Dünyada bu gün - VİDEO
29 noyabr 2020 09:05 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

GÜLLÜ MUSTAFAYEVA

(1919-1994)

 

Azərbaycanın xalq rəssamı Güllü Hacı Naim Mustafa qızı Mustafayeva 29 noyabr 1919-cu ildə Türkmənistanın Türkmənabad şəhərində dünyaya göz açıb. 1927-ci ildə ailəsi ilə birlikdə Bakıya gəlib, 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. “Leyli və Məcnun məktəbdə”, “Paris. Rəssamlar meydanı”, “Bizim uşaqlar” silsilə əsərlərinin müəllifidir. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini yaradıb. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır. Güllü Mustafayeva 1994-cü il mayın 18-də Bakıda vəfat edib.

 

 

TAHİR SALAHOV

(1928)

 

SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, professor Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti olub. 1996-2000-ci illərdə Rusiyada elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Prezidenti yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərib. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. 2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı öz rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.

 

 

JAK ŞİRAK

(1932-2019)

 

Fransanın görkəmli siyasi və dövlət xadimi Jak Rene Şirak 1932-ci ilin bu günü dünyaya Parisdə göz açıb. Fransanın ən nüfuzlu təhsil müəssisələrində - Siyasi Tədqiqatlar İnstitutu və Milli İdarəetmə Məktəbində təhsil alıb. Fransa ordusunda xidmət edərkən 1956-1957-ci illərdə Əlcəzair müharibəsində iştirak edib və yaralanıb. 1962-ci ildə ailəsinin gəldiyi Sent-Fereolda bələdiyyə məclis üzvü seçilib. 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə Fransa prezidenti olub. Onun rəhbərliyi ilə Fransada prezidentlik müddəti 7 ildən 5 ilə endirilib. 7 illik müddətlə son prezident və 5 illik müddətə seçilən ilk prezident olub. Jak Şirak 26 sentyabr 2019-cu ildə Parisdə dünyasını dəyişib.

 

 

MİRZƏ XƏZƏR

(1947-2020)

 

Mirzə Xəzər kimi tanınan Azərbaycan jurnalisti, publisist və nasir Mirzə Kərim oğlu Mikayılov 29 noyabr 1947-ci ildə Göyçayda anadan olub. Milliyyətcə dağ yəhudisidir. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində, Nyu York şəhərindəki Hünter kollecində, Böyük Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, Vaşinqtonda menecerlər üçün ixtisasartırma, Boston Universitetində menecerlik, İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında təhsil alıb. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri və "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifələrində işləyib, Bakıda "Mirzə Xəzərin Səsi" adlı qəzet təsis edib. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək, sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdırıb. Bir çox əsərlərin müəllifidir. Bibliyanı və "Əli və Nino" romanını Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzər 2020-ci il yanvarın 31-də Münhendə vəfat edib.

 

 

NƏCƏFQULU NƏCƏFOV

(1881-1937)

 

Azərbaycanın dövlət xadimi, maliyyəçi və diplomat Nəcəfqulu Məmmədhüseyn oğlu Nəcəfovun anım günüdür. O, 1881-ci ilin may ayında Naxçıvan şəhərində doğulub. Naxçıvan şəhər məktəbində və Tiflisdə mühasibat kurslarında təhsil alıb. Culfa gömrükxanasında mühasib, Nobel qardaşlarının İsfahan şəhərindəki şirkətində kontor müdiri və anbardar, Naxçıvandakı "Hümmət" təşkilatının katibi və başqa məsul vəzifələrdə çalışıb. 1918-1920-ci illərdə Naxçıvan Yerlilər Cəmiyyətinin sədri kimi Naxçıvan diyarının daşnak hücumlarından müdafiə olunmasında misilsiz xidmətlər göstərib. 1922-1923-cü illərdə RSFSR-in Türkiyədəki səfirliyində tərcüməçi-diplomat kimi fəaliyyət göstərib. 12 oktyabr 1937-ci ildə repressiya olunan Nəcəfqulu Nəcəfov noyabrın 29-da güllələnib. Azərbaycan SSR Ali Məhkəməsi 18 avqust 1956-cı ildə ona bəraət verib.

 

 

FATMA CABBAROVA

(1920-2010)

 

Azərbaycanın xalq artisti, diktor Fatma Ağacabar qızı Cabbarovanın xatirə günüdür. O, 7 noyabr 1920-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1941-1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. Azərbaycan radiosunun diktoru, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olub. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirib və radio kompozisiyalarında çıxış edib. Fatma Cabbarova 29 noyabr 2010-cu ildə Bakıda vəfat edib.

# 1798
avatar

Oxşar yazılar