Dünyada bu gün - VİDEO
24 noyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

ALEKSANDR SUVOROV

(1729-1800)

 

Məşhur rus sərkərdəsi, generalissimus Aleksandr Vasilyeviç Suvorov 24 noyabr 1729-cu ildə Moskvada senator-general ailəsində anadan olub. Rusca ilk hərbi lüğətin müəllifi olan atası fiziki cəhətdən zəif olduğu üçün onu mülki işdə görmək istəyib, lakin evdəki zəngin kitabxana Aleksandrı hərb elminə yönəldib. 1748-ci ildə hərbi xidmətə yollanıb və getdikcə karyera pillələrində yüksəlib. Qoşun komandiri, baş komandan, diviziya komandiri olub, Baş Qərargah rəisi vəzifəsini icra edib. Apardığı uğurlu döyüşlərə görə 2-ci və 3-cü dərəcəli “Müqəddəs Georgi”, “Müqəddəs Aleksandr Nevski” ordenləri ilə təltif olunub. "Qalib gəlmək elmi" əsərinin müəllifidir. Aleksandr Suvorov 1800-cü il mayın 18-də Sankt-Peterburqda vəfat edib.

 

 

DEYL KARNEGİ

(1888-1955)

 

Amerika pedaqoqu, yazıçı Deyl Karnegi 1888-ci il noyabrın 24-də ABŞ-ın Missuri ştatının Merivill şəhərində anadan olub. Dövlət Müəllimlər Kollecində və Amerika Dram Akademiyasında təhsil alıb. Qərbi Nebraska və Şərqi Vayominqin qumlu təpələri arasına səpələnmiş rançoların sahibləri üçün qiyabi təhsil kursları təşkil edib. Müxtəlif şirkətlərdə işləyib, ticarətlə məşğul olub. Biznesmenlər üçün natiqlik kursları təşkil etməyə imkan yaratması üçün Nyu-Yorkdakı Xristian Gənclər Assosiasiyasına müraciət edib və kursa maraq artdıqdan sonra məşhurlaşıb. Ünsiyyət nəzəriyyəsinin və münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısıdır, bu sahədə tədqiqatlarının nəticələrini təcrübədə tətbiq edib. Nyu-York, Filadelfiya, Baltimor, Paris və Londonda pedaqoji fəaliyyətlə məşğul olub. "Natiqlik sənəti və biznesdə insanlara təsiri", "Dostu necə qazanmalı və insanlara necə təsir etməli" və başqa kitabların müəllifidir. Deyl Karnegi 1 noyabr 1955-ci ildə Nyu-Yorkda vəfat edib.

 

 

ƏLİ NAZİM

(1906-1937)

 

Əli Nazim kimi tanınan tənqidçi və ədəbiyyatşünas Əliəkbər Mahmud oğlu Mahmudzadə 1906-cı ilin bu günü Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Burada ilk təhsilini “Mədrəseyi-Nicat”da farsca alıb. 1916-1922-ci illərdə Batumidə yaşadığı dövrdə rus dilini öyrənib, yeni əlifba komitəsində çalışıb. Ədəbi yaradıcılığa “İştirak” qəzetində dərc etdirdiyi şeir və məqalələrlə başlayıb. Taleyini Bakı ilə bağladıqdan sonra “Yeni yol”, “Kommunist” qəzeti səhifələrində tez-tez çıxış edib. 1925-ci ildə burada pedaqoji texnikumu bitirib və Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Tələbə ikən 1927-ci ildə Türkiyəyə elmi ezamiyyətə göndərilib. Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi olub. Bakıya köçəndən sonra Azərbaycan Elmi-Tədqiqat İnstitutunda Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxəbatı tərtib edib, Hənəfi Zeynallı ilə birlikdə dərslik hazırlayıb. Ədəbiyyat nəzəriyyəsi, poetika, ədəbiyyat tarixi və digər kurslarda mühazirələr oxuyub. Eyni zamanda “Ədəbiyyat ensiklopediyası”nın redaktoru olub. 17 mart 1937-ci ildə "xalq düşməni" kimi həbs edilib və 10 il müddə­tin­ə azad­­l­ıq­­­dan məhrum olunub. Əli Nazim 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib və 1957-ci ildə bəraət alıb.

