219
18:00
14 May 2009

“Hillari Klinton Azərbaycanla yaxından işləməyə hazırdır”

- Mayın 5-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşən dövlət katibi Hillari Klinton mətbuat üçün açıqlamada qeyd etdi ki, Azərbaycan təkcə regional miqyasda deyil, qlobal baxımdan da əhəmiyyət kəsb edir. Bu bəyanatın arxasında hansı məqamlar dayanır?

- Xanım Klinton həmin görüşdə bəyan etdi ki, Azərbaycanla işləmək və ikitərəfli münasibətləri genişləndirmək əzmindədir. Bu bir çox istiqamətdə öz əksini tapır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, enerji təhlükəsizliyi məsələlərində, terrorizmlə mübarizədə və s. Xanım Klinton vəzifəsini yeni icra etməyə başladığına baxmayaraq, ilk gündən Azərbaycanla yaxından işləməyə hazır olduğunu bəyan edib. Bu il yanvar ayının sonunda inauqurasiya günü görüşümüz zamanı da dövlət katibi həmin mesajla çıxış etdi. Amerika tərəfi Azərbaycanın regionda artan nüfuzunu qiymətləndirir. Bu, danılmaz faktdır. May ayın 8-də Praqada keçirilən enerji sammitində Azərbaycanın “Cənub dəhlizi”nə rəsmi dəstək verməsini nümunə kimi göstərə bilərik. Bilirsiniz ki, Avropanın qaz təminatı ilə bağlı çoxlu sayda qaz kəməri layihələri var. Siz həmin kəmərlərin ehtimal olunan marşrutuna baxsanız, görərsiniz ki, bu layihələrin heç biri Azərbaycansız reallaşa bilməz. Bunları da nəzərə alaraq xanım Klinton Azərbaycanın regional və qlobal rolunu qabartdı.

- Mayın 14-də Karneqi Fondunda “Azərbaycan və Qərb: Avrasiya dəhlizlərində strateji müttəfiqlik” mövzusunda konfrans keçiriləcək. Bildiyimizə görə, bu, indiyə kimi sırf Amerika ekspertlərinin təşəbbüsü ilə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən ilk konfransdır.

- Bəli. Bu konfransın keçirilməsi ABŞ-ın elmi, analitik mərkəzlərində Azərbaycanın rolunun artmasının fakt olaraq qəbul edilməsi ilə bağlıdır. Ümumiyyətlə, Amerika üçün nisbətən balaca şəhər olan Vaşinqtonda 10-dan çox iri analitik mərkəzin yerləşməsi təsadüfi deyil. Bu qurumlar konfranslar, seminarlar vasitəsi ilə Ağ Ev, Konqres, Dövlət Departamenti və s. müvafiq qurumlara mesajlar yollayır. Bildiyiniz kimi, ABŞ-ın xarici siyasəti daim hərəkətdə olan bir orqanizmidir. Çox vaxt elə olur ki, analitik mərkəzdə işləyən ekspert hökumətdə işə dəvət olunur və ya əksinə sabiq dövlət məmuru analitik mərkəzdə professional fəaliyyətini davam etdirir. Ona görə də yerli nüfuzlu analitik mərkəzlərin mesajları diqqətdən yayınmır. May ayının 14-də Karneqi Fondunda keçiriləcək tədbir sırf Amerika ekspertlərinin təşəbbüsü ilə təşkil olunur və onlar Ağ Evə, Konqresə Azərbaycanın əhəmiyyəti ilə bağlı fikirlərini çatdırmaq istəyirlər. Bu, ABŞ-da Azərbaycana olan münasibətin obyektiv reallığı əks etdirdiyini göstərir. Biz də konfransın işinə qatılaraq öz töhfəmizi verəcəyik.