18:13
09 Oktyabr 2020

Azərbaycan bitdi deməsə, bitməz: Və ya tarixi dəyişən 12 gün

Ermənistanın Azərbaycana qarşı başlatdığı təxribatlara rəğmən status-kvo artıq dəyişib. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyəni “Haber Global” kanalında Qarabağdakı vəziyyət və son proseslərə dair müsahibəsində bildirib. Elə Ermənistanın baş naziri Nikol Paşinyan da artıq məğlub olduğunu etiraf edib. Onun Azərbaycanla güzəştlərə hazır olduğunu bildirməsi hansı rəzil duruma düşdüyünü əyani şəkildə göstərir.

Bu həmin Paşinyandır ki, bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyirdi. İndi isə az qala yalvararaq sülh danışıqlarına və güzəştlərə getməyə hazır olduğunu bəyan edir. Bunun başlıca səbəbi isə qəhrəman Azərbaycan əsgəri və Qətiyyətli Azərbaycan Prezidentidir. Erməni baş nazir işğal status-kvonu saxlamaq istəyirdi. Artıq bu gün həmin status-kvo mövcud deyil. Azərbaycan o status-kvonu dəyişib və işğalçı ordunu darmadağın edib. İndi şərtləri Azərbaycan diqtə edir. Danışıqlar masasına Azərbaycanın dəyişilməz şərtləri çıxarılır. Paşinyan çox gözəl anlayır; anti-terror əməliyyatları davam edəcəyi təqdirdə işğalçı tamamailə məhv ediləcək. Bu reallığı görən Paşinyan indidən ağ bayraq qaldırımaq məcburiyyətindədir. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya astanasındadır.

Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Paşinyanın Azərbaycan qarşısında diz çökməsi dövlət başçımızın qarşısında əyilib yalvarması və diz çökməsi deməkdir. Hər şeydən əvvəl əvvəl Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətinin, iradəsinin nəticəsidir.

Danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

İndi situasiya elədir ki, döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi.

Politoloq Nəzakət Məmmədovanın dediyinə görə, döyüşlərin ilk saatlarından Paşinyan və Ermənistan siyasi estəblişmentinin digər üzvlərinin, o cümlədən, prezident, müdafiə, xarici işlər nazirlərinin telefon diplomatiyası fiaskoya uğradı, üstəlik, erməni diasporasının gözlədiyi dəstək verilmədi. «Ermənistanın və diasporanın əsas məqsədlərindən biri Azərbaycan və Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması, qınayıcı qətnamələrin qəbul edilməsi idi. Lakin bu, baş tutmadı. Ermənistana yalnız Fransa və dünyadakı bəzi separatçı qüvvələr dəstək verdi, hansı ki, bu, Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. ABŞ indiyədək neytrallığını qoruyub-saxlayır, Rusiya isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı öhdəlikləri yalnız hərbi əməliyyatların Ermənistan ərazisinə keçiriləcəyi təqdirdə öz müttəfiqlik öhdəliyini yerinə yetirə biləcəyini bəyan edir. Avropa Parlamentində aparılan müzakirələr isə ermənilərin istədiyi kimi nəticələnməyib, çünki Cənubi Qafqaz Birliyin məsuliyyət zonasına daxil deyil, digər tərəfdən Avropa Komissiyası Rusiya, Fransa və Almaniyanın Şimal axını-2 layihəsinə qarşı Azərbaycana Cənub Qaz dəhlizinin həyata keçirilməsıində dəstək olmaqdadır. Avropa Azərbaycana qarşı hər hansı addım atmayacaq. Proseslərin Minsk missiyasına qaytarılmasına çalışılır. Həmsədrlərdən biri Rusiya bu fonda müvəqqəti atəşkəsə çağırır ki, bunun humanitar məqsəd daşıması qeyd olunur. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra müvəqqəti atəşkəs elan edilməsi, yoxsa hərbi əməliyyatların davam etməsi məlum olacaqdır”.

Politoloqun dediyinə görə, Azərbaycan prezidenti Minsk qrupunun faəliyyətini qeyri-qənaətbəxş kimi qiymətləndirib və həmin formatla əməkdaşlığın illərlə, bu cür mənasız şəkildə davam etməsində maraqlı deyil. Hər bir halda, Azərbaycan öz hərbi gücünü göstərməklə status-kvonu öz xeyrinə dəyişdi və bundan sonra ya Minsk qrupundan imtina ediləcək, ya da o, əvvəlki qaydada işləməkdən imtina etməli olacaqdır.

“Bu əməliyyatlar çox şeyi dəyişdi. Ermənistanda daxili siyasi mübarizədə Qarabağ klanı ilə Paşinyan arasında hakimiyyət mübarizəsi ən gərgin həddə çatdı. Artıq Paşinyanın sadiq adamlarından biri Milli Təhlükəsizlik Xidmətinin rəisi Karamyan istefaya göndərilib, ordu ilə siyasi hakimiyyət, eləcə də Ermənistan-Qarabağ separatçıları-diaspora arasında nifrət üçbucağı müşahidə olunur, tərəflər məğlubiyyəti bir-birinin üzərinə atmaqda davam edirlər. Rusiya və Ermənistan arasında böyük çat əmələ gəldi və Paşinyan güzəştə getməsə, bu, onun devrilməsi ilə nəticələnə bilər. Azərbaycan hərbi əməliyyatlar meydanında göstərdiyi əzmkarlığı diplomatik müstəviyə keçirib sonadək müqavimət göstərəcək. Və nəticədə stədiyinə nail olacaq. Minsk qrupuna konkret vaxt verib münaqişə həll olunmayacağı təqdirdə, hərbi əməliyyatlara davam edəcəyi tələbindən geri çəkilməsə, ən azından Qarabağın statusu məsələsini sonrakı mərhələyə saxlayıb, qeyd-şərtsiz 7 işğal olunmuş rayonun qaytarılmasına nail olacaq”.

Hə, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 12 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə ordu qursun. Bundan sonra həm hərbi, həm də diplomatik cəbhədə savaşımız acaq problemin rəsmiləşdirilməsinə yönələcək.

İndi cəmiyyəti bir məqam narahat edir: danşıqların başlanması anti-terror əməliyyatının dyanması deməkdirmi? Qətiyyətlə demək olar ki, yox. Ali Baş Komandan, qüdrətli Azərbaycan ordusu Ermənistanı təslim olmağa və öz şərtlərini diktə etmək üçün masaya oturmağa məcbur etdi. İndi münaqişə yalnız Azərbaycanın milli maraqları çərçivəsində həll olunacaq. Prezidentin elan etdiyi şərtlərlə erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasının qrafiki hazırlanacaq, bir sözlə, rəsmi Bakı yeni şərtləri diktə edəcək.

Necə deyərlər, biz bitdi deməsək, bitməyəcək!

Dİgər xəbərlər