 

 

VƏCİHƏ SƏMƏDOVA

(1924-1965)

 

Azərbaycanın ilk peşəkar qadın rəngkarı, əməkdar incəsənət xadimi, rəssam Vəcihə Əli qızı Səmədova 24 noyabr 1924-cü ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində təhsil alıb. Rəssamlıq texnikumunda pedaqoji fəaliyyət göstərib. "Mahnı", "İntizarda", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" və başqa əsərlərin müəllifidir. Fərdi sərgiləri dəfələrlə Bakı, Moskva və Sofiyada uğurla nümayiş etdirilib. Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Lətif Feyzullayevlə evli olan Vəcihə Səmədova 24 oktyabr 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu adını daşıyır. Yaradıcılığına həsr olunmuş "Azərbaycan rəngkarlığının kraliçası" sənədli filmi çəkilib.

 

 

ÇİNGİZ QURBANOV

(1994-2016)

 

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman ermənilərin pusqusuna düşüb və şəhid olub. Onun nəşi üç həftədən çox erməni tərəfində qalıb, 2017-ci il fevralın 5-də geri alınıb və Qusar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Çingiz Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

İSMAYIL MƏMMƏDOV

(1918-2006)

 

Azərbaycanın əməkdar elm xadimi, cərrah İsmayıl Məhəmməd oğlu Məmmədovun xatirə günüdür. O, 27 dekabr 1918-ci ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. Naxçıvan Tibb Texnikumunda və Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin ilk günlərindən Litva sərhədindəki hərbi hissədə xidmətdə olub. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq edib və xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni, müxtəlif medallarla təltif olunub. Müharibədən sonra Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri, Naxçıvan rayon Səhiyyə Şöbəsinin təlimatçısı, Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra müdiri, məsləhətçi, professor, prorektor, Azərbaycan Səhiyyə Nazirliyinin 4-cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 60-a qədər elmi əsərin və 3 monoqrafiyanın müəllifidir. İsmayıl Məmmədov 2006-cı il noyabrın 24-də Sankt-Peterburq şəhərində vəfat edib və doğulduğu Nehrəm kəndində dəfn olunub.

 

 

SƏYAVUŞ ŞƏFİYEV

(1937-2001)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor Səyavuş Məmməd oğlu Şəfiyevin anım günüdür. O, 1937-ci il sentyabrın 1-də Füzuli rayonunda dünyaya göz açıb. Məktəb illərindən idmanda uğurlar əldə edib, boks üzrə müxtəlif yarışların qalibi olub. Moskvada Ümumittifaq Sirk Məktəbində təhsil alıb. Sirk rejissoru kimi özünü sınayıb, Bakıda sirkdə bədii rəhbər, Moskvada “Səhnədə sirk” Birliyinin quruluşçu rejissoru kimi çalışıb. Daha sonra kino rejissorlarının diqqətini cəlb edib. İlk dəfə "Əhməd haradadır?" filminə çəkilib. “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “Qəribə adam” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub. Səyavuş Şəfiyev 2001-ci il noyabrın 24-də Moskvada vəfat edib.

 

 

FREDDİ MERKURİ

(1946-1991)

 

Böyük Britaniyanın əfsanəvi müğənnisi, bəstəkar və prodüser, “Queen” qrupunun solisti Freddi Merkuri də bu gün xatırlanır. O, 5 sentyabr 1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Əsl adı Fərrux Bulsara, milliyyəti zərdüştilik dininə sitayiş edən iki xalqdan biri olan parsi olub. Hindistanda böyüyüb, yeniyetmə dövründə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçüb. Qərbi Londondakı Ayzeluort Politexnik Kollecində qeydiyyatdan keçərək, incəsənəti öyrənməyə başlayıb. Daha sonra İlinq Sənət Kollecinin sənət və qrafik dizayn üzrə diplomunu alıb. 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətləri ifaçısı Rocer Teylor ilə birlikdə “Queen” qrupunu yaradıb. Müxtəlif janrlarda mahnılar bəstələyib. Qrupun “Greatest Hits” albomuna daxil olan 17 mahnıdan 10-nun müəllifidir. Freddi Merkuri 1991-ci ilin noyabrında QİÇS nəticəsində yaranmış sətəlcəmdən dünyasını dəyişib.

# 1282
avatar

Oxşar yazılar