95
20:15
04 Noyabr 2020

Erməni məkri, Topçubaşovun yalanı, “Qarabağ” deyən ziyalımızın acı sonu... – Şəhid ziyalı

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

1960-cı ildə erməni millətçi partiyası Qarabağ və Naxçıvan ərazilərinə iddia irəli sürüb. Çox çəkmədən iddia faktlarla, dəlillərlə yerindəcə susdurulub. Düzdür, onlar geri çəkilib, fəaliyyətlərini münasib zaman yetişincəyə qədər gizlin yolla, altdan-altdan davam etdiriblər, amma anlayıblar ki, Azərbaycanda milli düşüncəli, millətini sevən sonuncu adam məhv olmayıncaya qədər istəklərini həyata keçirə bilməyəcəklər...

Həmin prosesdə əsaslandırılmış tarixi faktlarla Mikoyanın qarşısına çıxan, zəka döyüşü aparan azərbaycanlı Lent.az -ın “Şəhid ziyalı” layihəsinin qəhrəmanıdır. 1950-60-cı illərdə Azərbaycanın siyasi və dövlət xadimi, millətin taleyini vəzifədən çox yüksəkdə tutan Nazım Hacıyev. 38 yaşında müəmmalı surətdə dünyasını dəyişən dəyərli ziyalı.

Nazim Hacıyev 1924-cü il iyunun 3-də Nuxanın Sarıpapaq məhəlləsində dünyaya gəlib. Dədə-babadan şəkili deyildi, əsilləri ora İrəvandan köçmüşdülər. İrəvan xanlığının nəslindəndir. Ana tərəfdən ulu babası Ağahüseyn xan İrəvanski –İsmayılov general-qubernator idi. Babası Kərim bəy İsmayılov isə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıda ilk qızlar məktəbini yaradanlardan biridir.

Yeniyetmə yaşlarında Nazim ailəsinə maddi kömək üçün “Nuxa” qəzetində müxbir kimi əmək fəaliyyətinə başlayır. Kiçik məqalələr yazsa da 30-cu illərdə Hacıyev imzasını bütün Şəki tanıyırdı. Orta məktəbi bitirəndən sonra Nuxada peşə məktəbinə daxil olur. Sonradan təhsilini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində davam etdirsə də, müharibənin başlanması onu yarımçıq qoyur.

1941-ci ilin qışında Nuxaya qayıdan Nazim yenidən həm qəzetdə işləyir, həm də məktəbdə dərs deyirdi. Baş Küngüt kəndinin məktəbində dərs hissə müdiri, maarif şöbəsində metodist, “Nuxa fəhləsi” qəzetində məsul katib işləyir.

Ordu sıralarına çağırılanda hərbi komissarlığın diqqətini Nazimin belə gənc yaşına xas olmayan intellekti, xarici dil bacarığı cəlb edir. Ona kəşfiyyat məktəbində təhsil alması üçün müsbət rəy verilir. Təhsilini başa vurur, kəşfiyyatçı kimi Rusiyada hazırlıq keçəndən sonra müharibənin sonlarında - 1944-cü ildə NKVD sıralarında işə başlayır.

1947-ci ildə isə gözlənilmədən onu NKVD komsomolunun katibi təyin edirlər. Təbii ki, o vaxt bunun niyə olduğunu heç kim bilə bilməzdi. Nazim Hacıyevin öz qeydlərindən bəlli olur ki, mülayim xarakteri, səmimiyyəti NKVD sıralarında ona mane olub. Müharibə gedən ölkədə agentin səhvi isə ölkəyə baha başa gələ bilər. Ona görə də o vaxtkı Xalq Daxili İşlər Komissarı Teymur Yaqubovun köməkliyi ilə Nazim Hacıyev NKVD komsomolunun katibi təyin edilir, yəni istiqamətini dəyişir. Sonra Bakı şəhər Komsomol Komitəsinin katibi seçilir.

1950-ci ildə Azərbaycan KP Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilən Nazim Hacıyev sonradan Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilir.

