Böyük Hindistan nağılı... - HƏYAT HEKAYƏTİ
14 oktyabr 2010 13:36 (UTC +04:00)

Böyük Hindistan nağılı... - HƏYAT HEKAYƏTİ

Onun həyatı bir çox romanların və başqa janrlı əsərlərin mövzusu olacaq, qəhrəmanlar onu xatırlayacaqdı… Məsələn, siz yəqin Şaşi Tharoorun “Böyük Hindistan romanı” əsərini oxumusunuz. Əsərdəki Priya Duryodhani xarakteri İndira Qandidən başqa biri deyil.

Siyasi həyatı enişli-yoxuşlu olan İndira Qandi, ölümündən sonra populyar kültürün bir parçasına çevrildi. Adı açıqca çəkilməsə də, ünlü siyasi romanlar müəllifi Tom Klensinin “Vicdan borcu” (Debt of Honor) və “Qəti əmrlər”(Executive Orders), Rohinton Mistrayın “Mükəmməl balans” (A Fine Balance) romanlarındakı qadın qəhrəmanların da İndira Qandi olduğu iddia edilməkdədir. Amma bunlar hələ çox sonralar baş verəcəkdi... Bir ömür – qadın lider ömrü yaşandıqdan sonra!

“Millətə xidmət edərkən ölsəm, bununla fəxr edərdim. Qanımın hər damlası bu millətin inkişafına xidmət edəcək, onu daha da güclü və dinamik bir vəziyyətə gətirəcək”.
İndira Qandi

1917-ci il noyabrın 19-da Hindistanın ilk baş naziri və ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəman Cəvahirləl Nehrunun ailəsində bir qız dünyaya gəldi. İndira adı verilən bu uşağa Allah gələcəkdə Hindistanın dünyaca ünlü ictimai-siyasi xadiminə çevrilmək kimi bir tale yolu cızmışdı... Ancaq bir çoxlarının qibtə ilə baxdığı bu qadının həyat yollarına həm də çoxlu keşməkeşlər, çətinliklər və əziyyətlər də yazılmışdı...

Ruh qohumları

“Duyğularınıza diqqət edin - düşüncənizə çevrilir, düşüncənizə diqqət edin - fikrinizə çevrilir, fikrinizə diqqət edin - nitqinizə çevrilir, nitqinizə diqqət edin - hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin - xarakterinizə çevrilir, xarakterinizə diqqət edin - taleyinizə çevrilir”.
M.Qandi

Siyasətin içində doğulub, siyasətin də qurbanı olan İndira Qandi elə siyasət üçün doğulmuşdu. Bəlkə siyasət və insanlıq halına harmoniya gətirmək, qadının siyasətdəki yeri və rolunu göstərmək ( bu yer və rolun özünəməxsus standartını – hind (Şərq!) standartını nümayiş etdirmək, müəyyənləşdirmək!) üçün - desək, daha doğru olar.

...Hindistanın əfsanəvi qəhrəmanı, ölüm aclığı keçirən (“ölüm orucu” tutan) Mahatma Qandinin yatağının başında oturaraq, onun üçün həyəcan keçirən balaca qızın şəkli dünyada çox tez populyarlaşdı. Qandi ilə yanaşı bu qızcığaz da beynəlxalq aləmin diqqətini cəlb etdi.

Yeri gəlmişkən, bir çoxları onu əfsanəvi Mahatma Qandinin yaxınlarından hesab etsə də bu doğru deyil. Bu balaca qız Mahatma Qandi ilə heç bir qohumluq əlaqəsi olmayan, ancaq onu dünyalarca sevən balaca İndira idi. Qandilər fiziki baxımdan qohum olmasalar da ruh qohumu, dava (millət davası!) qohumu, sevda (azadlıq sevdası!) qohumu idilər!

Bilmirəm, bəlkə də Qədim (sirli!) mədəniyyətin, böyük bir sivilizasiyanın beşiyi olan Hindistanda (Şərqdə!) hind ruhanilərinə, seçilmişlərə bəlli olan hansısa bir enerji mübadiləsi yolu, ruhi-mənəvi kodların ötürülməsi üsulu (qaydası) mövcuddur; ancaq onu bilirəm ki, hər dəfə Qandilərin həmin yataq başında çəkilmiş şəklinə baxanda mənə elə gəlir ki, geriyə dönüşü olmayan bir yola çıxmış Mahatma Qandi öz istək və arzularını, fikir və düşüncələrini, İlahi qaynaqlı energetikasını qolundan bərk-bərk tutduğu İndiraya ötürməkdədir!

Sanki bir ömür başqa bir Ömrü bəsləyirdi!

