Məğlubedilməz Lev dastanı – TARİX
01 oktyabr 2012 13:19 (UTC +04:00)

Məğlubedilməz Lev dastanı – TARİX

İlk baxışdan uzaq Novillaq həbsxanasının yarıqaranlıq kamerasının pəncərəsindən süzülüb gələn bu nazik işıq zolağının xalqların, dövlətlərin minillik tarixlərini müəyyənləşdirən bir nəzəriyyəyə rəvac verəcəyini kimsə anlamaz. Ancaq gözlərinə düşən bu nazik işıq selindən vəcdə gələrək, illərdən bəri beynində gəzdirdiyi suallara cavab tapan bu insanın içində elmin əbədi bir məşəli yanırdı. Bu məşəli nə repressiyalar, nə həbsxana divarları, nə də tuş gəldiyi ədalətsizliklər söndürə bilməzdi. İki rus dahisinin övladı olan bu adam ağlagəlməz əzablara, məşəqqətlərə qalib gələrək, adının bəşəriyyətin ən parlaq zəka sahiblərinin adları sırasına həkk edə bildi. Bu adam Lev Nikolayeviç Qumilyov idi...

Adətən, tərcümeyi-hal şəxsiyyətin əsl simasını, missiyasını, keçdiyi ömür yolunun mahiyyətini açmaqda acizdir. Zülmə bax ki, eyni şeyi qəhrəmanımız haqqında deyə bilmirsən. Bu faciəli insanın quru rəqəmlərdən ibarət bioqrafiyasına nəzər salanda belə qarşında əsl Prometey əzabı çəkən böyük bir cəfakeşin obrazı yaranır. O da sanki, eynən Prometey kimi hündür dağın zirvəsində əl-qolu bağlı şəkildə ciyərlərini qartallara yem verir, ölür, ancaq növbəti əzablar və qurbanlar üçün yenidən dirilir. Beləcə, dünya tarixi yeni elmi nəzəriyyə ilə yanaşı, həm də öz taleyinə belə qalib gəlməyi bacaran şəxsiyyət qazanır. Məğlubedilməz Lev dastanı bax, belə yazıldı.

İki dahinin övladı

1912-ci il oktyabr ayının 1-də Çarskoe Seloda iki böyük rus şairi - Anna Axmatova və Nikolay Qumilyovun ailəsində bir oğlan doğuldu. Uşağa Lev adı verdilər. İki divanə şairin bu birliyi nə olcaqdı ki? Balaca Lev də valideynləri olan bu iki yaradıcı insanın bir-birlərinə olan münasibətlərindən uşaqlığından nəyi var çəkir. Nə qədər kədərli olsa da, özünün də etiraf elədiyi kimi bax, 1-ci fotodakı qayğısız anından savayı valideynləri ilə birgə keçirdiyi heç bir olayı xatırlamır.

Beləcə, o, uşaqlığını daha çox ata nənəsinin yanında keçirir. Ancaq tale bunu da ona çox görür. 1918-ci ildə valideynləri ayrılırlar, bolşeviklər onların Çarskoe Selodakı malikanələrini əllərindən alırlar. Bundan sonra balaca Lev Beletskdəki ata nənəsi Anna İvanovna Qumilyovun himayəsinə verilir. Nənəsi ona həm atalıq, həm də analıq edir. Şairə ana isə illərlə heç onun üzünü də görmür. 1921-ci ildə Bejetskə dəhşətli bir xəbər gəlir: Nikolay Qumilyov bolşeviklər tərəfindən güllələnib. Onu əslində, hələ mövcud olmayan Sovet hakimiyyətinə qarşı qiyamda ittiham eləmişdilər.

Dəhlizdəki sandığın üstü

Lev Qumilyov 1929-cu ildə Bejetskdə orta məktəbi bitirir, Leninqrada ali məktəbə üz tutur. Ancaq tarixçi olub elmlə məşğul olmaq istəyən bu cavan zadəgan şəcərəsinə və guya əmək təcrübəsinin olmamasına görə ali məktəbə yaxın buraxılmır. Bu dövrdə o, anasının artıq üçüncü əri olan sənətşünas Puninin evində yaşayırdı. Əlbəttə, Levin bura gəlməyinə Punin qətiyyən şad deyildi. Sonralar Lev Qumilyov xatırlayacaq ki, onun yeri soyuq dəhlizdəki sandığın üstü idi. Beləcə, o, şəhərin tramvay parkında fəhlə kimi işə düzəlir. Ancaq təbii ki, tarixçi olmaq arzusu onu heç vaxt tərk etmir. Ona görə də, o dövrlər qeyri-metal mənşəli faydalı qazıntılar İnstitutu kimi məşhur olan Geoloji Kəşfiyyat İnstitutunda işləyərkən, dəfələrlə ekspedisiyalarda olur. Bu ekspedisiyalar ona həm yaşamaqdan ötrü minimal maliyyə vəsaiti gətirir, həm də gələcək araşdırmaları üçün ilkin baza rolunu oynayır.