Nazim Hacıyev 1951-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında LKGİ MK-nın katibi, 1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilir. Bu ardıcıllıqla savadı, qabiliyyəti onu yüksələn xətlə aparır.

Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin büro üzvü, Azərbaycan KP MK Elm və məktəb komitəsinin müdiri və nəhayət, Azərbaycan KPMK-nin katibi.

Səlahiyyəti olduğu müddətdə böyük cəsarətlə türkçülüq və azərbaycançılıq ideyalarını daxildə, həm də Sovet imperiyasının əsarətində olan bir ölkənin daxilində yaya bilib.

Milli zəmində düşünüb gördüyü işləri ona kimsə diktə etmirdi, genetika öz sözünün deyirdi. Milli düşüncəni boğmaq, tabe etdirmək olmur, yalnız onu daşıyan canı həyatdan məhrum etməklə qarşısını almaq olar. O da birində, ikisində, üçündə... bütöv millətdə yox. Bütöv millətin genetikası isə ayrı-ayrı fərdlərin genetik kodu ilə formalaşır. Nazim Hacıyevin genetikası Azərbaycan milli düşüncəsini formalaşdıran genlərdəndir. Dayısı Rəşid bəy İsmayılov Azərbaycan Cümhuriyyətinin Nazirlər Şurasında çalışıb.

Orta Asiyaya deportasiya olunmuş Ahıska türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüskarı, təşkilatçısı İmam Mustafayevlə Nazim Hacıyev olub. SSRİ-nin rəhbəri Xruşşovun tapşırığı ilə o, Özbəkistana göndərilmişdi ki, şərq psixologiyasını yaxşı bildiyindən vəziyyəti yerində araşdırsın. Araşdırıb və... Ahıska türklərini Azərbaycana yerləşdirməklə onların öz vətənlərinə mərhələlərlə qaytarılmasının mümkünlüyünü deyib.

Niyyət baş tutub, onları Saatlı və Sabirabadda yerləşdirirlər. Amma SSRİ rəhbərliyində oturmuş səlahiyyətlilərin bəziləri bunun əleyhinə idilər. Xüsusən Anastas Mikoyan. Nazim Hacıyevin simasında bir azərbaycanlının millətlərarası problemi həll etməsi, həm də burda türk faktorunun olması onu narahat edirdi.

Milli məsələlərdə fəal olan, öz sözü, prinsipləri, düşüncəsi və onları həyata keçirmək bacarığı, nüfuzu olan bütün azərbaycanlılar kimi, Nazim Hacıyev də erməni diasporunun qara siyahısına düşmüşdü.

Azərbaycan mədəniyyətində də böyük rolu var Nazim Hacıyevin. O dövrün bütün mədəniyyət tədbirlərinin altında onun imzası vardı. Ən yaxın dostları mədəniyyət və elm adamları - Niyazi, Fikrət Əmirov, Qara Qarayev, İmran Qasımov, Şəmsi Bədəlbəyli, Mirəli Qaşqay idi.

Nazim Hacıyev gənclər, beynəlxalq, mədəniyyət, təhsil, beynəlxalq siyasət, dövlət idarəçiliyi mövzularında 50-dən artıq kitab və məqalələrin müəllifidir.

Bakıda 1-ci SSRİ Gənclər festivalını Nazim Hacıyev təşkil etmişdi. Sonradan böyüdülüb Opera Teatrı olan balet studiyasının tikilməsi onun təşəbbüsü ilə həyata keçirilib.

Tofiq Əhmədovun rəhbərliyi ilə Estrada orkestrini də yaradan Nazim Hacıyevdir. Müəllimlər qurultayı, Aşıqlar qurultayı onun layihələridir.

Rəsmi tədbirlərdən birində o vaxt Nazim Hacıyev “Cənub azərbaycanıları” ifadəsini işlətmişdi, onların öz hüquqları və azadlıqları üçün mübarizə apardıqlarına, azərbaycanlı olduqlarına görə qətlə yetirilməsindən danışmışdı. Demişdi ki, əgər istilaya məruz qalmasaydılar, bu taleyi də yaşamazdılar.