Mahatma Qandinin məhrumiyyətlərini öz üzərində hiss edə-edə, onun üçün göz yaşları tökə-tökə daha da mətinləşən balaca İndira böyüyüb (sözün bütün mənalarında böyüyüb!) ölkəsinin ilk qadın baş naziri kimi adını tarixə yazacaqdı... Bu yerdə ustad Mahatma Qandinin sözlərini xatırlamaq yerinə düşər: “Cəsarət digər nəcib keyfiyyətlərin inkişafı üçün vacibdir. Özünüz deyin, cəsarət olmadan həqiqəti necə axtarıb tapmaq və ya məhəbbəti qoruyub saxlamaq olar?!”


O, siyasi aləmin içində böyüdüyü üçün hələ gənc yaşlarından təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da ona Hindistanın müstəqilliyi tarixində dördüncü baş nazir olmaq imkanı vermişdi. Hindistanın Pakistanla münasibətlərinin normallaşdırılmasında önəmli rol oynamış və bununla da qarşıdurmanın bölgə xalqlarına xeyir gətirmədiyini sübut etmişdi. Bir neçə dəfə siyasətdən uzaqlaşdırılsa da, o, siyasi aləmə öz möhürünü vura bilmişdi. O, siyasətlə, siyasi aləmlə o qədər qaynayıb-qarışmışdı ki, bu yolda oğlunu qurban versə də, yenə mübarizəsindən əl çəkməmişdi.

İndira Qandi öncə demokratiya qəhrəmanı, sonra diktator, onun arxasınca yenə də demokratiya qəhrəmanı kimi səhnəyə çıxdı! Həyata keçirdiyi islahatlarla Hindistanın inkişafına nail olaraq, ölkəni aclıq və yoxsulluqdan qurtardı. Supergüclərlə mübarizələrdə ortaya qoyduğu çevik siyasət ölkəsini müxtəlif təhlükələrdən xilas etdi. Başqa dövlətlərə arxayın olmaqla ölkənin təhlükəsizliyini qoruyub saxlamağın mümkün olmadığının hiss etdiyi vaxt Hindistanı nüvə silahı olan ölkəyə çevirmək üçün titanik cəhdlərdə bulundu və istəyinə nail oldu. Sui-qəsdin qurbanı olanadək Hindistan siyasəti onunla nəfəs aldı! Böyük, qədim bir Şərq ölkəsinin ictimai-siyasi həyatının ritmini, ahəngini o - müstəmləkəçilik dövründə doğulmuş bir hind qızı, bir şərq qadını (!) müəyyənləşdirirdi! O, həqiqətən də, siyasət cəngavəri idi. Bu, bütün dünyanın rəğbətini qazanan və müxtəlif dillərdə danışan milyonlarla insanın sevimlisinə çevrilən azadlıq mübarizi və ünlü siyasətçi İndira Qandi idi.

Cəvahirdən, ləldən qiymətli yadigar

O, supergüclərin kəsişən hərbi, siyasi, iqtisadi və mədəni maraqları arasında çevik siyasət yürüdərək, ölkəsini təhlükələrdən uzaq saxlamağı bacardı. Ancaq onu qorumalı olan güclülər – özcə cangüdənləri tərəfindən qətlə yetirildi. Gözlərini bu həyata yumana qədər Hindistan siyasətində “Qandi” imzasını o yaşadır, bu imzanın energetikasını o təcəlla etdirirdi!... Onun varlığı, meydanda olması, mübarizə aparması ailə mənsubluğuna görə Nehru, götürdüyü “soyadı”na görə isə Qandi ismini hər gün xatırladır, qoşa yaşadır, dillərdə təzə saxlayırdı...

İndira Qandi, tarixə yalnız ünlü Baş nazir, ünlü bir xanım kimi deyil, həm də, Güney Asiyanın etibarsız siyasət səhnəsinin ən ünlü ...qurbanlarından biri kimi düşdü. Məclisləri siyasətdən başlayıb siyasətdə qurtaran bir mühitdə doğulan İndiranın mübarizə ömrü bu yollarda başladı, bu yollarda da bitdi... Hindistanın ilk baş naziri, eyni zamanda milli qəhrəmanlarından biri olan Cəvahirləl Nehrunun qızından başqa bir şey gözləmək olardımı?

Hindistanın müstəqilliyi yolunda aktiv surətdə rol oynayan bir ailədə böyüyən İndira Qandi, yuxarıda vurğuladığımız kimi görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahirləl Nehrunın ocağında doğulmuşdu. Hindistanın quzeyindəki Uttar-Pradeş əyalətinin Allahabad şəhərində dünyaya göz açan İndira, Nehrunun yeganə övladı idi.

Onun babası Motiləl Nehru məşhur vəkil idi və siyasətlə ciddi məşğul olurdu. O, eyni zamanda ingilis müstəmləkə üsul-idarəsinə qarşı çıxış edən Hindistan Milli Konqresinin (HMK) liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru isə oxşar siyasi mövqedə olan Hindistan Müstəqillik Hərəkatının lideri idi.

İndira anadan olduğu vaxt, onun atası Mahatma Qandinin başlatdığı hərəkata qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi. Olduqca hərəkətli bir siyasi mühitdə dünyaya gələn İndiranın alnına qaynar siyasət ortamında böyümək yazılıbmış. Evlərində tez-tez siyasi yığıncaqlar keçirilir, Allahabada gələn ünlü şəxslər həmişə onlarda qalırdı. Onların evinə baş çəkənlər arasında Hindistanın əfsanəvi lideri Mahatma Qandi də var idi. Bu qısa boylu adam, öz böyük fikirləri ilə balaca İndiraya dərindən təsir etmişdi. Qandinin məşhur “dinc müqavimət” hərəkatını başlatdığı Sabarmati-Aşram bölgəsinə səfəri də İndiranın fikirlərinin formalaşmasında böyük rol oynamışdı. Orada şahid olduğu millətçilik duyğuları İndiranın ruhuna çökmüşdü.


Bir az yaşa dolandan sonra, nəfəs aldığı siyasi həyatın təsiri ilə gənclər arasında "Vanara Sena" hərəkatını qurdu və ona liderlik etdi. Bununla da o, Hindistanın müstəqillik mübarizəsində rol oynamağa başladı. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir, mitinqlər, nümayişlər təşkil edir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda hərəkat üzvləri Hindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edir, onların məxfi sənədlərinin daşınmasına kömək edirdilər. Bir dəfə İndira atasının izləndiyini hiss edərək, önəmli bir sənədi çantasında gizlədərək onun ələ keçməsinə imkan verməmişdi.

İndiranın anası vərəmdən dünyasını dəyişəndə onun 18 yaşı vardı. Ancaq anasını vaxtsız itirməsinə baxmayaraq o, təhsilini yüksək səviyyədə davam etdirdi. Ali təhsil üçün getdiyi İngiltərədə HMK üzvlərindən olan Firuz Qandi ilə tanış oldu. Onlar 1941-ci ildə evləndilər və İndira ərinin soyadını götürərək, Qandi soyadını daşımağa başladı. Bu evlilikdən sonrakı ömrü boyu İndira adı ilə qoşa çəkilən Qandi soyadı Firuzdan gəlsə də, bu soyad həmişə başqa Qandini – böyük fikir, düşüncə adamı, dövlət xadimi Mahatma Qandini xatırladıb, xatırladır!

Bir il sonra isə o, əri ilə birgə, Mahatma Qandinin əsasını qoyduğu Müstəqil Hindistan Hərəkatının ön sıralarında öz yerini tutdu. Elə bundan bir az keçmiş cütlük həbs edildi və 243 gün dəmir barmaqlıqlar arxasında qaldılar.

1944-cü ildə cütlüyün ilk övladları Raciv, bir il sonra isə ikinci uşaqları Sanjay dünyaya gəldi.

İndira xalqın arasında…

İndira Qandi, Hindistanla Pakistanın ayrıldığı 1947-ci ildə, Hindistana mühacirət edənlərə kömək göstərdi. Milyonlarla mühacirə sığınacaq verilməsi, tibbi xidmət göstərilməsi üçün fədakarlıqla çalışaraq, öz ölkəsində ön plana çıxdı. Bu hadisə, İndira Qandinin ictimaiyyətlə dərin şəkildə iç-içə olduğu ilk hadisə idi.

Qandi cütlüyü, Firuzun HMK Partiyasındakı və bir sığorta şirkətindəki işi üzündən Allahabad şəhərində yaşayırdı. İşlər yolunda gedirdi, fəqət İndira müstəqil Hindistanın baş naziri olan atasına kömək etmək məqsədi ilə Yeni Dehliyə gedincə ailədə problemlər yaranmağa başladı. İndira üçün siyasi karyerası daha önəmliydi. O, atasının həm həkimi, həm katibəsi, həm də məşvərətçisi olmuşdu. Atasıyla birgə rəsmi iqamətgahda qalan İndira, bəzi xarici səfərdə onu müşayiət edir, hakimiyyət və idarəçilik işlərinə daha yaxından bələd olurdu. Övladları da İndiranın yanında qalırdılar, ancaq nikahlarının davam etməsinə baxmayaraq, İndira Firuzdan ayrı yaşayırdı.

1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirildi. Seçki dövründə İndira, namizədliklərini irəli sürən atasına və ayrı yaşamaqlarına baxmayaraq əri Firuza kömək edirdi. Onlar ikisi də seçkilərdən qalib çıxdı və Firuz Yeni Dehliyə köçdü. Ancaq cütlük hələ də ayrı yaşayırdı. Firuz, hökumətdəki sui-istifadələrə, korrupsiyaya qarşı “müharibə” elan etmiş və sığorta sektorunda çox böyük bir qanunsuzluq aşkar etmişdi. Bu qalmaqal Baş nazir olan qayınatasının qurduğu hökumətdə maliyyə nazirinin istefasıyla nəticələndi. O gərgin dönəmdə İndira ilə Firuz boşandılar. Ancaq Firuz infarkt keçirəndən sonra onların arasında yenə də yaxınlaşma oldu. İndira bir müddət Kəşmirdə Firuzun yanında qaldı. Sonra Firuz vəfat etdi və nikah feli olaraq nöqtələndi. Artıq İndiranın həyatında ancaq siyasət var idi.

