Cəbhə bölgəsindən video yaymayın: Düşmən görür
23 oktyabr 2020 13:22 (UTC +04:00)

Cəbhə bölgəsindən video yaymayın: Düşmən görür

Artıq neçənci dəfədir ki, sosial şəbəkələrdə döyüş zonasından və azad edilən ərazilərimizdən videomateriallar yayılır.  Bu cür videolar düşmənə döyüşçülərimizin koordinatlarını əldə etməyə kömək etməklə məhz hərbiçilərimizin həyatı üçün ciddi risklər yaradır, ümumi işə böyük ziyan vurur. Təcrübə sübut edir ki, sosial şəbəkələrdə və digər internet resurslarında hərbiçilərin döyüş bölgəsindən telefonlarla çəkilmiş videolarının yayılması yolverilməzdir. Ehtiyatda olan polkovnik Şair Ramaldanovun da mətbuata verdiyi açıqlamaya görə, bu videoları yayan vətəndaşlar əslində düşmən ordusuna kömək etmiş olur. Onun dediyinə görə, cəbhə zonasından aralı olan yerlərdə hərbi hissələrin ərazilərində smartfonların istifadəsi qəti qadağandır. 

“Bununla əlaqədar çox ciddi tələblər var idi. Çünki o smartfon tipli telefonlar hər cür texniki vasitələrlə izlənə bilir və o telefondan bütün məlumatlar götürülə bilir”.

Heç kimə sirr deyil ki, düşmən tərəfi sosial şəbəkələrin Azərbaycan seqmentini də diqqətlə izləyir, analiz edib, məlumatlar toplayır. Bundan başqa azad edilən hər bir kənddən və ya qəsəbədən göndərilən video Azərbaycan ordu hissələrinin harada olması barədə düşmənə informasiya ötürür. İndi cəbhəyə kömək etmək arzusunda olan hər bir kəsin orduya və Azərbaycana ən böyük köməyi bu tip video materialları sosial şəbəkədə yaymaması olardı. Bunun üçün nüfuzlu ictimaiyyət nümayəndələrini efirə dəvət etməklə, onların döyüşçülərə övladları kimi müraciətlərinin təşkili zəruridir. Bu müraciətlərdə onlar hərbiçilərlə fəxr etdiklərini, onların emosional həyacanları tam anladıqlarını, qələbə hisslərini bölüşdüklərini, lakin şəxsi təhlükəsizlik üçün ehtiyatın da əldən verilməməsi üçün onlara doğma insanlar kimi müraciət edərək hər birinin həyatının Azərbaycan xalqı üçün böyük önəm daşıdığını xüsusi vurğulamalıdırlar. Bu müraciətlərdə həm hərbiçilərə, həm sosial şəbəkə istifadəçilərinə, həm də media nümayəndələrinə bu cür videoları bir-birinə ötürməmək, yaymamaq, internetdə yerləşdirməmək, son nəticədə onların düşmənin əlinə keçməsinə imkan yaratmamaq barədə tövsiyələr edilməlidir. 

Heç kim unutmasın, dövlətimizin başçısı, Ali Baş Komandan nəyin, nə vaxt elan ediləcəyini yaxşı bilir. Hadisələri qabaqlamaq isə yolverilməzdir və arzuolunmaz fəsadlar doğurur.

# 718
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar