Bu gün Baş Prokuror Kamran Əliyevin 55 illik yubileyidir.
Lent.az onu yubiley münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı və yorulmaz fəaliyyətində uğurlar arzu edir.
Qeyd edək ki, Kamran Əliyev 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunub. 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alaraq, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra köçürülmə qaydasında Azərbaycanın Baş Prokurorluq orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Prezidentin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Baş Prokurorluq Kollegiyasının sədri, Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir.
Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
Bu il mayın 1-dən Baş prokuror vəzifəsində çalışır.