İndira 1959 və 1960-cı illərdə Milli Konqresin sədri seçildi. Fəqət atası, öz yaxınlarını himayə etdiyi təsəvvürünün yaranmasını istəmirdi. İndira isə bunun atasının nüfuzuna xələl gətirdiyini və onun haqqında pis fikir formalaşdırdığını nəzərə alaraq, 1962-ci ildə keçirilən seçkilərdə iştirak etmədi. 1964-cü ildə atası vəfat etdi və bu vaxt o, yeni baş nazir Şastrinin təklifini qəbul edərək, informasiya və mətbuat naziri oldu.

Digər tərəfdən, o dövrdə ölkədə qarışıqlıqlar baş verməkdəydi. Hindistanın güneyində, hind dilində danışılmayan əyalətlərdə hind dilinin rəsmi dil elan edilməsi səbəbiylə üsyan başlamışdı. İndira Qandi Mədrəsə gedərək üsyanı yatırtdı və dağıdılan yerlərin bərpası istiqamətində yaddaqalan işlər gördü. Bu, onu daha da şöhrətləndirdi.

Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı. Baş nazir Şastri və nazirlərdən çoxu İndiranın kölgəsində qalmışdılar. İndira ön plana çıxırdı…

...1965-ci ildə Pakistanla Hindistan arasında müharibə başlayanda İndira Srinaqar bölgəsində tətildə idi. Köməkçilərinin, Pakistan əsgərlərinin xeyli yaxınlıqda olduqları barədə xəbərdarlıqlarına baxmayaraq, İndira orada qalaraq yerli idarələri təşkilatlandırmaq istiqamətində iş aparmağa üstünlük verdi. Bu hadisə Qandinin əhali arasında hörmətinin daha da artmasına səbəb oldu.

İki ölkə arasında baş verən münaqişənin aradan qaldırılması üçün Daşkənddə aparılan danışıqlar zamanı Baş nazir Şastri, SSRİ-nin vasitəçiliyi ilə Pakistanla sülh müqaviləsi imzalayandan bir neçə saat sonra Daşkənddə öldü. Bundan sonra ölkə yenidən seçkilərə getmək məcburiyyətində qaldı. HMK partiyasının lideri Kamaraj İndiranı dəstəkləyir və onun Baş nazir olmasını istəyirdi.

Parlamentdə keçirilən seçkidə rəqibi Morarji Desaini geridə qoyan İndira, 1966-cı ildə Hindistanın dördüncü Baş naziri, eyni zamanda ilk qadın Baş naziri oldu. O, nəhayət, xeyli vaxtdan bəri astanasında gözlədiyi iqtidar qapısından içəri keçmişdi!...

İndira Qandinin Baş nazirliyi heç də asan keçmirdi. Konqresdə birlik yox idi. Partiya daxilində Qandinin baş nazir seçilməsinə qısqanclıqla yanaşanlar da var idi. Onun rəqibi Desai isə İndiranı “kukla” olmaqda ittiham edirdi. Bu çəkişmə, 1967-ci ildə keçirilən seçkilərdə partiyanın parlamentdə 60 yer itirməsi ilə nəticələndi. İndira, razılığa gələ bilmək üçün Desaini Baş nazirin müavini və maliyyə naziri təyin etdi, ancaq onun bu addımı da partiyanın parçalanmasının qarşısını ala bilmədi.

