63
18:58
11 Noyabr 2020

Ağsaqqallar Şurasından İlham Əliyevə təşəkkür məktubu

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Lent.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının 21500 nəfər üzvü adından Şuranın sədri Eldar Quliyevin göndərdiyi məktubda deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində əldə olunan möhtəşəm zəfər münasibətilə ölkəmizin çoxsaylı ağsaqqalları adından Sizi - bu qələbənin memarını ürəkdən təbrik edirik. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan bu qələbəyə doğru çətin və uzun bir yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda Vətən Müharibəsinə hazırladınız, Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün misli olmayan səylər göstərdiniz. İştirakçısı olduğunuz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İran, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız, eyni zamanda Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız.

Hərbi əməliyyatlar gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz müjdə dolu qələbə xəbərlərini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyir, bu xəbərləri böyük sevinc hissi ilə dinləyirdilər. Sizin bilavasitə rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etməklə torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin tarixi ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızın illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalanmasına, anaların göz yaşlarının sevinc yaşları ilə əvəzlənməsinə nail oldunuz.

Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə haqlı qürur duyur. Əminik ki, yüz illərlə bundan sonra gələn nəsillər də İlham Heydər oğlunun qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyası haqqında oxuyaraq Sizinlə fəxr edəcəklər.

Əldə olunan Böyük Qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımıza yaşatdığınız bu sevincli günlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Dİgər xəbərlər