1933-cü ildə Lev Qumilyov Krıma yollanır, Litva tatarlarından olan Bonç-Osmolovskinin ekspedisiyasında elmi texniki işçi kimi fəaliyyətə başlayır. Payızda Osmolovskini həbs edirlər, Lev Qumilyovu isə institutdan qovurlar. 1934-cü ildə - Leninqrada gələndən düz 5 il sonra, nəhayət ki, Lev arzusuna çatır və Leninqrad Tarix İnstitutunun tarix fakültəsinə qəbul olur. Gənc Lev burada Struyevin, Kovalyovun, Tarlenin tarix mühazirələrini dinləyir. Ancaq tələbəlik həyatı uzun sürmür. Atalığı Punin ilə birgə onu da antisovet fəaliyyət ittihamı ilə həbs edirlər. Anna Axmatova ərinin və oğlunun azadlığa buraxılması üçün şəxsən Stalinə müraciət edir. Bu dövrdə hələ repressiya maşını tam işə düşməmişdi, ona görə də şairənin xahişi nəzərə alınır və 1935-ci ilin əvvəllərində onlar azadlığa buraxılırlar. Ancaq düz 1937-ci ilə qədər Lev instituta bərpa oluna bilmir. 1937-ci ildə yenə də Anna Axmatova işə qarışır, uzun xahiş-minnətdən sonra oğlunun instituta bərpasına nail olur.

Atanı müdafiə eləmək olmaz!

Di gəl, heç bir il keçməmiş Qumilyov bu dəfə auditoriyada professorla söz davasına çıxdığı üçün yenidən həbsə düşür. Ədəbiyyat müəlliminin atası Nikolay Qumilyov haqqında söylədiyi artıq-əskik fikirlər təbii ki, onun etirazına səbəb olmalıydı. Gözlənilən hadisə baş verir. Professor dikbaş tələbədən rəhbərliyə şikayət edir. Zarafat deyildi, Lev Qumilyov Sovet hakimiyyətinin düşməni kimi güllələnmiş atasını açıq-aşkar müdafiə eləmişdi. Bundan sonra işgəncəli istintaq başlayır. Ondan bəzi adamların üzünə durmağı, bəzilərindən şikayət yazmağı, olmayan gizli təşkilatın üzvlərinin adlarını çəkməsini istəyirlər. Ancaq nə hədə-qorxular, nə də işgəncələr onun iradəsini sındıra bilmir. Həqiqətən, o illərə dair açılan arxiv sənədləri, NKVD materialları sübut edir ki, bu adam cavan yaşına, ziyalılığına, zəif və əldən düşmüş orqanizminin ağrılarına baxmayaraq heç kimi satmayıb, özünü də təqsirli bilməyib.

Bunlarla belə, sonunda ona 10 il həbs cəzası kəsilir. Axmatova bu dəfə də oğlunu həbsdən qurtarmaq üçün cəhd göstərir, ancaq heç bir faydası olmur. Onu Belomorkanalda işləməyə göndərirlər. Az keçməmiş prokuror hökmün həddindən artıq yüngül olduğunu əsas götürərək, məhbusun təzədən Leninqrada gətirilməsinə nail olur. İndi Lev Qumilyovu yalnız bir cəza gözləyirdi - güllələnmə. Buna baxmayaraq, Belomorkanaldakı zülmdən sonra həbsxana onun üçün demək olar ki, cənnət idi. O, burada gələcəkdə hazırlayacağı “passionarlıq nəzəriyyəsi” barədə düşüncələrə dalır, hətta vaxt tapıb oğrun-oğrun qeydlər də edirdi. İllər sonra alim həmin dövrü belə xatırlayacaqdı: “Bir dəfə mən kameranın pəncərəsindən içəri düşən zəif işıq selini gördüm. Birdən-birə illər boyu axtardığım suala cavab tapmağımda bu işıq kömək oldu. Öz-özümə düşündüm ki, deməli, göydən yerə, insanlara xüsusi bir enerji verilir. Bütün baş verənlər də məhz bu enerjinin hesabınadır. Məsələn, Makedoniyalı İsgəndəri Hindistana, Orta Asiyaya aparıb çıxaran nə idi? Onu bu yürüşlərə nə sövq edirdi? Mən bu barədə düşündüm və başa düşdüm ki, bütün bunlara onu vadar edən öz içindəkidir. Mən bunu “passionarlıq” adlandırdım”.

