Yerevan gözünü Moskvanın jestinə dikib
22 oktyabr 2010 20:40 (UTC +04:00)

Yerevan gözünü Moskvanın jestinə dikib

İki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində deyib ki, iş adamları səviyyəsində əməkdaşlıqları genişlənməkdədir.

M.Mömininin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında sahibkarlar kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər.

O deyib ki, Ermənistanda İranın iş adamlarına min hektar əkinçilik üçün yaralı torpaq sahəsi verilib. Burada mədəni bitkilərin yetişdirilməsi ilə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulayıb.

M.Mömini qeyd edib ki, İran hökuməti daxili bazarda iribuynuzlu qaramala olan tələbi idxal hesabına ödəmək siyasətini yürüdür. Ötən ilin 11 ayı ərzində İran Ermənistandan 147 min baş mal-qara idxal edib, bu rəqəmin 500 minə çatdırılması nəzərdə tutulub.

Bu gün, oktyabrın 22-də Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan jurnalistlərə açıqlamasında deyib ki, bu il onlar İran İslam Respublikasına 55-57 min baş qoyun ixrac ediblər. «Bu il Ermənistandan 55-57 min baş qoyun (onların 10-15 mini Gürcüstandan tranzit yolu göndərilib) ixrac edilib» - deyə nazir vurğulayıb.

Erməni kəndliləri hər il bu ixracatdan 10,6-13,2 milyon dollar qazanc əldə edirlər. 2009-cu ildə Ermənistanda 511 min qoyun var idisə, bu il onların sayı 911 min başdır.

Lent.az-ın «arka.am»-a istinadən məlumatında bildirilib ki, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2020-ci ildə xırda buynuzluların sayını 1,2-1,5 milyon başa çatdırmaq niyyətindədirlər. Mənbənin məlumatında vurğulanıb ki, hər il Ermənistanda 500 min quzu doğulur, onların 250 mini dişi quzudur.

İran-Ermənistan əlaqələri ABŞ maliyyə nazirinin müavininin Azərbaycana səfəri zamanı da diqqət mərkəzinə gəlib. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin «Ermənistan İrana qarşı sanksiyalar qoşulacaqmı» sualını cavablandırarkən, deyib: «Problemin həllinin güc yolu və ya sanksiyalarla həll ediləcəyinə inanmırıq».

O, qeyd edib ki, əlbəttə, BMT Təhlükəsizlik Şurasının qərarına bütün üzv dövlətlər hörmə etməlidir : «Biz ümid edir ki, beynəlxalq ictimaiyyətin və İranın birgə səyi nəticəsində, danışıqlar yolu ilə İslam Respublikasının atom-nüvə proqramına dair məsələdə anlaşma əldə ediləcək».

Erməni nazirin sözlərinə görə, ölkəsi İran arasında əməkdaşlıq genişlənir, iqtisadi, özəlliklə energetika və nəqliyyat sahələrində birgə proqramlar həyata keçirilir.

«Ölkələrimiz arasında fəal ünsiyyət mövcuddur. Rəsmilər qarşılıq səfərlər həyata keçirir. Biz Ermənistan baş nazirinin İrana səfərinə hazırlaşırıq. Bir neçə gün öncə İslam Respublikası parlamentinin sədri Əli Laricani ölkəmizə səfər etmişdi. Hazırda bizim İranla qarşılıqlı səmərəli münasibətimiz var və biz bunu davam etdirmək niyyətindəyik» - deyə, erməni diplomat söyləyib.

Erməni rəsmiləri bu sayaq bəyanatları ilə Tehran hakimiyyətinin «başının altına yastıq qoysa da» onların Ermənistanda tikmək istədiyi neft emalı zavodu layihəsinin inşasını dondurub.

Hazırda atom proqramına görə ABŞ və Avropa ölkələrinin İrana qarşı iqtisadi sanksiyaları genişləndirməsi fonunda Ermənistanın bu addımını şərh edən Areq Qalstyan bu məsələdə siyasi məqamın olmadığını iddia edib.

Areq Qalstyan deyib ki, layihə bağlanmayıb, sadəcə, əlavə təhqiqatlar aparılması məqsədilə dondurulub: “İlk növbədə bu neft emalı zavodunun iqtisadi baxımdan sərfəli olub-olmaması məsələsi aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın energetika və təbii ehtiyatlar naziri bildirmişdi ki, Ermənistan-İran İşçi Qrupu Təbrizdən Erasx şəhərinə çəkiləcək neft kəməri ilə bağlı texniki qiymətləndirmə işini başa çatdırıblar. Neft kəmərinin tikintisinin 2010-cu ildə başlaması nəzərdə tutulur. Kəmərlə ildə 1,5 milyon ton neft ötürülməlidir. Rusiyanın “Qazprom” şirkəti neft kəmərinin çəkilişində 10 faiz payla iştirak etmək niyyətindədir. Ancaq neft emalı zavodunun bütövlükdə, neft kəmərinin isə əsasən İranın öz pulu ilə tikilməsi planlaşdırılırdı.

Qeyd edək ki, Ermənistanda neft emalı tikmək istəyən İran özü neft emalı zavodlarının gücünün az olması səbəbindən benzin qıtlığından əziyyət çəkir. Çünki Qərb şirkətləri İrana benzin satılmasını dayandırıblar.
Heç şübhəsiz, Ermənistan sanksiyaya qoşulmaq üçün ilk növbədə Moskvadan işarə gözləyəcək. Çünki onu yedirdib-bəsləyən, yeri gələndə Güney Qafqazda vəziyyəti öz xeyrinə gərginləşdirmək istəyən iki dövlətdən biri İrandırsa, o biri və ən əsas patronu Rusiyadır. Ermənilərin İran hakimiyyətinə qarşı münasibətini isə həm də Moskvanınkı kimi dəyərləndirmək olar.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar