13:49
13 Oktyabr 2020

Gəncə terroru zamanı 3 uşaq hər iki valideynini itirib - HESABAT

Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan itkisi və dağıntılarla əlaqədar həyata keçirilən faktaraşdırıcı missiyaya dair hesabat yayıb.

Lent.az xəbər verir ki, hesabatda Gəncə şəhərini Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində 3 uşağın hər iki valideynini itirdiyi qeyd olunub: "Bununla da Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan itkiləri və dağıntılar Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir.

Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli və işğalçı Ermənistana qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlərin görülməsi üzrə səylər göstərməyə vadar etməlidir”.

Hesabatda qeyd edilib ki, Azərbaycanın dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu hərbi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olur:

“Buna görə də beynəlxalq təşkilatları və nüfuzlu dünya dövlətlərini ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə, Azərbaycanın işğal altında olan bütün ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağı tələb etməyə və təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər görməyə çağırırıq”.

Dİgər xəbərlər