Berlin fatehi

Qumilyov həbsxana divarları arasında hətta barəsində çıxarıla biləcək ölüm hökmünü belə göz altına almadan, məhz bu cür düşüncələrə dalır, gələcəkdə bütün Sovet tarix elminin müddəalarını darmadağın edəcək nəzəriyyəsinin əsaslarını yaradırdı. Bu arada repressiya maşını özü-özünü məhv etməyə başlayır. Yejov da, Lev Qumilyovun güllələnməsini tələb edən prokuror da güllələnirlər. İşə yenidən baxan müstəntiq ondan soruşur: “Sizi nə üçün həbs ediblər? Qumilyov cavab verir: “Bilmirəm!” Ancaq ona yenə aman verilmədi, 5 il iş kəsib, Norilsk düşərgəsinə göndərdilər. 5 illik həbs müddətinin bitməsi Böyük Vətən Müharibəsinin ən qızğın dövrünə - 1943-cü ilə təsadüf edir. Ancaq "təhlükəli element" kimi Lev Qumilyovun Norilskdən çıxmağa ixtiyarı yox idi. Sabiq məhbusu Norilskdəki kombinatda işləməyə məcbur edirlər. Bir ilə yaxın burada çalışdıqdan sonra nəhayət, onun ön cəbhəyə göndərilmək barədə israrlı tələblər bəhrəsini verir. 1944-cü ildə Lev sıravi əsgər kimi Birinci Belarus cəbhəsinə göndərilir. Bu vaxta qədər o, bəlkə də bu qədər xoşbəxt olmamışdı. Dostlarına yazdığı məktublarından da bunu hiss etmək olur: “Burada özümü çox yaxşı hiss edirəm. Şəhərləri bir-birinin ardınca azad edə-edə gedirik, əynimdə isti şinelim, əlimdə silahım var. Bizə ağ çörək və donuz əti, hətta, içməyə spirt də verirlər. Almanlar məni bir neçə dəfə vurmaq istəyiblər, ancaq bacarmayıblar. Ön cəbhədə vuruşmaq, arxa cəbhədə yaşamaqdan yaxşı imiş. Mən indiyə qədər 2 istiqamətdə hücumlarda iştirak eləmişəm. Birincisi, Qərbi Polşanı azad etmişəm, ikincisi, Berlini, daha doğrusu, Berlinin ətrafını tutmuşam. Üzərimdən məhkumluğun götürülməsi ilə bağlı müraciət edilib. Cavab gözləyirəm. Döyüşən əsgər olmaq mənim çox xoşuma gəldi, xüsusən də hücum eləməyi daha çox sevdim”.

Sıravi Qumilyov qələbəni Berlin ətrafında qarşılayır. Axır ki, gözlədiyi an gəlib çatıb. Onu qarşıda Leninqrad, canından artıq sevdiyi elm gözləyirdi. Ona görə də bütün varlığı ilə arzularının şəhəri Leninqrada can atırdı. O, inanırdı ki, bu dəfə elmlə məşğul olmağa, indiyədək heç kimin eşitmədiyi tarixi həqiqətləri yazmağına kimsə mane olmayacaq. Daha bilmirdi ki, 4 illik fasilədən sonra yenidən həbsxana divarları arasına düşəcək...

Yenə həbsxana divarları

Artıq 33 yaşı var idi. Ömrünün ən gözəl vaxtlarını sürgünlərdə, həbsxana divarları arasında və cəbhədə keçirmişdi. Bütün bunlara baxmayaraq, bu qeyri-adi intellektə, fenomenal yaddaşa malik insan universitetə bərpa olunur, 3 aya 10 imtahan verərək, tarix fakültəsini bitirir, aspiranturaya qəbul olunur. 1946-cı ilin yayında artıq aspirant olan Qumilyov Artamonov ekspedisiyasında Podoliyaya yollanır. Ancaq yarım ildən sonra fars, ərəb, tacik, tatar dillərini bilən Qumilyovu “seçilmiş ixtisas üzrə filoloji hazırlığın çatışmazlığı” bəhanəsi ilə aspiranturadan xaric edirlər.

