İranı kimlər idarə edir? - ŞƏRH
17 may 2011 19:27 (UTC +04:00)

İranı kimlər idarə edir? - ŞƏRH

Əslində tarixən bu ölkədə İslamın çeşidli təriqətləri yaranıb. Sadəcə olaraq, aparıcı və çoxluqda olan cərəyan həmişə başqalarını sıxışdırıb.

Bu savaş günümüzdə də getməkdədir.

Ötən gün İranın dini-siyasi-ideoloji mərkəzinin - Qumun tanınmışı ruhanilərindən biri, rejimin qatı tərəfdarı ayətulla Məhəmmədcavad Fazil-Lənkərani (o, mərhum ayətulla Fazil Lənkəraninin oğludur) jurnalistlərə açıqlamasında bildirib ki, “yolunu azmışların (farsca “qomrah”, dilimizdə “gümrah” kimi işlənir - S.S.) yaratdığı cərəyan” İran İslam inqilabına “təhlükədir”.

İran informasiya vasitələrinin məlumatına əsasən, o, deyib: “Cəmiyyətimizdə elə dini cərəyanlar və şəxslər var ki, onlar üzdə özlərini dindar, şəriət tərəfdarı kimi göstərsələr də, özlərinin təfsir etdiyi şəriəti əsas sayırlar. Belələri inqilab rəhbəri başda olmaqla din alimlərinin təfsirlərini qəbul etmir, ona inanmırlar. Beləliklə, islamın özbaşına təfsiri, yolunu azmış təriqətlərin meydana çıxmasına zəmin yaradır. Bu çox təhlükəli bir haldır. Çünki islam inqilabındakı yolunu azmış təriqətlərin nüfuzunun başlaması da özbaşına təfsirlərlə əlaqədardır”.

M.Lənkəraninin bu bəyanatından bir neçə gün öncə, İran “Keyhani” adlı “azmışların” təriqətinin liderinin həbsi barədə xəbər yayıb.

Bu təriqətin həbs olunan təmsilçiləri Məhəmməd peyğəmbərə qarşı çıxmaqla yanaşı, “terrorçu qruplarla işbirliyində” suçlanır. İranın uyğun qurumları “Keyhani” təriqətinin son 2 ildə 2 terror aksiyası keçirdiyi ittihamını irəli sürülüb.

Onlar “İran-İslam sitezi” deyə, bir “irfan məktəbi qurmağa”, habelə “Ruh-ul-Qüds”ə - “Müqəddəs ruha” bağlanmaq yolu ilə xəstələri sağaltmaq gücünə malik olduqların iddia edirlər. Mənbənin məlumatına əsasən, günahlandırılanlar “ruhdan və bədəndən cin çıxartma” yönündə də fəaliyyət göstərdiklərini bildiriblər.

Tehran hakimiyyəti bu təriqətin də ABŞ, İsrail və Avropa Birliyi tərəfindən “çeşidli məqsədlər üçün yaradılaraq, dəstəkləndiyini, müsəlmanlar arasında dini dəyərləri, irqi ayrı-seçkiliyi, milliyyətçiliyi təbliğ etdiyini” iddia edir. İran hesab edir ki, həmin təriqətin təmsilçiləri yalnız İranda deyil, bütün islam ölkələrində fəaliyyət göstərirlər.

Ayətullah Lənkəraninin çıxışı, eləcə də “Keyhani”lər haqda bu xəbər İran prezidenti Mahmud Əhmədinejada və onun yaxın ətrafına aiddir.

Qeyd edək ki, prezidenti yaxın qohumu, prezident aparatının keçmiş rəhbəri İsfəndiyar Rəhim-Məşainin sadalanan qeyri-adi qabiliyyətə malik olduğu haqda xəbərlər yayılıb. Məlumatlara əsasən, R.Məşai “ruhla danışmaq, cinləri lənətləmək kimi qeyri-adi gücə” malikdir.

O, panfarsçılığı islam adı altında təbliğ edənlərdəndir. R.Məşai xarici ölkələrdən birində iranlılarla görüşündə demişdi: “İslam mövzusunda çeşidli anlayışlar var. Ancaq İrandakı islam təlimi gerçək təlimdir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq”.

O, bunu “yeni ideya” adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayır. Aparat rəhbəri təbliğat zamanı fars şovinisti Firdovsinin uydurma qəhrəmanlarının adlarını çəkərək, “bu gün iranlıların hamısı “Arəş”, “Rüstəm”, “İsfəndiyardırlar” demişdi.

Hakimiyyətdə təmsilçiləri arasında buna mənfi münasibət bildirənlər də olmuşdu.

Mütəhhərri soyadlı İran parlamentinin üzvü də Məşşainin “biz Rüstəmin, Areşin uşaqlarıyıq” fikrinə münasibət bildirərək, demişdi: “Görəsən, bundan sonra İslamın yerinə, İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və İslami mahiyyəti, irqçi bir mahiyyətəmi çevriləcək? Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (ə), Hüseyn ibn - Əlinin (ə), Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra “Rüstəm”, “Siyavuş”, “İsfəndiyar” və “Areş”mi bizim modelimiz olacaq?”

İran ordusu qərargahının rəisi, general Seyid Həsən Firuzabadi isə prezident müşavirinin söylədiyini “azğınlıq” adlandırmışdı: “Bu cür açıqlamalar milli təhlükəsizliyə, o cümlədən müqəddəs İslam Respublikası ilə yanaşı, islam inqilabına həmlədir”.

Məşai qərargah rəisinin dediklərinə belə münasibət demişdi: “Mənə qarşı irəli sürdüyü ittihama görə, mənim də onunla bağlı məhkəməyə müraciət etmək hüququm var. İctimaiyyəti düzgün məlumatlandırmaq üçün bu addımım atacağam. Bu işdə Allahımın yardımı mənə yetərlidir”.

İran prezidenti M.Əhmədinijat baş verən hadisədə qohumunu müdafiə etmişdi: “O, çox aydın danışıb. Əsil Məhəmməd İslamının İran olduğu bir həqiqətdir və islam tarixində və mədəniyyətinə danılmaz rola malikdir. Bu ifadələrin isə milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu böyük nemətə görə, Allaha şükür etməyin bir ifadəsidir”.

Əhmədinejadın başqa bir yaxını, hazırda tutulan Abbas Qaffari də bildirib ki, qeyri-adi “metafizik qabiliyyət” yiyəsidir və “görünməyən aləmlə əlaqə saxlayır”.

ETTELAAT naziri Heydər Müslehinin yerinə Əhmədinejadın təyin etmək istədiyi şəxs, prezident yanında Mədəniyyət Şurasının başçısı Abbas Əmirifəri də din-ideoloji baxışına görə, tutulub. O, Ruhanilərin Özəl Məhkəməsində mühakimə ediləcək. Buna səbəb “Yaxınlaşan zühur” sənədli filmidir. Filmin rejissoru Əlisəyyar Seyxanidir. Bu ekran əsəri “12-ci İmamın zühurun yaxınlaşdığına” həsr olunub. Filmdə dünyanın axırının çatdığı da vurğulanıb. “Yaxınlaşan zühur” ultramühafizəkar şiə qrupları arasında pulsuz paylanıb. Prokurorluq isə A.Əmirifəri “ictimai rəyi oyatmaqda” və “siyasi xadimləri təhqir etməkdə” ittiham edir.

İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) təmsilçisi, Tehrandakı “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani də Mahmud Əhmədinejadı və onun komandasının kəskin tənqid edib: “Bu gün əsas təhlükə, daxili düşməndir. Bu barədə ayıq-sayıq olmalıyıq. Biz xarici düşmənlərlə yaxşı vuruşub, bu yolda uğur qazanmışıq. İnqilab və quruluşumuzun dostları da, düşmənləri də, fitnə – fəsadla məşğul olanlar da bilməlidir ki, bəsiclər (qvardiyanın əsas kadr bazası-S.S.) keçmişdəki kimi yenə də ayaqdadır... Yolunu azmış həmin cərəyan inqilabın ilk illərində də var idi. Ancaq İmam Xomeyni bəsicləri küçələrə çıxaraq, onların qarşısını aldı…”

Nəzarət şurasının sədri ayətullah Əhməd Cənnətidə ad çəkmədən Əhəmdinejad və onun komandasına, “azmışlar”a, “gümrahlara” qarşı çıxış edib: “Xalq və sistem ayıq olmalı, yolunu azmış cərəyanın hər bir hərəkətini nəzarət altında saxlamalıdır, Onların bu işləri, bir sıra mənfur siyasi məqsədləri uğrunda pul yığması, pul paylaması xalqın gözündən yayınmır. ETTELAAT rəhbərinin işdən çıxarılması və rəhbərin onu yenidən vəzifəsinə qaytarmasından sonra bu məsələ ölkə ictimaiyyətinin diqqətini cəlb etdi. Həm daxildə, həm də xaricdə toy-bayram edib, güman etdilər ki, bununla da hakimiyyət daxilində ixtilaf və nifaq yaranacaq. Biz bu hadisəni gözləmirdik. Lakin bu baş verdi. Təkcə müharibə acı deyil. Psixoloji müharibə də belədir. Bu da fitnəçilərin başlatdığı, sonu xeyirlə bitən bir müharibə idi. Lakin daxili və xarici düşmənlər belə hadisələrin törənməsinə sevinməməlidirlər. Onlar bilməlidirlər ki, bizim xalq heç kəslə ömürlük qardaşlıq əhdi bağlamayıb. Onlar bilməlidirlər ki, bu məmləkət “Vəliyyi -fəqih”in (ayətullah Xamneyinin tutuduğu vəzifə - S.S.) məmləkətidir”.

Bu sayaq örnəklərə əsasən, belə qənaətə gəlmək olar ki, Tehran hakimiyyəti mənəvi cəhətdən aşınır. Ölkəni idarə edənlər ideya boşluğundan və təşəbbüssüzlükdən artıq insanların inanclarına belə müdaxilədən çəkinmir. Yaxud mövcud duruma düşmələrinin baisi olaraq, cadugərləri suçlayıb, ölkə vətəndaşlarını bu sayaq sakitləşdirməyə çalışacaqlar. Elə çar Rusiyasında Rasputindən “qara qüvvə”, “şeytan obrazı” düzəltdikləri kimi.

Beləliklə, bu xəbərlərdən belə bir nəticəyə gəlmək olar - İran hakimiyyəti “gümrahlaşır”…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar