Rusiyanın MDB silah bazarında mövqeləri zəifləyir
10 sentyabr 2010 10:46 (UTC +04:00)

Rusiyanın MDB silah bazarında mövqeləri zəifləyir

Bununla da son illər MDB silah bazarında mövqelərini itirməsinə baxmayaraq hələ ki, ilk üçlükdəki yerini saxlaya bilib.

BMT-nin Adi Silahlar Registrinə həm Rusiya, həm də digər dövlətlər tərəfindən təqdim olunan hesabatlara görə, rəsmi Moskva 2009-cu ildə MDB üzv ölkələrinə tank və zirehli transportyorlardan tutmuş kiçik çaplı atıcı silahlaradək satışlar həyata keçirib.

Lent.az-ın məlumatına görə, Rusiya Registrə təqdim etdiyi hesabatda ümumilikdə 13 dövlətə silah və hərbi texnika satdığını açıqlayıb. Hesabatda rəsmi Moskva MDB dövlətlərindən yalnız Türkmənistana modeli açıqlanmayan 4 tankın, 8 zirehli transportyorun, 2 artilleriya qurğusunun satıldığını bildirib.

BMT-yə MDB-dən hesabat təqdim edən Ermənistan, Qazaxıstan və Moldova isə Rusiyadan fərqli olaraq bu ölkədən silah aldıqlarını göstəriblər. Ermənistan ötən il Rusiyadan 300 ədəd PM, 300 ədəd PMM, 3 ədəd PSM tapançası, 3 ədəd BSS markalı karabin, 480 ədəd AK-105 model avtomat, 36 ədəd RPK-74M əl pulemyotu aldığını açıqlayıb. Qazaxıstan isə 2009-cu ildə silah idxalında əsas yerlərdən birini Rusiyanın tutduğunu qeyd edib. Belə ki, Qazaxıstanın məlumatlarına görə, bu ölkə keçən il Moskvadan 400 ədəd tapança, 1380 ədəd karabin, 330 ədəd müxtəlif model təlim silahları və texnikası, Moldova isə konkret açıqlamasa da bir neçə yüz ədəd tapança və karabin aldığını göstərir.

Xatırladaq ki, Rusiya 2009-cu ildə MDB ölkələrinə 2008-ci illə müqayisədə silah və hərbi texnika ixracatını nəzərəçarpacaq dərəcədə azaldıb. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə isə Rusiya Ermənistana 84 ədəd karabin, 60 ədəd GP-30, 10 ədəd 6G-30 markalı lüləaltı qumbara buraxılış qurğusu, Azərbaycana 20 ədəd zirehli transportyor, Qazaxıstana 1 ədəd BTR-80, 1 ədəd BTR-80A, 18 ədəd hərbiləşdirilmiş «KAMAZ-43269» maşını, Moldovaya 295 ədəd tapança, 41 ədəd karabin, 1075 ədəd modeli açıqlanmayan müxtəlif yarımavtomatik silahlar, Özbəkistana 80 ədəd müxtəlif raket, Ukraynaya 6 ədəd 9 mm çaplı VSS markalı snayper tüfəngi satdığını açıqlamışdı. Registrin məlumatlarının təhlili göstərir ki, MDB silah bazarında yeni «ölkələrin görünməsinə» baxmayaraq Ukrayna və Belarus hələ də öz nüfuzlarını və təsir imkanlarını saxlaya biliblər. Buna səbəb kimi hər iki ölkənin digər postsovet respublikaları ilə həm iqtisadi, həm də siyasi cəhətdən yüksək səviyyəli münasibətlərinin olmasıdır.

Qeyd edək ki, son illər MDB silah bazarında Türkiyə, İsrail, Bolqarıstan, Çexiya, Serbiya, İtaliya, Rumıniya, Polşa Almaniya, Slovakiya, ABŞ, Avstriya, İsveçrə kimi ölkələrin də tədricən öz təsir imkanlarını artırdıqları müşahidə olunur. Postsovet ölkələrin silah bazarına «qədəm qoyan» yeni dövlətlər arasında İsrail, Türkiyə və Bolqarıstan xüsusi aktivlikləri ilə seçilirlər.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1283

Oxşar yazılar