Əslində, o bu dəfə də anasına qarşı olan nifrətin badına getmişdi. Belə ki, Jdanovun mətbuatda çap olunan hesabatında və Mərkəzi Komitənin məsələ ilə bağlı qərarındakı “qara siyahıda” Anna Axmatovanın da adı vardı. Beləliklə, Lev Qumilyov 1947-ci ildə məcbur olub Leninqrad ruhi xəstəxanasında kitabxanaçı kimi işə düzəlir və 1948-ci ildə xəstəxananın verdiyi xasiyyətnamə əsasında Leninqrad Universitetində namizədlik dissertasiyasına buraxılır. Elə həmin ilin yazında Pazırık kurqanında qazıntılar üçün Altayda aparılan arxeoloji ekspedisiyada elmi işçi kimi iştirak edir. 1949-cu ildə nəhayət, namizədlik dissertasiyasını müdafiə edir. Ancaq həmin il noyabr ayının 7-də müharibədən əvvəlki ittihamla yenidən həbs edilir və 10 il müddətinə xüsusi rejimli düşərgəyə göndərilir. Bu artıq onun sayca dördüncü həbsi idi və hər dörd həbsdə də heç kim ona nə üçün tutulduğu barədə tutarlı ittiham irəli sürə bilməmişdi. Bu həbslə alimin onsuz da zəif olan səhhəti daha da bərbad hala düşür. Tez-tez həbsxana xəstəxanasında yatır, icbari işlərdə çalışa bilmir. Axır ki, onu əlil kimi qeydə alırlar və düşərgədəki ağır işlərə göndərmirlər. Lev Qumilyov düşərgədə əvvəlcə qazançı, sonra çəkməçi işləyir. Sonralar özü də etiraf edirdi ki, nə qədər acı olsa da, bu dövrlərdə xeyli boş vaxt əldə edir, şeirlər yazır, elmlə məşğul olmağa imkan tapır.

“Tarix üçün kifayət qədər etibarlı deyil”

Bəli, çəkməçi, qazançı Lev Qumilyov bu dövrdə hunlar haqqında özünün fundamental əsərlərini yazmağa başlayır. Ona qədər akademik elmdə hamı Çin mənbələrinə əsasən hunların vəhşi bir tayfa olduğunu yazırdı. Lev Qumilyov isə köçəri tayfalara bu cür münasibətə qarşı idi. Axı, çinlilər hunların düşmənləri olduğu halda nə üçün onların yazdıqlarına inanılmalı idi? Lev Qumilyov məhz bu məntiqdən çıxış edir və yazırdı: “Qədim mənbənin yanlış olduğunu bilə-bilə, nəyə görə onu öyrənməli və ondan nəticələr çıxarmalıyıq?”

Beləliklə, 1956-cı ildə “əməlində cinayət tərkibi olmadığına görə” bəraət alıb düşərgədən Leninqrada qayıdanda əlində iki qədim sivilizasiya - hun və qədim türk sivilizasiyaları ilə bağlı fundamental əsər var idi. Beləliklə, onun elmə ikinci qayıdışı həqiqətən təntənəli olur. Volqa ətrafında aparılan arxeoloji qazıntılar Qumilyovun nəzəriyyəsini təsdiq edirdi. Alim tam dəqiqliklə Xəzər imperatorluğunun sərhədlərini göstərə bilmişdi. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdu ki, məhz Lev Qumilyov yazdığı kimi 13-cü əsrdə Xəzər dənizinin səviyyəsi qalxıb və Xəzər imperatorluğunun xeyli ərazisi su altında qalıb. Onun bu kəşfi barədə xarici mətbuatda dəfələrlə yazılar dərc edilmişdi. 1961-cü ildə Lev Qumilyov “Qədim türklər” mövzusunda tarix üzrə doktorluq dissertasiyasını müdafiə edir. Ancaq ona yenə inanmırlar, məhz buna görə alimi tarix institutuna yox, coğrafiya institutuna işə götürürlər: “Tarix üçün kifayət qədər etibarlı deyil” dərkənarı ilə.

Bütün təzyiqlərə, etibarsızlıqlara baxmayaraq Lev Qumilyov dayanmadan işləyir, tarixin, coğrafiyanın, arxeologiyanın prinsiplərindən yararlanaraq yeni-yeni əsərlər yazır. 1966-cı ildə Anna Axmatova vəfat edir. Onlar artıq neçə il idi ki, danışmırdılar. Bir neçə dəfə bu münasibətin bərpası üçün imkan yaransa da, Lev Qumilyov bundan imtina etmişdi. Deyirlər, Axmatovanın yazdığı məktubların heç birinə cavab vermirmiş. Bu böyük alim, həyatı boyu özünü atılmış uşaq hesab eləmişdi. Bütün bunlara baxmayaraq, Lev anasının ölüm xəbərini çox ağır sarsıntı ilə qarşılayır. Nə yaxşı ki, bu dövrdə bir gənc rəssam qadın onun həyatına daxil olur. Bu qadınla Lev Qumilyovun nəinki fiziki, hətta mənəvi tənhalığı da aradan qalxır, onlar evlənirlər.

Bakıda çap olunan Lev

1970-ci ildə bu böyük zəka sahibi daha geniş və fundamental bir mövzuya baş vurur. Məşhur “Etnogenez və Yerin biosferi” əsəri meydana gəlir. Bu əsər dünya tarixinin böyük hadisələrini, imperiyaların, xalqların yaranışının inkişafı və süqutunu izah edirdi. Bu nəzəriyyəyə görə, Lev Qumilyova ikinci dəfə elmlər doktoru adı verilməli olsa da, bundan imtina edirlər. Əsərin əsasında hələ həbs düşərgəsində yatdığı vaxtlarda kəşf elədiyi passionarlıq nəzəriyyəsi dayanırdı. Qumilyova görə, passionarlıq kosmosdan gələn enerjinin xüsusi bir formasıdır. İnsanların istilaya və şöhrətə, kəşflərə can atması məhz passionarlıqdan irəli gəlir. Passionarlığın çox olması qırğınlara, faciələrə səbəb ola bilər, ancaq, onsuz da sənətin, elmin tərəqqisi mümkün deyil. Sovet tarixçiləri bu nəzəriyyəni sayıqlama adlandırdılar və alimin əsərlərinin çapından imtina olundu. Ancaq bu böyük alimin 1989-cu ildə “Samizdat”da çıxan həmin əsəri elə Leninqrad Dövlət Universitetinin zirzəmisindəcə satılıb qurtarmışdı. Yeri gəlmişkən, onu da fəxrlə xatırladaq ki, Qumilyovun məşhur "Xəzər ətrafında min il" əsəri Rusiyada qadağan olunduğu vaxtlarda ilk dəfə Bakıda Sabir Rüstəmxanlının "Yazıçı" Nəşriyyatında rəhbər olduğu vaxtda işıq üzü görüb...

Rusiyada isə Qumilyova heç bir fəxri ad, ya da mükafat verilmədi. Ona hətta professor elmi dərəcəsini belə çox gördülər. Ömrü boyu yataqxanalarda yaşayan alimə yalnız 1990-ciı ildə ayrıca mənzil verildi. Bu zaman, onun ölümünə 2 il qalmışdı. Məğlubedilməz Lev 1992-ci il aprelin 15-də vəfat etdi.

Fikir adamı Qumilyov

Ona Anna Axmatova və Nikolay Qumilyovun yadigarı demək olar. Ancaq bu iki şair nə qədər sevimli olsalar da, Lev Qumilyovun yeri və mövqeyi tamam ayrıdır. O, yalnız tarixçi, yaxud coğrafiyaşünas deyildi. Lev Qumilyov bəşər tarixinin gedişatını özünün nəzəriyyəsi ilə izah edən fikir adamı, böyük mütəfəkkir idi. Əgər Artur Şopenhauer bəşəriyyətin inkişafını iradə və təsəvvürdə, Fridrix Nitşe hakimiyyət iradəsində, Ziqmund Freyd libidoda görürdüsə, Lev Qumilyov bu inkişafın əsasını passionarlıqda görürdü. Onun qədim türklər, hunlar, xəzərlər və digər xalqlar, etnoslar haqqında apardığı araşdırmalar tarix, coğrafiya, biologiya, etnoqrafiya, arxeologiya kimi elmlərin sərhədləri içərisindədir. Bu gün Qumilyov nəzəriyyəsinin, tarixə Qumilyov yanaşmasının ardıcıl elmi tərəfdarları yoxdur. Buna baxmayaraq, bu böyük alimin elmə gətirdiyi yeniliklər, cəsarətli müddəalar, nəzəriyyələr həmişə öyrənilib, bundan sonra da öyrəniləcək. Etiraf edilməlidir ki, ən azından qədim sivilizasiyalarla bağlı hər hansı bir tədqiqat və ya araşdırmalarda onun adını xatırlamadan keçinmək olmur. Bunun səbəbi isə həyatda olduğu kimi, elmdə də yenilməz olan Lev Qumilyovun məğlubedilməzliyindədir.

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3091

Oxşar yazılar