Aerodinamik kapsullar vasitəsilə sərnişinlərin vakuum tuneldə saatda 1000 km sürətlə daşınması ideyasını ilk dəfə Elon Musk 2013-cü ildə təqdim etmişdi.
Lent.az xəbər verir ki, həmin vaxtdan indiyənə kimi Hyperloop texnologiyası üzrə bir sıra şirkətlər yaradılıb. Onlardan biri olan Virgin Hyperloop şirkəti isə bu nəqliyyat növünün real sərnişinlərin iştirakı ilə keçirilmiş test nəticələrini təqdim edib.
Keçirilmiş test uzunluğu 500 metr və diametri 3.3 metr olan DevLoop adlı təcrübi tuneldə reallaşdırılıb. Bu təcrübi tunel Las Veqas yaxınlığında yerləşir.
Şirkət rəhbərliyinin sözlərinə əsasən, sözügedən testin uğurla yekunlaşması bu nəqliyyat növünün perspektivli olduğundan xəbər verir. Pegasus adlı sərnişin kapsulu 2.5 ton ağırlığında olan və 23 nəfər sərnişini daşıya bilən daha böyük kapsulun kiçik versiyasıdır.
Skeptik insanların fikirlərinə görə, bu texnologiyanın perspektivləri şübhəlidir. Belə ki, bu cür nəqliyyat növünün inşası və xidməti külli miqdarda vəsait tələb edir. Bununla yanaşı, Hyperloop nəqliyyat növü marşrut istiqamətləri üzrə məhdudlaşdırılıb. Hyperloop nəqliyyat növünün kommersiya məqsədli istifadəsinə nə zaman start veriləcəyi barəsində məlumat verilməyib. / "technote"