15:01
10 Oktyabr 2020

İndi hər şeyi Azərbaycan diqtə edir: Prezident bu konflikti gələcək nəsillərə qoymayacaq

11 saatlıq gərgin Moskva danışıqları başa çatdı. Qarşıdan gələn iki gün Ermənistana iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.
Bir dəmir məntiq var: Hərb həmişə masada bitir, bu iş masasız olmur.

Gücümüzü, əzmimizi, oyun qurmaq və manevr bacarığımızı nümayiş etdirdik, iki həftəyə status-kvonu dəyişdirməyi, situasiyanı xeyrimizə çevirməyi bacardıq.
Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

İki ekspert rəyinə diqqət edək.

“Qarabağ müharibəsinin növbəti və ən aktiv fazası bu gün başlayıb. Bundan əvvəl yalnız ordumuz, əsgərlərimiz savaşırdısa, bu gün artıq biz də savaşa başlayırıq, birliyimizi göstərərək, xalq olaraq, bütün gücümüzlə. Xalqımızın ruh yüksəkliyinə qarşı hər hansı tezislə çıxış edənlər, bunu ya bilməyərəkdən edir, savadı imkan vermir. Ya da ki, reallığı dərk etmirlər”.

Bu sözləri öz açıqlamasında Milli Məclisin üzvü Kamal Cəfərov deyib.

K.Cəfərov bildirib ki, bu gün biz qələbəmizi beynəlxalq səviyyədə rəsmiləşdirməliyik, özü də birdəfəlik: “Birinci, 30 illik status-kvo dəyişdi. Artıq təmas xətti yoxdur, hər yer təmas xəttidir bizim üçün. İkincisi, Xarici İşlər nazirlərinin Moskva görüşündə yalnız humanitar məqsədlərlə bağlı razılaşma əldə edilib. Bəyanatın 2-ci bəndində qeyd edilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Atəşkəsin parametrlərini isə müharibədə üstün mövqeyə malik olan tərəf, Azərbaycan tərəfi diktə edəcək”.

Heç kimə sir deyil ki, bu sənəd Xarici İşlər naziri səviyyəsində yalnız bəyanat kimi qəbul edilib, daha ciddi sənədlər ölkə başçısı səviyyəsində imzalanır. Bundan əvvəl də atəşkəs barədə razılıq olub, ancaq riayət edilməyib.
Bundan əvvəl Ermənistan rəhbərliyi qeyd edirdi ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar da Dağlıq Qarabağa daxildir və müzakirələrə Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin rəhbərliyi də tərəf olmalıdır. Moskva görüşün nəticələri ilə bağlı qəbul olunan sənədin 4-cü bəndi isə Ermənistanın siyasi rəhbərliyinin məğlubiyyətinin bariz nümunəsidir. 4-cü bəndə qeyd edilir ki, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Formatı heç kim dəyişə bilməz. Bu birmənalı olaraq, Ermənistanın diplomatiyada məğlubiyyətidir.
Millət vəkili onu da qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi çox aydındır, güclü siyasi qətiyyəti var. Sitat: “Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafiki verməli və bu, ATƏT Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Çıxmasalar, ordumuzun gücünü, qətiyyətimizi bilirlər. İndiki mərhələdə isə təmas xətti yoxdur. Hər an hər şey baş verə bilər. Möhkəm olmalıyıq, bizim haqq mübarizəmiz tarixin doğru tərəfində, beynəlxalq hüquq çərçivəsindədir”.

Siyasi ekspert Aydın Quliyevin dediyinə görə, əksəriyyət hesab edirdi ki, ermənilərin işğal etdiyi torpaqlar qayıtmayacaq, əlini birdəfəlik üzənlər, tam ümidsizliyə qapılanlar kifayət qədər idi. “Amma Prezident İlham Əliyev ruhdan düşmüş hesab edilən bir toplumun güc və enerjisini qaytarmaq kontekstində də misilsiz tarix nümunəsi yaratdı. İkinci, ən azı son on ildə beynəlxalq diplomatik ritorikanın ən populyar, hətta az qala bezdirici ton almış sözləri olan "status-kvo" faktiki olaraq dəyişdi. İndi qətiyyətlə demək olar ki, status-kvo daha heç vaxt sentyabrın 27 -ə qədərki kimi olmayacaq, o, Azərbaycanın xeyrinə dəyişməkdə davam edəcək. Özlüyündə Dağlıq Qarabağın ətrafında işğal edilmiş hətta bircə kəndin belə azad edilməsi status-kvonun dəyişməyə başlaması deməkdir. Bu gün azı bir böyük rayon, çoxlu sayda kənd və qəsəbə azad olunubsa, bu artıq statys-kvonun dəyişməsinin dönməz xarakter alması deməkdir. Danışıqlar masasında bir daha "status-kvo dəyişməlidir" sözləri eşidilməyəcək. Razılaşaq ki, status-kvonun dəyişilə bilməsinə Ermənistandan başqa mane olan dövlətlər də var idi. Ancaq Ermənistanın və onun dostlarının müqavimətinin sındırıldığı da bir faktdır. Həm də İlham Əliyev üçün heç də asan başa gəlməyən faktdır. Onun bu on gündə kimlərin, haraların müqavimətini, təzyiqlərini qırdığını qiymətləndirmək gərəkdir”.

Bu günlərdə dünya bir həqiqətə də şahidlik etdi; 10 günlük müharibədə Azərbaycan qalibdi. Azərbaycan əsgəri dünyada misli görünməyən hərbi bacarıq göstərdi. Bu müharibə mütləq hərb tarixinə qızıl hərflərlə yazılacaq. Bir dostumuzun dediyi kimi, Qarabağın yüksək nöqtələrinə qədər ordumuz irəlilədi; daha ordan düşmək olmaz - Nə ruhən, nə də real. Azərbaycan bu birliyini, ruh yüksəkliyini qorumalıdır.
Azərbaycan o yüksəklikdə yaşamağa layiqdir.
Və nəhayət, indi o da aydın oldu ki, Azərbaycan Prezidenti bu konflikti gələcək nəsillərə qoymayacaq.

Dİgər xəbərlər