinə görə, “Ofer Brothers Group”-u İranın “Islamic Republic of Iran Shipping Lines”-a 2010-cu ilin sentyabrında 8,6 milyon dollara neft tankeri satıb.

“Ofer qardaşları” məsələ ilə bağlı təkzib bəyanatı yayıb: “Biz heç vaxt İrana gəmi satmamışıq. Bunu İsrail dövlətinin rəsmi qurumları da təsdiqləyə bilər”.

“Forbes”-in məlumatına əsasən, Oferlərdən böyük qardaşın 10,3 milyard dollarlıq varidatı var. O, dünyada varlılar siyahısında 79-cu yerdədir. 89 yaşlı böyük qardaş o biri qardaşı Yuli Oferlə birlikdə “Hevra le-İsrael”, “Royal Caribbean” və “Chil” adlı şirkətlərinin yiyəsidir. Bu şirkət daşınmaz əmlak və mehmanxana ticarəti, kimya sənayesi ilə məşğuldur. Daimi olaraq, Monakoda yaşayan Sami Ofer bir il öncə 6,5 milyard dollarla varlılar siyahısında 109-cu yerdə idi.

Məqsədimiz kiminsə var-dövlətini sayıb, mühasiblik etmək deyil. Niyyətimiz yazımızın əvvəlində verdiyimiz suala cavab axtarmaq idi. Belə ehtimal etmək olar ki, diktatorları və terrorçuları dəstəkləyənlər elə onlara qarşı ən ucadan çıxış edənlərdir. Konkret İranla bağlı məsələyə gəldikdə isə bəlli olur ki, Tehran hakimiyyətinin də “işi” bu yöndə pis getmir. Fikrimizcə, məhz elə bu sayaq şirkətlərin və qüvvələrin hesabına İran rəsmiləri “sanksiyalar bizə təsir etmir” bəyanatına verir, insan haqlarını pozur, atom-nüvə proqramını inkişaf etdirir, beynəlxalq terrorçuluğa havadarlıq edir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar