İranda doğulan, Afrikada yaşayan, sufiliyə gedib çıxan ingilis qızı - HEKAYƏT
04 mart 2011 16:20 (UTC +04:00)

İranda doğulan, Afrikada yaşayan, sufiliyə gedib çıxan ingilis qızı - HEKAYƏT

O, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olaraq adını TARİXƏ yazdı!

Nobel mükafatı ona “əsərlərində qadın təcrübəsindən doğan ehtiras, skeptizm, və uzaqgörənlik gücünə malik xüsusiyyətlərinə” görə verilib.

Bu qadın dünyaca məhşur ingilis yazıçısı, çoxlu sayda mükafatların lauratları, əsərlərini böyük maraq və həvəslə oxuduğum Doris Mey Lessinqdir!
Yəqin ki, onun “Marta Kvest” (1952), “Uyğun gələn nikah” (1954), “Fırtınadan sonra xırda ləpə” (1958), “Quruyla dövrələnmiş” (1966), “Dörd qapılı şəhər” (1969), “Cəhənnəmə eniş təlimatı” (1971), “Qürubdan əvvəl yay” (1973), “Üç, dörd, beşinci zonalar arasında nikahlar” (1980), “Siriusda aparılan eksperimentlər” (1981), “Səkkizinci planet təmsilçiləri komitəsinin yaradılması” (1982), “Voliyen imperiyasının hissiyatlı agentlərinə dəxli olan Sənədlər” (1983),“Yaxşı terrorçu” (1985), “Beşinci uşaq” (1988), “Və yenə də eşq”, “Mara və Den” (1999), “Tərk edilmiş Ben” (2000) əsərlərini, həddindən artıq maraqlı novellalarının bir hissəsini oxumusunuz.
Şəxsən mən hamısını oxuyub çatdıra bilməsəm də, əsərlərinin kifayət qədər böyük bir hissəsini oxumaq imkanına malik olmuşam və hər kəsə böyük məmnuniyyətlə oxumağı tövsiyə edərdim. Onu böyük yazıçılığa gətirən yol haradan başlamışdır və onun əsərlərini bu qədər maraqlı edən nədir?
İngilis yazıçısı Doris Mey Lessinq 22 oktyabr 1919-cu ildə İranda, Kirmanşahda anadan olub. Onun atası zabit, anası isə tibb bacısı idi. Ailələri 1925-ci ildə ingilis müstəmləkəsi altında olan Zimbabveyə köçür. Doris Mey Lessinq Hararedə qızlar üçün nəzərdə tutulmuş katolik məktəbində təhsil alır. Lakin təhsili başa çatdıra bilməmiş və bundan sonra o, heç yerdə oxumamışdır. Buna baxmayaraq, uşaqlıqdan qabiliyyətli, hər şeyə maraq göstərən olduğundan onun bioqrafiyasında müxtəlif vəzifələrin adları yazılıb. Belə ki, Doris Mey Lessinq xəstə baxıcısı, telefon operatoru, jurnalist... kimi fərqli sahələrdə fəaliyyət göstiərib. O, çox həssas və dərin müşahidə qabiliyyətinə malik bir insan idi və bununla həmişə ətrafındakıları heyrətləndirirdi.
Yaşadıqları Zimbabvedə qara irqdən olanlara bəslənilən soyuq münasibətin şahidi olmuş, bu səbəbdən də Doris Mey Lessinq qara dərili afrikalıların və müstəmləkəçilərin mürəkkəb münasibətlərindən yazmaqla ədəbi fəaliyyətə başlamışdır. Doris Mey Teylorun (qızlıq soyadı) valideynləri Rodeziyada kənd təsərrüfatı ilə məşğul olmağa çalışırdılar, amma bir uğur qazana bilmirdilər. Doris özünün həyat məktəbini elə burada, Rodeziyada keçdi. Hələ gənc bir qadın ikən, Doris yerli parlamentə işə düzəldi, burada müxtəlif solçu hərəkatların təmsilçiləri ilə yaxınlıq yaratdı. Doris ilk dəfə 1939-cu ildə ərə getdi və bu nigahdan iki uşağı oldu. İkinci Dünya müharibəsi dövründə Doris özünün ikinci əri – alman mühaciri və marksist Gottfrid Lessing ilə tanış oldu (Dorisdən boşandıqdan uzun illər sonra Almaniyanın səfiri olaraq işləyərkən Uqandada həlak oldu). O, övladları ilə birlikdə 1949-cu ildə Londona köçdü və həyatının sonuna qədər burada qaldı.

Afrikalıların müstəmləkəçilərlə münasibətlərindən yazan yazıçı

Doris Mey Lessinqin əsərləri 1949-cu ildən nəşr edilməyə başlayır. 1950-ci ildə Lessinqin ilk romanı - “Çəmənlərin mahnısı” nəşr edilir. Roman öz adına görə T.S.Eliotun “Bərəkətsiz torpaq” poemasına borclu idi. Aparteid dövrü Rodeziya cəmiyyətindəki həyatın özünəməxsus xronikası olduğuna görə roman alqişlarla qarşılandı. Bundan qısa müddət sonra Lessinq düşündüyü “Zorakılıq uşaqları” seriyası üzərində işləməyə başladı. Bu seriya beş romandan ibarət oldu: “Marta Kvest” (1952), “Uyğun gələn nigah” (1954), “Fırtınadan sonra xırda ləpə” (1958), “Quruyla dövrələnmiş” (1966), “Dörd qapılı şəhər” (1969).

“Persona non-qrata” elan edilən yazıçı

Afrikanın əyalətlərində keçirdiyi həyat nəticə etibarı ilə onun uzun müddət tükənməyən yazıçı ilhamının qaynağı oldu. 1950-ci və 60-cı illərdə Britaniya kommunist partiyasının və nüvə silahına qarşı hərəkatın fəallarından biri olduğu, aparteid rejimini tənqid etdiyi üçün onu Cənubi Rodeziyada, Cənubi-Afrika respublikasında “arzuolunmaz şəxs” (persona non-qrata) elan etdilər. Onun tərəfindən dəfələrlə aparteid rejimi əleyhinə tənqidi fikirlər səsləndirildiyindən Doris Mey Lessinqin Cənubi Afrika Respublikasına ziyarət etməsinə icazə verilmirdi.
Doris Böyük Britaniyada kommunistlərə və pasifistlərə qoşuldu, özünü feminist ədəbiyyata həsr etdi. Bundan sonra elmi fantastika, ardından sufizmlə maraqlanmağa başladı. Tənqidçilər Lessinqin maraq dairələrinin bir-bir dəyişməsini izləyə bilmirdilər və Lessinqin yazılarına müvafiq damğanı yapışdırmağa həmişə gecikirdilər. Lessinq kommunizmin gələcəyi barəsində ümidsiz və feminizmin perspektivləri barədə skeptik olduğunu cəmiyyət qarşısında açıq şəkildə bəyan etdikdən sonra, ədəbi çevrələrdəki tənqidçilər də onun kitabları barədə ortaq məxrəc tapmaq ümidini tamamilə itirdilər və Lessinqdən əllərini çəkdilər.
Doris Lessinq özü belə hesab edir ki, formal təhsil ala bilməməsi onun üçün müsbət hal idi. Çünki Dorisin dünyagörüşü arvosentrizm təlqinlərindən təsirlənməmiş, bu hal isə onu aşırı xarici təsirlərdən qorumuşdur. Gəncliyində Doris ehtiraslı bir dinləyici idi və onun marağını çəkən həmsöhbətlərinin bəhs etdikləri mövzularından hər şeyi sanki süzərək öz daxilinə alırdı. Şəxsi təcrübəyə əsaslanmayan həyat haqqında hazır təsəvvürlər, şablonlar – “ağıllı görsənən axmaqlıqlar” Dorisi iyrəndirirdi.
Lessinqin hələ ilk əsərləri – “Çəmənlərin mahnısı”, “Marta Kvest” XIX əsr tərbiyə ədəbiyyatının ən yeni və güzəştsiz, realist nəsr əsərləridir. Onun çoxlu sayda roman, pyes, hekayələri dərc edilmişdir. Müəllifin məşhur romanlarından biri feminist ədəbiyyatının klassikası hesab olunan “Qızıl gündəlik” adlı romanı olmuşdur. Çoxlarının şah əsər adlandırdığı “Qızıl gündəlik” (1962) romanı “əsl Lessinq” yaradıcılığının nümunəsi hesab edilirdi.
Bu roman feminist ədəbiyyatının klassikası sayılırsa da, Lessinqin özü romanın ancaq bir istiqamətdə feminist ədəbiyyatı olduğunun üstündə durur və əslində burada baş mövzu cəmiyyətdə şəxsiyyətin hüquqlarıdır, heç də qadının cəmiyyətdəki rolu deyil. 1962-ci ilə gəlincə, Dorisin ən məşhur romanı “Qızıl gündəlik” nəşr olunduğu zamanlarda o özünü artıq texniki olaraq savadlı, yetişmiş ədəbiyyatçı kimi, amma ilk ədəbi ilhamını tükətmiş kimi hiss edirdi.
Qismən də şotland psixiatr Ronald Lenqin kitablarından təsirlənərək yazdığı “Gündəlik”də Lessinq özünün alter-eqosunu kəşf edirdi. Alter-eqo olan əsərin qəhrəmanı orta yaşın böhranı və yaradıcılıq ehtirası ilə üzləşmiş qadın yazar Anna Volfdur. Roman ancaq incə psixoloji təcrübə kimi tanınmır, həm də cəsarətli formal eksperiment kimi bilinir.
Lessinqin eyni zamanda dörd müxtəlif gündəliyi var idi. Gündəliklərin hər biri həyatının müəyyən sahəsinə həsr edilmişdir. Biri Afrikada keçirilən gənclik xatirələrinə həsr edilib, digəri özünün siyasi görüşlərinə, o birisi isə özündən uzaqlaşaraq sanki keçmişini kənar bir şəxs kimi görən insanın qeydlərinə. Sonuncusu isə onun əsl gündəliyidir. Özünün “mənini” tamamilə itirmək qorxusu ilə Anna bütün bu parçalanmış qeydləri birləşdirməyə səy göstərir.

Qadın ədəbiyyatının klassikasına çevrilən kitab

Kitab qısa zaman ərzində XX əsr ingilis dilli qadın ədəbiyyatının klassikasına çevrildi, Lessinq özü isə oxucular tərəfindən çox oxunan müəlliflərdən biri oldu. Onu universitetlərdə mühazirələr deməyə dəvət etdilər, onun nəsri az qalmışdı ki, feministlər üçün etalona çevrilsin. Amma elə olmadı. Yazıçı özü feministlərə istehza ilə yanaşmağa başlamışdı. Lessinq 1982-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibəsində bu sözləri işlətdi: “Feministlər istəyirlər ki, bu heyvanların, yəni kişilərin olmadığı bəşəriyyətin qızıl sabahı uğrunda mübarizədə mən də onların tərəfində olduğumu bəyan edim. Onlar həqiqətən istəyirlərmi ki, insanlar kişilər və qadınlar haqqında bəsitləşdirilmiş təriflər, bəyanatlar versinlər? Bəli, istəyirlər. Təəssüf ki, mən bu nəticəyə gəldim.”
Kommunizm və sosializm barədə ümidsizliyə düçar olan yazıçı, bəşəriyyətin müasir həyatını, gözəl və ya əksinə, faciəvi gələcəyini izah etməyə çalışaraq, bütün nəzəriyyələrə bəzən kinayə ilə cavab verir, hadisələrə istehza ilə yanaşmağa başlayır. Onun fantastika mövzusuna müraciət etdiyi əsərləri (“Kanopus Arqosda”, “Mara və Dann” və axırıncı əsəri “Çatlaq” da daxil olmaqla digər kitabları) – paradoksal şəraitdəki insan münasibətlərini kəşf etmə təcrübəsidir və qətiyyən alternativ dünya yaratmaq cəhdləri deyil.
“Cəhənnəmə eniş təlimatı” (1971) və “Qürubdan əvvəl yay” (1973) romanları oxucunu pozulmuş psixikanın və dəliliyin dərinliklərinə aparırdı. “Kanopus Arqosda: arxivlər” silsiləsi isə gələcək haqqında vizioner-alleqorik romanların tam bir seriyasını təşkil edirdi. Burada personajlar - qadın və kişi arxetipləri – kosmik məkanda qarşılıqlı təsirdədirlər.
Bu silsilə “Şikasta” (1979), “Üç, dörd, beşinci zonalar arasında nikahlar” (1980), “Siriusda aparılan eksperimentlər” (1981), “Səkkizinci planet təmsilçiləri komitəsinin yaradılması” (1982) romanlarından ibarətdir.
Lessinq pakistanlı teoloq İdris şahın yardımı ilə sufi islamın doktrinaları ilə yaxından tanış olmuşdu. Yəqin ki, sufiliyə bu dərin maraq onun uşaqlıq illərini İranda keçirməsi ilə əlaqəli olub və onun şərq motivləri ilə zəngin “Şikəstə” romanını yazmasında təsiri olub.
Axırıncı romanın motivləri əsasında 1988-ci ildə bəstəkar Filip Glass opera bəstələdi. Silsilənin sonuncu romanı “Voliyen imperiyasının hissiyatlı agentlərinə dəxli olan sənədlər” romanıdır.
“Yaxşı terrorçu” (1985) romanı londonlu inqilabçılar qrupundan bəhs edir. “Beşinci uşaq” (1988) romanı primitiv inkişaf səviyyəsində olan və anadangəlmə eybəcər doğulan bir uşaq haqqında hekayətdir. 1996-cı ildə, səkkiz illik fasilədən sonra “Və yenə də eşq” romanı nəşr edildi. 1999-cu ildə “Mara və Den” romanı işıq üzü gördü. Bir neçə il sonra “Beşinci uşaq” romanının davamı olan “Tərk edilmiş Ben” romanı çap olundu.
Doris Lessinq “Yaxşı qonşunun gündəliyi” (1983) və “Əgər qocalıq bacarsaydı...” (1984) romanlarını Ceyn Somers təxəllüsü ilə nəşr etdirdi.
Öz hekayələri ilə də Lessinq böyük hörmət qazandı. Əsas məcmuələri: “Bu qoca başçının ölkəsi idi” (1951), “Sevmək vərdişi “ (1958), “Kişi və iki qadın” (1963), “Afrika hekayələri” (1964), “Cek Orkninin yoldan çıxmaları” (1972) və.s.
1978-ci ildə onun bütün “kiçik nəsr” əsərlərinin daxil olduğu hekayələr cildi çıxdı. Bu cildə ancaq Afrikada baş verən hadisələrdən bəhs edən hekayələri daxil deyildi. 1992-ci ildə isə onun daha bir məcmuəsi – “İndiki zaman” işıq üzü gördü.
Lessinq ingilis teatrlarında səhnələşdirilmiş dörd pyesin müəllifidir: “Mister Dolincer” (1958), “Hərəyə öz səhrası” (1958), “Billi Nyuton haqqında həqiqət” (1958) və “Pələnglə oyun” (1962).
1997-ci ildə bəstəkar F.Qlas ilə əməkdaşlığın nəticəsi Almaniyada “Üç, dörd, beş zonaları arasında nikahlar” operası baş tutdu. Lessinqin publisistika nümunələri sırasında geniş rəğbət qazanan əsərləri “Hər şeydən əvvəl pişiklər”(1967) (yenidən işlənərək dərc edilən “Hər şeydən əvvəl pişiklər və Rufus” 1997) və iki cilddə xatirələrinin qələmə alındığı “Evə gedərkən” (1957) və “İngilisliyin axtarışında” (1960) kitabları oldu. Bu kitablar, qadınların böyük sivilizasiyalar uğrunda mübarizədə göstərdikləri passiv təsirlərdən, onların fəlsəfi xarakterli problemlərə müxtəlif rakurslardan yanaşmalarından ibarətdir.
1995-ci ildə Lessinq Harvard universitetində doktorluq dərəcəsinə layiq görüldü. Elə həmin il Cənubi Afrikanı ziyarət edə bildi.
1999-cu ilin dekabrında “millət qarşısında xüsusi xidmətlərinə görə” keçən minillikdə Şərəf ordeni kavalerliyinə layiq görülənlərin sonuncu siyahısına daxil olanlar arasında onun adı da var idi!
2000-ci ilin yanvarında Londonun Milli portret qalereyasında rəssam Leonard Makkombanın əsəri olan “Dors Lessinq portreti” əsəri rəsmi olaraq sərgiyə təqdim edildi!
Onun yaradıcılığındakı qəribəliklər dünya ədəbiyyatına yeni ruh gətirirdi. Bu səbəbdən də Doris Mey Lessinq həm oxucuların, həm də məşhur tənqidçilərin diqqətini cəlb edirdi!
Elə ona görə də o, 2008-ci ildə Ədəbiyyat üzrə “əsərlərində qadın təcrübəsindən doğan ehtiras, skeptizm, və uzaqgörənlik gücünə malik xüsusiyyətlərinə” görə Nobel mükafatına layiq görüldü!
Bəzi məlumatlara görə məhz fantastik janrda yazılmış kitablar Lessinq üçün Nobel mükafatının verilməsini iyirmi il gecikdirdi. Çünki İsveç akademiyası bu janra o zamanlar ciddi münasibət bəsləmirdi. Amma zəmanə artıq dəyişmişdi.
Doris Lessinq Nobel mükafatı haqqında xəbəri özünə yaraşan istehza ilə qarşıladı. Poker oyunundan bir termini işlədərək, ədəbi mükafatların “fleş-royalını” topladığını qeyd etdi.
O, təkcə əldə etdiyi mükafatları, o cümlədən Nobel mükafatı ilə deyil, yazdığı onlarla məşhur əsərləri ilə adını əbədiyyən dünya TARİXİNƏ yazmış bir QADIN, bir ŞƏXSİYYƏTDİR! Onun əsərləri ölməzdir və o əsərlər ona da ÖLMƏZLİK ünvanını hələ sağlığında qazandıra bildi…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626

Oxşar yazılar