Ona görə də 1967-ci ildə o, dəstəyi kənarda axtarmağa başladı və yalnız sosialistlərin yardımı nəticəsində baş nazir kürsüsünü qoruyub saxlaya bildi. Qandi sosialistlərin verdiyi bu dəstəyə cavab olaraq, ölkədəki bir sıra bankları milliləşdirdi. Əslində bu milliləşdirmə, həm də o dövrdə dünyanın iki supergücündən biri olan SSRİ-nin dəstəyini və yardımını almağa hesablanmış gediş idi. Çünki İndira Qandi hiss edirdi ki, onu istəməyən daxili qüvvələr Hindistanın yenidən Qərbin nəzarəti altına düşməsi üçün ona qarşı sui-qəsd də həyata keçirə bilərlər. Qandi isə ingilis müstəmləkəçiliyinin ağır nəticələrini çox görmüşdü və ona görə də ölkəsinin, hakimiyyətinin və özünün təhlükəsizliyini təmin etmək üçün Moskva ilə isti münasibətlər qurdu. Onu da deyək ki, həmin dövrdə SSRİ də Hindistanla yaxınlaşmaq üçün bəhanə axtarırdı. Belə ki, 60-cı illərdən başlayaraq, SSRİ ilə Çin arasında münasibətlər kəskinləşmişdi. Moskva ilə Pekin arasında ziddiyyətlərin get-gedə kəskinləşməsi az qala iki ölkə arasında müharibəyə səbəb olacaqdı. SSRİ-Çin sərhədində tez-tez baş verən toqquşmaların qabağı yalnız Moskvanın hərbi qüdrətini nümayiş etdirməsindən sonra alındı. Həmin dövrdə Çinlə Hindistan arasında da münasibətlər kəskinləşmişdi. Belə bir vəziyyət isə Moskva ilə Dehlinin yaxınlaşmasında önəmli rol oynadı (necə deyərlər, onları təbii müttəfiq qıldı).

***

Hindistanın sosializm blokuna doğru meyl etməsi Qərbin narazılığına səbəb olmuşdu. Ona görə də onlar Hindistanı tutduğu yoldan döndərmək qərarına gəldilər. Moskva isə bölgədə Qərbin müttəfiqi olan Pakistana Hindistanın əli ilə dərs vermək istəyirdi.

Beləliklə, SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı bölgədə yeni qanlı müharibəyə təhrik etmələri öz “bəhrə”sini verdi. 1971-ci ildə Pakistanla Hindistan arasında müharibə başladı. ABŞ Pakistana yardım etmək və Hindistanı qorxutmaq üçün özünün 7-ci hərbi dəniz donanmasını Qərbi Pakistanın sahil sularına (indiki Banqladeşə), Benqal körfəzinə göndərdi. Buna cavab olaraq, Hindistanın simasında gələcək sosialist dövlətini görən Moskva Dehliyə külli miqdarda hərbi yardım etdi. Hindistan SSRİ-dən alınan hərbi texnikanın yardımı ilə bu müharibədə Pakistana ağır zərbələr endirərək onun bəzi ərazilərini ələ keçirdi. Bəzi qeyri-rəsmi məlumatlara görə, həmin dövrdə Hindistan ordusunun tərkibində SSRİ-dən göndərilən canlı hərbi qüvvələr də iştirak ediblər. Çünki həmin dövrdə SSRİ-nin Hindistana verdiyi hərbi texnikanı idarə etməyə qadir texniki heyət yox idi. SSRİ ilə yaxınlaşma Qandinin öz həyatı və Hindistanın gələcəyi baxımından xüsusi rol oynadı. Belə ki, Qandi diplomatik məharətini işə salaraq, Hindistanın nüvə silahı əldə etməsinin Moskva üçün də önəmli ola biləcəyi barədə SSRİ rəhbərliyini inandıra bildi. O dövrdə İndira ətrafındakılara: "Biz özümüz öz ayaqlarımız üzərində durmağı və təhlükəsizliyimizi təmin etməyi bacarmalıyıq" – demişdi.

Məhz SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan keçirməsinə imkan verdi.

Bu hadisə beynəlxalq aləmdə böyük şok əmələ gətirdi. Nüvə silahını əldə etməklə Hindistan Pakistandan və başda ABŞ olmaqla Qərb dövlətlərindən, həmçinin Çindən gələ biləcək təhlükəni birdəfəlik aradan qaldırmış oldu.

Nüvə təcrübəsinin sülh məqsədilə keçirildiyini iddia edən rəsmi Dehli, nüvə silahına sahib olan ölkələrin arasına daxil olmuş və öz qonşusu Pakistan üzərində böyük bir üstünlük əldə etmişdi. Artıq Hindistana tərs baxmaq elə də asan olmayacaqdı. Nüvə silahını əldə etmək Hindistana həm də Pakistana təzyiq göstərərək onu Kəşmirdən əl çəkməyə və bu məqsədlə adıçəkilən ölkəni danışıqlar masası arxasında oturmağa məcbur etməyə imkanı yarada bilərdi. Belə də oldu. Nüvə silahından, daha doğrusu, onun varlığı faktından dərhal diplomatik məqsədlə istifadə etməyə başlayan İndira Qandi, öz dövlətinin maraqları naminə təhdidedici bir şəkildə Pakistanın Baş naziri Zülfüqar Əli Bhuttonu danışıqlar aparılması və iki ölkə arasında davam edən mübahisəli ərazi məsələlərini aradan qaldırmaq üçün Shimla şəhərinə dəvət etdi. Bhutto İndiranın bu təklifini rədd edə bilmədi. Çünki Pakistanın Hindistan tərəfindən nüvə hücumuna məruz qalacağından ehtiyat edirdi.

Shimlada iki ölkə arasında bir həftədən artıq davam edən danışıqlardan sonra Qandi və Bhutto Kəşmir problemini yalnız dinc danışıqlar yolu ilə həll etmək barədə anlaşma imzaladılar. Anlaşma həm də iki ölkə arasında yeni bir səhifə açdı və bölgədə bir müddət sabitlik və barış ortamı bərpa edildi.

Hindistan-Pakistan münasibətlərinə qadın əli dəydi

Hindistan-Pakistan əlaqələrində İndira Qandi ilə birgə yeni bir səhifə açılmışdı. Ölkədə, Kəşmirin Pakistandan qoparılması gərəkdiyi və hökumətin sərhəd mühafizəsini gücləndirməli olduğu barədə tənqidlər susmaq bilməsə də, iki lider arasında əldə edilən razılıq bir müddət davam etdi. Hindistanla Pakistan arasındakı ticarət əlaqələri də normallaşmağa başlamışdı.

İndiranın yaşıl və ağ inqilabları

İndira Qandi 1960-cı illərdən etibarən əkinçiliyə xüsusi diqqət ayırırdı. Qandi Hindistanın aclıqdan qurtarması üçün bütün cəhdlərini işə salaraq, SSRİ-dən aldığı yardımlarla kənd təsərrüfatını inkişaf etdirdi.

Ərzaq təhlükəsizliyi proqramının uğurla həyata keçirilməsi Hindistanı idxalatçı ölkədən ixracatçıya çevirdi. Artıq Hindistan, “öz qarnını doyurmaq” üçün Amerikaya möhtac olmaqdan qurtulmuşdu.

Əkinçilikdə həyata keçirilən bu “Yaşıl inqilab”, südçülükdə tətbiq edilən “Ağ inqilab”la birgə daha da təsirli oldu. “Ərzaq təhlükəsizliyi” proqramı, xalqın İndira Qandini dəstəkləməsinin başlıca səbəblərindən idi.

Xalq arasında sevilməsi və qısa müddətdə Hindistanı nüvə ölkəsinə çevirməsi bu qadının beynəlxalq aləmdə də nüfuzunu xeyli artırdı. Beynəlxalq səviyyədə artıq onunla geridə qalmış, aclıq və yoxsulluq içərisində boğulan bir ölkənin dövlət başçısı kimi deyil, nüvə silahına malik qüdrətli bir ölkənin siyasi xadimi kimi davranırdılar.

İndira Qandi 1971-ci ildə keçirilən seçkilərə müsbət fəaliyyətinin verdiyi üstünlük və yoxsulluğa qarşı apardığı mübarizənin qazandırdığı qüvvə ilə “silahlanaraq” girdi. O, xalqın qəlbini və zehnini ələ almaqda xeyli uğur əldə etmişdi. Ancaq bundan sonra atılan bəzi addımlar böyük uğursuzluğun əsasını qoydu. Parlamentdə böyük əksəriyyətin dəstəyinə malik olan İndira Qandi, bu üstünlüyü sayəsində Konstitusiyada yeni tənzimləmələrə imza atdı və daxili siyasətdə radikal dəyişikliklər etdi. Ölkədə federal sistem tətbiq edilməyə başlandı və mərkəzi idarə ilə əyalətlər arasındakı qüvvələr bölgüsündə böyük dəyişikliklər oldu.

O, ölkənin federal subyektlərinə verilən müstəqillikləri məhdudlaşdırdı və onları mərkəzi hakimiyyətdən tam asılı duruma saldı. Qandi ölkə Konstitusiyasına milli azlıqların mübarizəsinin qarşısının sərt şəkildə alınmasını və bu zaman hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müddəalar əlavə etdirdi. O, hesab edirdi ki, bu addımları ilə gələcəkdə ölkənin parçalanmasına aparıb çıxara biləcək amillərin qarşısını alır.

Ancaq bu, ölkə daxilindəki müxalif qüvvələri hərəkətə gətirdi. Onlar Qandini «avtoritar rejim» qurmaqda, demokratiyadan geri çəkilməkdə günahlandırdılar. Hindistanın müstəqillik hərəkatının ön sırasında yer alan şəxslər, hökumətə qarşı etirazlarını bildirməyə başladılar. 1973-cü ildən etibarən ölkənin siyasi havası tamami ilə dəyişilmişdi. İnflyasiyaya, qanunsuzluqlara və iqtisadi tənəzzülə qarşı səslərini yüksəldən xalq kütlələri küçələrə axışırdı.

1975-ci ilin iyun ayında, Allahabad Ali Məhkəməsi, axırıncı seçkilərdə qanunsuzluqlara yol verildiyini bildirərək İndira Qandinin millət vəkilliyi hüququnun əlindən alınmasına qərar verdi. İndira Qandi kassasiyaya müraciət etdi. Fəqət müxalifət, onun istefasını tələb edirdi və ölkədə geniş mitinqlər keçirilirdi. İndira Qandinin Yeni Dehlidəki evi və parlament binası da kütlənin mühasirəsi altında idi.

Küncə sıxıldığını hiss edən İndira Qandi, prezident Fəxrəddin Əli Əhmədə təzyiq
göstərərək ölkədə fövqəladə vəziyyət elan edilməsinə nail oldu. Xeyli müxalifətçi həbs edildi. Onların arasında, müstəqillik hərəkatı vaxtında ingilis hökuməti tərəfindən həbsə salınan millətçilər də var idi. Bu vəziyyət xalqın xoşuna gəlmədi.

Fövqəladə vəziyyət elan edilən kimi, “dünyanın ən qələbəlik demokratiyası” olan Hindistan bir anda diktaturaya çevrildi. Polislərə geniş səlahiyyətlər verilmiş və fövqəladə vəziyyət qaydalarının tətbiq edilməsiylə bütün müxalif şəxslər və qurumlar susdurulmuşdu. Ara tamamilə sakitləşən kimi – 1977-ci ildə seçki keçirildi. Fəqət təzyiq altında qalan xalq, “Artıq söz millətindi!” deyərək, İndira Qandiyə möhkəm bir siyasi sillə vurdu: İndira Qandinin müxalifətdəki rəqibi Desainin Janata Partiyası seçkilərdə qələbə qazandı. Desainin “Ya demokratiyanı, ya da diktaturanı seçin” şüarıyla apardığı seçki təbliğatı öz bəhrəsini vermişdi. İndira Qandi parlamentə girə bilmədi. Lakin İndira da İndira idi. O seçkilərdə məğlub olsa da ruhdan düşmədi. Təslim olmaq istəmirdi. Necə də olsa, Nehru qızı, Qandi idi…

Yenidən zirvəyə…

1978-ci ildə keçirilən seçkilərdən öncə durum tamamilə İndira Qandinin əleyhinə idi. Onun lideri olduğu Milli Konqres Partiyası, əsas müxalifət partiyası olmasına baxmayaraq, xeyli zəifləmişdi və bəziləri bu partiyanın sıralarından çıxaraq Janata Partiyasına keçirdilər. Fəqət tarix bir anda İndiranın lehinə işləməyə başladı. Bir vaxtlar İndiranı tora salan iqtidar sərxoşluğu, bu dəfə də Janata hökumətinə öz təsirini göstərmişdi. Hakimiyyətə gələn qüvvələrin xalqın etimadını doğrulda bilməmələri Qandinin xeyrinə işləyən amilə çevrildi.

Kövrək koalisiya strukturu üzündən ölkəni idarə etməkdə çətinlik çəkən Janata hökuməti, əsassız iddialarla İndira Qandinin həbs edilməsi haqqında qərar çıxardı. Bu isə o demək idi ki, İndira Qandi avtomatik olaraq parlamentə girə bilməyəcəkdi. Fəqət iqtidarın bu gedişi əks təsir göstərdi və siyasətdə böyük bir üstünlük olan “məzlumluq durumu” (başqa sözlə, xalqın həmişə əzilənin yanında olması amili) İndiranın imdadına çatdı. Demək olar, hər şeyə təzədən başlayan əzmkar qadın, uzun çəkən məhkəmə prosesində, iki il əvvəl onu tiran kimi görənlərin məhəbbətini yenidən qazanmağa nail oldu. Janata hökumətinin isə İndira Qandiyə nifrət etməkdən başqa bir planı yox idi! Nifrət isə siyasət deyil, iş deyil! Bu dövrdə İndira Qandi yenidən xalqın qarşısında çıxış etməyə başladı, fövqəladə vəziyyət elan edildiyi dövrdə yol verdiyi yanlışlıqlar üçün xalqdan açıq-aşkar üzr istədi.

...Günəş yenidən doğurdu. 1979-cu ildə keçirilən seçkilərdə Milli Konqres Partiyası səslərin əksəriyyətini toplayaraq yenidən iqtidara gəldi. İndira Qandi yenidən Baş nazir idi…

Bu yeni dövrdə İndira Qandini ən çox məşğul edən məsələ, xüsusən Pəncab əyalətində əksəriyyət təşkil edən siqhlər idi. Siqh partizanları 1981-ci ildə özlərinə müqəddəs məkan saydıqları “Qızıl məbəd”i və onun ətrafındakı bölgəni ələ keçirmişdilər. Məbəddə minlərlə mülki vətəndaşın ibadət etməsinə baxmayaraq, İndira Qandi orduya məbədi ələ keçirməyi və üsyançıların lideri Jarnail Sinqh Bhindranvaleni öldürməyi əmr etdi.