Bir neçə gün sonra Nazim Hacıyevin çıxışı o tay Azərbaycanda əks-səda verib. Təbii ki, bu əks-səda SSRİ rəhbərliyində də səs salmışdı.

1960-cı ilin oktyabrında Amerikada “Mübarizə” adlı qəzet çıxır. Erməni millətçi partiyasının rəsmi orqanı idi bu qəzet. Qəzetin baş məqaləsində yazılır: “Biz erməni xalqının fiziki xilasının və Ermənistan dövlətçiliyinin bərpasının 40-cı ildönümü ərəfəsindəyik. Sovet İttifaqının üzvü olan respublikalar yubiley mərasimində alovlu salamlar ifadə edən nümayəndə heyətlərilə iştirak edəcəklər. Və onlar bizə xatirə hədiyyələr təqdim edəcəklər. Lakin bütün real və hiss edilən hədiyyələr içində ən əziz və səmimi hədiyyəni qardaş Azərbaycan təqdim edə bilər. Bu böyük hədiyyə Erməni Sovet dövlətinin 40 illiyilə əlaqədar erməni Naxçıvan və Qarabağının Ermənistana verilməsi olacaq”.

Bu məqalənin yer aldığı qəzet dekabrda artıq Azərbaycan SSR Mərkəzi komitəsində idi.

Onu da deyim ki, bu hadisədən bir neçə gün əvvəl Ermənistan Naxçıvanı “geri istəmək” təklifi ilə çıxış edəndə Azərbaycan Dövlət Universitetinin baş müəllimi Abbas Zamanov bu həyasızlığa qarşı faktlarla və dəlillərlə ciddi bir çıxış etmişdi.

SSRİ-nin tarixində millətlərarası münasibətlərdə hələ bu cür açıq söz-söhbət olmamışdı. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi ermənilərin bu həyasızlığına SSRİ hakimiyyətinin reaksiyasını anlaya bilmirdi. Belə bir vaxtda Azərbaycan hakimiyyəti qətiyyətli və son addım atmalı idi. Bu məsələ ya birdəfəlik həll olunmalıdır, ya da erməni məkrliləri pusquya yatıb, münasib vaxt olan kimi yenidən eyni təkliflə qalxacaq, nəsillər bu problemin altında qalıb çözüm tapa bilməyəcək.

Azərbaycanın birinci katibi Vəli Axundov məsələnin həllini Nazim Hacıyevə tapşırır - milli məsələdə onunla fikirləri üst-üstə düşürdü. Nazim Hacıyevin tarixçi alim və mütəxəssislərdən, dövlət rəsmilərindən ibarət yaratdığı komissiya işə başlayır. Tarix İnstitutunun rəhbəri olmuş alim Əlövsət Quliyev də işə cəlb edilir. Birlikdə tərtib edilən yekun sənəd Mərkəzi Komitəyə göndərilir. SSRİ rəhbərliyi bu sənəd əsasında qərar verir ki, mövcud sərhədlərin dəyişdirilməsi SSRİ-nin dağılmasına gətirib çıxara bilər, bu hal yolverilməzdir.

Bu qərarın verilməsində Nazim Hacıyevin rolu danılmaz idi. O, Moskvada təbliğat-təşviqat üzrə rəhbər İliçov və mədəniyyət naziri Kurtsova ilə görüşlərində onları öz həqiqətimizə inandırmağa nail olmuşdu.

Moskvada keçirilən yığıncaqda Mikoyan Nazim Hacıyevin nüfuzunun və dəlillərinin oynadığı rolu görüb, qeyzlənir. Ona görə də Hacıyevi “millətçilikdə”, xalqlararası nifaq salmaqda günahlandırmağa başlayır. “Səni kim daşıdığın vəzifəyə tövsiyə edib?” - deyə Nazim Hacıyevi ittiham edən Mikoyanın cavabını Mərkəzi Komitənin katibi Xruşşov verib. “Onun təyinatı şəxsən mənim məsləhətimdir” - deyə Xruşşov Mikoyanı erməni burjua-millətçi partiyasının maraqlarına xidmət etməkdə və Lenin ideyalarına zidd davranmaqda ittiham edib.

Bu faktları o dövrdə Azərbaycan Nazirlər Sovetində məsul vəzifə daşıyan Cavid Mehdiyev sonralar xatirələrində yazıb. Onun yazdıqlarına görə, Xruşşov ermənilərin iddialarını əks etdirən qondarma sənədi hamının qarşısında elə ordaca cırıb tullayıb və deyib ki, bu məsələ bir daha müzakirə olunmayacaq.

Həmin iclasdan qayıdandan az müddət sonra Nazim Hacıyevin səhhətində problem yaranır. Hamı onun təkidlə Moskvaya müalicəyə getməsini təkid edir. Akademik Mustafa Topçubaşov onu müayinə edəndən sonra təhlükəli heç nə olmadığını və özü müalicə edəcəyini bəyan etsə də, Nazim Hacıyevi Moskvaya göndərirlər. Həm də Kreml xəstəxanasında professor Aram Abramyanın müalicəsinə. Aram onda bədxassəli şiş aşkarladığını və təcili əməliyyat olunmalı olduğunu deyəndə Nazimin ailəsi Mustafa Topçubaşovu köməyə çağırır.

Topçubaşov nəticələrlə tanış olub, həkimin düzgün qərar verdiyini deyir, nə yazıq ki...

Nazim Hacıyevi erməni professor əməliyyat edir. Əməliyyatdan sonra Abramyan hər şeyin yaxşı getdiyini deyir. Xəstəni yoxlayan professor Topçubaşıv isə onun yanından məyus çıxıb əməliyyatın düzgün aparılmadığından narazılıq edir. “Mən Hacıyevi yenidən əməliyyat edəcəm” - deyir. Xəstəxana dəhlizlərində Abramyanla erməni dilində danışan bir neçə nəfərin şübhəli davranışları Topçubaşovun diqqətini çəkmişdi.

Təəssüf ki, Topçubaşovun Nazim Hacıyevi yenidən əməliyyat etmək istəyi baş tutmur, həm də naməlum səbəbdən.

Getdikcə vəziyyəti ağırlaşan Nazim Hacıyevin təkrar Moskvaya müalicəyə göndərilməsi heç bir nəticə vermir və 1962-ci il iyulun 30-da dövlət xadimi gözlərini dünyaya əbədi yumur. Bütün milli düşüncəli, vətənpərvər, Azərbaycanı düşünən azərbaycanlıların taleyi kimi sonuclanan daha bir tale. Onu Filarmoniyada keçirilən vida mərasimindən sonra minlərlə insanın axını ilə Bakıda Fəxri Xiyabanda dəfn edirlər. Özü ilə birgə ölüm sirlərini də aparır. İllər sonra bütün bunları oğlu, tarixçi Aydın Hacıyev araşdırıb tapmasaydı, bu sirri biz də bilməyəcəkdik.

Sənədlərdən bəlli olub ki, Topçubaşov nəticələrlə tanış olub, heç bir şişin, metastazın olmadığını deyib. Onun nəşi 4 saylı klinik xəstəxananın morqunda araşdırılıb. Topçubaşov nəşi araşdırandan sonra da eyni fikri deyib: “Nazim Hacıyevə sui-qəsd edilib!” Amma sonradan sənədi imzalamağa məcbur olub...

40 mərasimindən sonra Nazim Hacıyevin xanımı Ziba Bədəlova SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Semiçastnıya zəng vurur. Ona Topçubaşovun gəldiyi qənaət və narahatlıqları barədə danışıb, işin araşdırılmasını xahiş edir. Hacıyevlə silahdaş olan Semiçastnıy özünün də şübhələndiyini və məzarı açdırıb araşdırma aparacağına vəd verib. Bir həftə sonra Semiçastnıy Ziba xanıma zəng vurub, “Onlar məndən daha güclüdür” - deyir...

Dİgər xəbərlər