33
16:23
03 Noyabr 2020

Hərbi ekspertdən vacib AÇIQLAMA: "Səbirli olun, ordu nə lazımdır, edir"

"1994-cü ilin əvvəllərindəki Horadiz əməliyyatlarından sonra, yəni son 24 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəklikləri, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib. Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı torpaqlarımızla nisbətini nəzərə almadan onları əsl qələbə kimi qeyd edə bildik. Çünki müharibədə əsas məsələ mənəvi psixoloji üstünlüyü əldə etməkdir”.

Bunu Lent.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatında ən vacib olan Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi:

“Bunu da Azərbaycan Ordusu qısa müddətdə bacardı və bu gün ordumuz işğal altındakı torpaqlarımızın böyük bir qismini işğalçılardan təmizləyib və uğurlarımız davam edir. 4 ilə yaxındır işğal edilən və düşmən tərəfindən 24 ildir möhkəmləndirilən ərazilərin azad edilməsinə başladığımız heç 40 gün deyil. Təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə bütün şəhərlərimizin, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının, Xankəndinin əsgərlərimiz tərəfindən azad edilməsini gözləyir. Azərbaycan Ordusunun dağlarda həyata keçirdiyi hücum əməliyyatları zamanı bəzi məqamlar mövcuddur. Birincisi, şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır. İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir”.

Ə.Verdiyevin sözlərinə görə, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir:

“Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək yeni şəhər və ya rayon ilə bağlı istək bildirmək qədər asan deyil. Həmçinin Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyanın 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər”.

Hərbi ekspert qeyd edib ki, düşmənin ağ fosfor kimi qadağan olunan sursatlarından istifadə etdiyi hər kəsə məlumdur:

“Onsuz da oksigen çatışmayan dağlıq ərazidə əleyhqazda hərəkət etməyin nə demək olduğunu yaşayanlar bilir. Eyni zamanda, oksigen azlığı texnikaların da mühərriklərinin fəaliyyətinə mənfi təsir edir. Onların gücü 2000 metrdə 30 faiz azala bilər. Dar yol, böyük maşınlar, sərt döngələr nəzərə alınmalıdır. Nəzərə almaq vacibdir ki, dağ ərazisi sabit fəaliyyət zonalarının azalması səbəbindən topoqrafik istinadla bağlı problemlərlə əlaqədar olaraq radiotexniki və RLS sistemlərinin istifadəsi üçün xüsusi çətinliklər də yaradır. Qayalıq ərazilər radio dalğaların böyük hissəsini mənimsəyir və səpələyir, yüksək səviyyəli atmosfer müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır. Dağ yamaclarının ultra qısa sistemlərinin işinə maneə (ekran) yaratması səbəbindən əlavə radiorele və təkrar ötürücü məntəqələrin quraşdırılması lazım olur. Ümumiyyətlə, hər hansı bölmənin və hərbi texnikanın yerləşdirilməsi müddəti normal şəraitdən 1.5-2 dəfə çox müddət tələb edir”.

Hərbi ekspert vurğulayıb ki, torpaqlarımız 4 ilə yaxın müddət ərzində işğal edilib və 24 il ərzində düşmən bu ərazilərimizdə kifayət qədər möhkəmlənib:

“Əsgərimiz qarşıya qoyulan vəzifələri uğurla icra edir. Bu gün arxa cəbhədə olan hər bir vətəndaşımız Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşməli və dəstəyimizi ifadə etməliyik. Prezident İlham Əliyev indiyədək xalqa verdiyi hər bir vədi yerinə yetirib, odur ki, dövlətimizin başçısının torpaqlarımızın azad olunacağına dair vədinə əməl edəcəyinə kimsənin şübhəsi olmamalıdır. Bizdən tələb olunan, sadəcə, səbirli və təmkinli olmaqdır”.

Dİgər xəbərlər