197
00:25
09 Noyabr 2020

Yolumuza işıq saçan... – Bayraq öyküsü

“Ey mavi göylərin ay-ulduzlu bəzəyi!,

Bacılarımızın gəlinliyi,

şəhidlərimizin son örtüyü,

işıq-işıq, dalğa-dalğa bayrağım!

Sənin dastanını oxudum,

sənin dastanını yazacam...”

(Arif Nihat Asya)

Ey cümhuriyyətdən yola çıxan, Fətəli Xan Xoyski ilə millətimizi salamlayan, Ulu öndər Heydər Əliyevlə dünyada tanınan, Ali Baş Komandan, sərkərdə Heydər oğlu İlhamla Qarabağda dalğalanan üç rəngli, ay ulduzlu qəhrəmanlıq dastanı - Azərbaycan Bayrağı! Bayramın mübarək!

Bəşər tarixinin ən qədim və ən fəzilətli hisslərindən biri şübhəsiz vətən, millət və bayraq sevgisidir. Tarix boyu vətənimiz xalqımızın canından belə əziz bildiyi yeganə müqəddəs sərvəti olmuşdur. Millətimiz yaşadığı müxtəlif coğrafiyaları milli kimlik, mədəniyyət və sivilizasiya dəyərləri ilə, yeddidən yetmişə insanları arasında qurduğu sevgi və ruhla birliyi ilə vətənləşdirmişdir. Vətən və millət sevgisi xalqımız üçün sarsılmaz bir inama çevrilmişdi. Bu baxımdan milli kimliyimiz və mədəniyyətimizin ayrılmaz bir hissəsi olan bayrağımız həmrəyliyimizin və müstəqilliyimizin ən mənalı və vacib elementi olmuşdur. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Bu bir həqiqətdir ki, türk övladı Vətənini, millətini, bayrağını sevir və sevəcək...

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılmışdı. 1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Məhəmməd Əmin Rəsulzadənin qurduğu Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərarda yazılmışdı: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. "

ABŞ veksilloloqu Uitni Smitə görə, bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır.

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.

Rus imperiyası 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin sessiyaya sədrlik edən Heydər Əliyev deyirdi: “... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda, Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin...”
Qeyd olunur ki, bu qərarın qəbulundan sonra üçrəngli bayraq zala gətirildi, beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üçrəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çeviridi.
5 fevral 1991-ci ildə isə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 1995- ci il 12 noyabrda qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Artıq bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində çoxdan ucalmağa başlamışdı, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq, milli birliyi təcəssüm etdirirdi.

Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünürdü. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəs idi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsi idi.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı zamanı dövlətimizin başçısı həmin mərasimdəki tarixi nitqində deyirdi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır! O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!". Bu kəlamlar Ulu Öndərin ideyalarına sadiqliyin ifadəsi idi.

Ulu öndər 30 il əvvəl belə demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik...” Ulu öndərin söylədiyi bu fikir ötən müddət ərzində hamımızı həmişə düşündürdü. Düşündük ki, bu çağırış nə vaxtsa xalqımızı ayağa qaldıracaqmı?! Doğrudur, zaman- zaman ümidsizliyə qapılsaq da hər birimizin inandığı bir şey var idi. Ulu öndər oğluna inanırdı. “Mən ona özüm kimi inanıram” deyirdi. Bu söz xalqımızın Qarabağla bağlı ümidlərini canlı tuturdu, hər birimizin qəlbində təskinlik, sakitlik yaradırdı.

Ulu öndər ! Ruhun şad olsun, bu gün oğlun komandanlıq etdiyi şanlı ordumuzla - igidlərimizlə dünyanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə adlarını yazırlar. Bu gün sevdiyin, dəyər verdiyin müqəddəs bayrağımız, uğrunda minlərlə şəhid verən Vətənimizin qürur mənbəyinə çevrilib. Artıq rahat uyu məkanında, nigaran qalma Şuşadan, Qubadlıdan, Laçından , Zəngilandan, Cəbrayıldan, Füzulidən, Ağdamdan, Kəlbəcərdən, nigaran qalma qara bəxtli Xocalıdan... Üç rəngli, ay-ulduzlu bayrağımız Qarabağda dalğalanır. Biz məhv olmadıq... Biz bütün dünyaya sübut etdik gücümüzü , birliyimizi. Bu gün şəhidlər verir xalqımız torpaq uğrunda. Hər gün qara buludlar şəfəqimizi qaralatsa da, yolumuza işıq salan hilalımız var bizim. Göy qübbəsini titrədən azanımız, dalğalandıqca qəlbimizi titrədən bayrağımız var bizim!

Torpağım üstünə kölgələr salan

Bu bayraq üstündə şəhid qanı var

Üç rəngli bayrağım durma, dalğalan

Biz tarixə yazdıq gör necə dastan!
(Ş.M.Quluzadə)



Şəlalə Quluzadə,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi, kiçik ədliyyə müşaviri

Dİgər xəbərlər