“Mavi ulduz əməliyyatı” qanla nəticələndi: 73 əsgər, 492 siqh partizanı və ikitərəfli atəşin arasında qalan çox sayda mülki vətəndaş öldü. Bu əməliyyat dünya ictimaiyyəti tərəfindən də etirazla qarşılandı. İndira yenə də bəzi qüvvələrin nifrətini öz üzərində hiss etməyə başladı. Onların arasında etnik siqh olan cangüdənləri Satvant Sinqh ilə Beant Sinqh da var idi.

Bu da son...

...1984-cü ilin 31 oktyabr günü adi günlər kimi başlamışdı. İndira Qandi, Yeni Dehlidəki Səfdərcunq küçəsində yerləşən Baş nazir iqamətgahında İrlandiya televiziyası adından ondan reportaj götürməyə gələn aktyor Pyotr Ustinovu qəbul eləməyə hazırlaşırdı. Ustinov, Satvant ilə Beantın nəzarət elədikləri qapıdan keçərək, həyətə çıxdı. Baş nazir onu burada gözləyirdi. Qandi qonağı qarşılamaq üçün ayağa duranda, Satvant ilə Beantın barmaqları avtomatlarının tətiyini basdı. Onlar öz həyatları bahasına mühafizə etməli olduqları İndira Qandini 33 güllə ilə öldürdülər. Hindistanın ilk qadın Baş naziri yerdə cansız yatırdı. Onun cəsədi noyabrın 3-də, Mahatma Qandinin xatirəsinə inşa edilmiş “Rac Qal”da yerli (milli-dini) gələnəyə uyğun olaraq yandırıldı.

İndira Qandi öldükdən sonra Hindistanda hərc-mərclik baş qaldırdı. Başda Yeni Dehli olmaqla, ölkənin bir çox yerində meydana gələn münaqişələrdə 20 mindən çox siqh həyatını itirdi, onlarla qurudvaras (siqhlərin ibadətxanası) yandırıldı. İndira Qandinin oğlu Racivdən ölkədə nə baş verdiyini soruşanda, o belə cavab vermişdi: “Böyük ağac yıxılanda, yer titrəyər.”

“Böyük ağac”, öz həyatını Hindistana həsr etmiş və öz titanik çalışmaları ilə böyük dəyişikliklərə imza atmışdı. Aşarkən də, həqiqətən böyük hay-küyə səbəb olmuşdu.

Hind xalqı onun xatirəsinə bu gün də böyük ehtiram göstərir. Təsadüfi deyil ki, hazırda oktyabrın 31-i Hindistanda İndira Qandinin xatirəsinə “Milli birlik günü” kimi qeyd edilir. Onun haqqında onlarla kitablar, məqalələr yazılıb və yazılır. Eyni zamanda, oxunur! Onun haqqında bir neçə kitabı şəxsən mən böyük maraqla oxumuşam. Çünki çox maraqlı bir ömür yaşayıb Qandi!

İndira Qandi öz sağlığında kiçik oğlu Sanjayı siyasi varisi seçmişdi; ancaq Sanjay təyyarə qəzasında öldüyü üçün, o, siyasətdən uzaq qalmağa çalışan böyük oğlu Racivi siyasətə girməyə razı saldı.

Anasından sonra Baş nazir olan Raciv də onun aqibəti ilə üzləşdi və 1991-ci ildə “Tamil qaplanları”nın təşkil etdikləri sui-qəsd nəticəsində öldürüldü. Ancaq Hindistanın tarixində böyük və önəmli rol oynayan bu ailənin nümayəndələri bu gün də Hindistanın ictimai-siyasi həyatında fəal iştirak edir və böyük rol oynayırlar. İndira Qandinin gəlini Sonya Qandi bu gün Hindistanın ən nüfuzlu siyasi liderlərindən biridir.

İndira Qandini Azərbaycanlılar həm də 70-ci illərin əvvəllərində Bakıya səfəri ilə xatırlayırlar. O zaman SSRİ-yə səfər çərçivəsində İndira Qandi Azərbaycanda Atəşgahı ziyarət etmək arzusunda olduğunu bildirmişdi və onun bu qutsal tarixi məkana ziyarəti təşkil olunmuşdu. Hindistanın baş naziri, əfsanəvi lider Atəşgahı ziyarətindən və ümumən Azərbaycana səfərindən çox razı qalmışdı. O illərdə bəzi azərbaycanlı ailələri öz qız uşaqlarına bu şərqli qadının şərəfinə İndira adı verirdilər...

İndira Qandi dünya tarixində böyük rol oynayan qadınlardan biri kimi ölümündən neçə illər keçməsinə baxmayaraq həm ölkəsində, həm də ölkəsindən kənarda tanınır, bu gün də xatırlanır, bu gün də milyonlarla heyranı var … O, adını dünya tarixinin nüfuzlu liderləri arasına yazmağı bacaran bir Qadın idi. Arxasınca cığır açmağı bacaran bir Qadın!


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2662

Oxşar yazılar